GÜNDƏM
“ABŞ və koalisiya dövlətlərinin Əfqanıstana yönəltdiyi trilyonlar, sadəcə, “yeyildi”…”

”Təki, heç olmasa, bundan sonra sülh olsun, insanlar, uşaqlar, qadınlar boş yerə həlak olmasın…”
2001-ci ilin müəmmalı 11 sentyabr terror olaylarından sonra Əfqanıstana “beynəlxalq terrorçuluğa qarşı mübarizə”, “Ben Ladenə ölüm, “demokratiya”, azadlıq” və s. hay-küyü işə soxulan və BMT-nin və bir sıra ölkələrin, o cümlədən Rusiyanın terrorçu təşkilat kimi tanıdığı “Taliban” hakimiyyətini devirən işğalçı ABŞ-ın 20 il ərzində gördüyü işlər sonda yenidən eyni radikal hərəkatın hakimiyyətə qayıtmasına gətirib çıxardı…
Bəs elə isə ABŞ və koalisya dövlətləri 2001-ci ildən bəriki işğal müddətində Əfqanıstanda hansı iş gördü, heç xalqı üçün demirik, özü üçün nələrə nail oldu? Yoxsa elə Ağ Evə hər gələn Prezident öz bildiyini etməklə kortəbii proseslər baş verdi?..
Mövzu ilə bağlı Kaim.az-ın suallarına cavab verən Azərbaycanın sabiq baş diplomatı, politoloq Tofiq Zülfüqarov bunları söyləyib:
“Sovetlərin vaxtında öyrəşmişdik ki, hər ölkənin bir ideologiyası olmalıdır. SSRİ dağıldı və kommunist ideologiyasından azad olquq. Və yeni bir ideologiya gəldi – demokratiya. Amma bəlli oldu ki, bu ideiologiyaların heç biri Əfqanıstana yaramır. Həm də hər ölkə öz maraqlarını həyata keçirir. Hiss olunur ki, ABŞ üçün artıq bu bölgə maraq kəsb etmir. Yəni dünyada digər fövqəl güc formalaşıb. Bu da Çindir. Və bu baxımdan o uzaqlıqdan bu qədər maliyyə vəsaiti sərf etmək bəlkə də ABŞ-ın maraqlarından kənar olan məsələdir».
Politoloq 20 il ərzindən ABŞ və koalisiya dövlətlərinin Əfqanıstana yönəltdiyi vəsaitlərdən də bəhs edib.
“ABŞ Əfqanıstandakı əməliyyatlar üçün 2 trilyon dollara yaxın, Almaniya 300 milyard avrodan çox vəsait xərcləyib. Hamısını hesablasaq, qeyri-iradi düşünəcəyik ki, bəs Əfqanıstana yönəldilən pullar necə oldu, haraya xərcləndi. Elə bir güclü ordu qurulmayıb, infrastruktur yaradılmayıb. Bəzi araşdırmaçılar deyir ki, həmin trilyonlar, milyardlar, sadəcə, “yeyilib”… Təki, heç olmasa, bundan sonra sülh olsun, insanlar, uşaqlar, qadınlar boş yerə həlak olmasın. Baxaq, görək nə iş görürlər”- deyə sabiq Xarici İşlər naziri fikirlərini tamamlayıb.
Sultan Laçın
Loading...
Yazının davamı reklamdan sonra
Mənbə
KAİM.AZ