Top.Mail.Ru
GÜNDƏM

Fəzail İbrahimli Zaza Vaşaxmadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Avqustun 26-da Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli ölkəmizdə səfərdə olan Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

KAİM.az xəbər verir ki, görüşdə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli ölkələrimiz arasında tarixən mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən söz açıb. Hazırda müstəqil dövlətlər kimi fəaliyyət göstərən Azərbaycanla Gürcüstanın qonşuluq əlaqələrinin bir sıra ölkələr üçün nümunə olduğunu qeyd edib. Xalqlarımız arasında dostluq və mehribanlığın möhkəmlənməsində dini dözümlülüyün və tolerantlığın mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Bakıya səfərdən şərəf duyduğunu, Azərbaycanın dini qurumlarla və diasporla iş üzrə dövlət komitələrində səmərəli görüşlər keçirdiklərini bildirən Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadze Gürcüstanın ərazi bütövlüyünü daim dəstəklədiyinə görə Azərbaycana minnətdarlıqlarını çatdırıb, eyni zamanda ölkəsinin də həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Qonaq xalqlarımızın əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadığını, hazırda bu iki qonşu dövlətin bir sıra sahələrdə strateji tərəfdaş olduğunu qeyd edib. Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının konstitusiya ilə qorunduğunu, soydaşlarımızın bu ölkədə dövlət və hökumət strukturlarında, qanunverici orqanda, yerli icra qurumlarında təmsil olunduqlarını bildirib. Məlumat verib ki, Gürcüstanda olan 300-ə yaxın məscidin 200-ü artıq müsəlmanların ixtiyarına verilib, proses davam edir. Dövlət əhalinin dini etiqadına hörmətlə yanaşır.

Müsəlmanların dini bayramlarında ölkənin ali rəhbərliyi iştirak edərək təbriklərini çatdırır. Gürcüstan dövləti ölkədəki bütün icmaların daha sıx inteqrasiyasına çalışır.

Söhbət zamanı Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri mühüm bir məsələyə də toxunaraq bildirib ki, Azərbaycanda hələ 1992-ci ildə din haqqında qanun qəbul edilməsinə baxmayaraq, Gürcüstanda indiyədək din haqqında qanun qəbul edilməyib. O, Azərbaycan parlamentindən bu sahədə kömək istədiklərini, din haqqında qanunun hazırlanması üçün təcrübə mübadiləsinin çox əhəmiyyətli olacağını bildirib.

Vitse-spiker Fəzail İbrahimli sözü gedən qanun barədə məlumat verib və “Dini etiqad azadlığı haqqında” qanuna bu ilin yaz sessiyasında günün tələbindən irəli gələn bir sıra dəyişikliklər edildiyini də diqqətə çatdırıb.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin, çoxşaxəli əməkdaşlığın və strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze koronavirus xəstələri üçün oksigen təchizatında təmənnasız yardım etdiyinə, Gürcüstana böyük miqdarda tibbi maye oksigen göndərdiyinə görə Azərbaycan hakimiyyətinə təşəkkürünü bildirib.

Sonra Milli Məclisə xatirə hədiyyələri təqdim olunub.

Görüşdə tərəfləri maraqlandıran məsələlər barədə danışılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button