Mədət Quliyev Efiopiya Federativ Demokratik Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyətini QƏBUL EDİB

28 iyul tarixində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev ölkəmizdə rəsmi səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Marta Luvigi Antenehin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Sənayesi Nazirliyindən KAİM.az-a verilən məlumata görə görüşdə Azərbaycan və Efiopiya arasında hərbi-texniki sahədə münasibətlərin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Nazir Mədət Quliyev qonağın diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə dövlət başçısının daima diqqət mərkəzində saxladığı Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi, güc strukturlarının maddi-texniki bazasının təkmilləşdirilməsi, onların müasir silah, hərbi texnika və digər müdafiə təyinatlı məhsullarla təmin edilməsi məqsədilə yaradılıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açan nazir, Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində dəyən zərərlər barədə qonağı məlumatlandırıb.
Səmimi qəbula görə təşəkkür edən xanım Marta Luvigi Anteneh Efiopiya və Azərbaycan arasında ikitərəfli hərbi əlaqələrin inkişaf edəcəyindən əminliyini bildirib.
Səfər çərçivəsində nazir müavini Marta Luvigi Antenehin başçılıq etdiyi nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinə baş çəkərək istehsal prossesi ilə tanış olub.