““PKK”-nın “Atəş Uşaqları” qrupu cəmi iki həftədə 14 yanğını boynuna götürmüşdü…”

“Bunun əsas səbəblərindən biri Ərdoğan hökümətinin terror qruplarına qarşı aktiv mübarizə aparmasıdır…”
“Ona da diqqət etmək gərəkdir ki, belə yangınlar əsasən Ədalət və İnkişaf Partiyasının hakimiyyəti zamanında baş verir. Bunun əsas səbəblərindən biri Ərdoğan hökümətinin terror qruplarına qarşı aktiv mübarizə aparmasıdır. Həmin mübarizə nəticəsində “PKK” terror təşkilatı xeyli zəiflədilib. Odur ki, bu terror təşkilatı fərqli usullara əl atmağa başlayıb”.
Bunu Kaim.az-a açıqlamasında Türkiyədəki son silsilə yanğınların törədilməsini təhlil edən İstanbul Universitetinin beynəlxalq münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı söyləyib.
“ “PKK”-nın son vaxtlar xarici güclərin də fitnəsi ilə əl atdığı qeyri-döyüş üsullarından biri də məhz meşə yanğınları törətməkdir. İlk vaxtlar bunu “PKK”-nın etdiyi barədə fikirlər qəbul olunmurdu. Ancaq sonra Türkiyə dövləti rəsmən bunu təsdiqlədi və həbs olunanlar “PKK” tərəfdarları çıxdı. Son günlər həbs olunanların da böyük ehtimalla “PKK” simpatizanları olduğu təsdiqlənəcək. Artıq faktdır ki, terror təşkilatı “PKK”-nın “Atəş Uşaqları Təşəbbüsü” qrupunun son illərdə baş verən yanğınların bir çoxunun məsuliyyətini öz üzərinə götürdüyü ortaya çıxıb. Məsələn, həmin təşkilatın 2019-cu ildə cəmi iki həftə ərzində məsuliyyətini öz üzərinə götürdüyü yanğınların siyahısı Türkiyə mediasında da işıqlandırılmışdı. Bu şərəfsiz yanğın terrorçuları cəmi iki həftə ərzində İzmir, Mersin, Ədirnə, Uşak, Muğla və s. bölgələrdə 14 meşə yanğını törətdiklərini etiraf etmişdi. 4 iyul 2021-ci il tarixli “Yüz ilin intiqamını alırıq” başlıqlı və s. açılamalarına görə isə ötən ay ərzində İstanbulda, İzmirdə restoranlar, anbarlar, tankerlər, gəmilər, avtomobillər də daxil olmaqla 13-14 yanğını boyunlarına götürüblər” –deyən şərhçi yanğınların törədilməsindəki əsas məqsədlər və bunun arxasında duran güclərdən də danışıb.
“PKK”-nın bu yanğınları törətməsində əsas məqsədlər, təbii ki, öncə əsasən turizm zonaları ətrafında baş verən yanğınlarla ölkəyə turist axınının qarşısını almaq və bununla ölkə iqtisadiyyatına ciddi zərbə vurmaqdır. Eyni zamanda Türkiyənin meşə zolaqlarını məhv etməklə kənd təsərrüfatı, heyvandarlıq və s. sahələrdə digər problemlər də yaratmağa çalışırlar.
Bəs bu yanğın terrorunun arxasında kimlər və ya hansı güclər ola bilər? Əldə ciddi əsas olmadan buna birmənalı cavab vermək çətindir. Ancaq düşünürəm ki, bunlar “PKK”-ya dəstək verən məlum dövlətlər və Türkiyədə terrorun bitməsini istəməyən güclər ola bilər…
Sözsüz ki, inşallah, Azərbaycan, Pakistan kimi qardaş, dost və qonşuların da dəstəyi ilə Türkiyə bu sınaqdan da üzüağ və daha güclənmiş şəkildə çıxacaq”- deyə İstanbul Universitetinin doktorantı vurğulayıb.
Sultan Laçın
Mənbə
KAİM.AZ