Top.Mail.Ru

GÜNDƏM

İnterpolla aradığımız Araik Xocalıya gəldi… – Burada 400 mənzil tikdirir… – FOTOLAR

“Mənzillər Azərbaycan ordusunun  44 günlük müzəffər savaşı zamanı Xocavənd rayonunun Böyük Taglar kəndindən könüllü köçkün erməni ailələrinə veriləcək…”
 


Qarabağdakı  separatçı xunta qalıqlarının oyuncaq başçısı Araik Arutyunyan avqustun 14-də  Xocalıya gələrək buradakı mənzil tikintisi işləri ilə tanış olub. 
 
Kaim.az xəbər verir ki, bu haqda Xankəndindəki erməni nəşrləri məlumat yayıb.
Azərbaycan Respublikasının  hələlik Rusiya hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu erməni rejimi tör-töküntülərinin nəzarətində qalan Xocalı şəhəri ərazisində   400-dən çox  yeni mənzil tikilməsi planlaşdırır. 
 
Məlumatda  deyilir:
 
“Yaşayış məhəllələrindən birində “Hayastan” ümumerməni fondunun vəsaiti hesabına 8 tikinti təşkilatının iştirakı ilə 180 mənzilli 15 bina tikilir. Yaşayış sahəsinin 2022-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır”. 
 
Xəbərdən bəlli olur ki, məhəllədəki mənzillər Azərbaycan ordusunun  44 günlük müzəffər savaşı zamanı Xocavənd rayonunun Böyük Taglar kəndindən könüllü köçkün erməni ailələrinə veriləcək.
 
“Qanunsuz “şəhərsalma naziri” sayılan Aram Sarkisyan binaların 2, 3 və 4 otaqlı mənzillərə malik olacağını söyləyib. “Onun sözlərinə görə, artıq 11 binanın inşasına başlanılıb və yaxın günlər ərzində daha 4 binanın tikintisinə başlanacaq”. 
 
Məlumata görə, A.Arutyunyan yaxınlıqdakı sahədə  Xocavənd rayonunun Ağoğlan(keçm. Hadrut) qəsəbəsi yaxınlığındakı digər  məntəqələrdən köçmüş ermənilərə verilmək üçün eyni tipli daha 10 çoxmənzilli binanın da inşasına başlamağı tapşırıb. 
“Araik Arutyunyanın ziyarət etdiyi ikinci məhəllə də “Hayastan” fondu hesabına tikilir. 120 ailə üçün nəzərdə tutulmuş məhəllə tamamilə fərdi, həyət evlərindən ibarət olacaq. Tikinti 6 şirkət tərəfindən aparılır. İkinci məhəllənin də 2022-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır”.
 
Məlumatda deyilir ki, buradakı evlər 27 ildən çox qanunsuz məskunlaşdıqları   Ağdam rayonunun Şelli kəndindən  köçmüş ermənilərə veriləcək. 
 
“Hər iki yaşayış massivi lazım olan bütün infrastrukturla – uşaq bağçaları, oyun meydançaları, parklar, məktəb binası və s. ilə təchiz olunacaq” –erməni mənbələrinin yaydığı məlumatda belə deyilir.
 
Xatırladaq ki, Araik Arutyunyan 2020-ci ilin oktyabrından Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib.
 
Sultan Laçın
 

Loading...
Yazının davamı reklamdan sonra

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button