Top.Mail.Ru
GÜNDƏM

“Sərhəd müqaviləsi bağlamaq üçün Ermənistan konstitusiyasını da dəyişdirməlidir…”

“Ona görə ki, hər iki dövlət sənədində Azərbaycana qarşı ərazi iddiaları mövcuddur…”

 

Nikol Paşinyan yenidən Baş nazir seçilib təyin olunandan dərhal sonra Ermənistan parlamenti cinayət məcəlləsinə “siyasətçilərin təhqir edilməsinə görə həbs cəzası” nəzərdə tutan dəyişikliyi qəbul edib. Yəni bundan sonra sosial şəbəkədə, yaxud ictimai yerlərdə təhqirə yol verənlər 140 dollar cərimə ediləcək, təhqirlər davam edəcəksə, bir aydan üç aya qədər həbs cəzası alacaq. Bəzi şərhçilər hesab edir ki, bu yaxınlarda Azərbaycanla Ermənistan arasında yeni sərhəd müqaviləsi imzalanacağı istisna olunmur və Paşinyan həmin müqaviləyə imza atdıqdan sonra ölkə daxilində ona qarşı yeni etiraz və təhqir dalğasının önünü kəsmək üçün cinayət məcəlləsinə belə dəyişiklik etdirib. 

“Bunun bilavasitə sərhəd məsələsi ilə əlaqəsini görmürəm hələ ki… Amma öz hakimiyyətini gücləndirmək üçün Paşinyandan gözlənilən bir addım idi. Və  mediadakı məlumatlardan da hiss edirik ki, onsuz da 10 Noyabr razılaşmasından bəri Paşinyana qarşı böyük bir ittihamlar, təhqirlər dalğası var. Onu açıq-açığına “dövlətə, xalqa xəyanətdə” günahlandırırlar”.

 

Bu fikirləri Kaim.az-a açıqlamasında bəhs edilən mövzunu şərh edən sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov dilə gətirib.  

 

“Amma  əslində sərhədlərin müəyyənləşdirilməsi məsələsi Ermənistan üçün prinsipial bir mövzu olmalıdır.  Çünki rəsmi İrəvan Azərbaycanın haqlı şərtlərini qəbul edəcəyi və sərhəd, ardınca sülh müqaviləsi imzalayacağı halda Ermənistanın  konstitusiyasını da, müstəqillik haqqında bəyannaməsini də  dəyişdirməlidir. Ona görə ki, hər iki dövlət sənədində Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Yəni Ermənistanın bütövlükdə dövlətçilik konsepsiyası dəyişməlidir. Təsəvvür edin ki, 30 il ərzində bəslədikləri, həyata keçirməyə çalışdıqları “miatsum”, yəni Qarabağı rəsmən Ermənistana birləşdirmək  layihəsi  hərbi məğlubiyyətdən sonra artıq tam iflasa uğrayıb və bu, rəsmi ideoloji-siyasi fəsadlara da gətirib çıxarıb. Bəlkə həm də buna görə Rusiya bizdən xahiş edib ki, Ermənistana sərhədlərin müəyyənləşməsi məsələsində bir az vaxt verək. Ola bilsin, Putin İlham Əliyevin “kompromislərə getməsi”ndən danışanda məhz bunu nəzərdə tutur. Yəni məqsəd Paşinyan hakimiyyətinə erməni ictimaiyyətini deyilənlərin icrası üçün hazırlamasından ötrü vaxt qazandırmaqdan ibarətdir…

 

Hər halda əsas məsələ ondan ibarətdir ki, Azərbaycan sərhədlərin müəyyənləşməsi mövzusunda israrlıdır və bizim israrlı olduğumuzu vaxt verdiyimiz tərəf də qəbul edir. Gözləyək, bir az da səbir görək… Əminəm ki, bu məsələ bir az gec də olsa, müsbət həllini tapacaq” –deyə keçmiş baş diplomat ümidini ifadə edib.

 

Sultan Laçın

 

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button