Top.Mail.Ru
GÜNDƏM

“Mütəllibova alternativ prezidentliyə namizəd olmağıma ona görə razılıq verdim ki…” 

Əgər sən hansısa yüksək məqam tuturdunsa, gərək mütləq vicdanının əleyhinə gedəydin, gərək haqsızlığa dözəydin, zülmə susaydın. Mənsə bunları özüm üçün rəva bilmirdim…”
 


30 il öncə bu gün – 1991-ci il sentyabrın 8-də – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamənin qəbul edilməsindən(30 avqust 1991-ci il) 10 gün sonra ölkəmizdə ilk Prezident seçkiləri keçirildi.
 
Həmin vaxt irəli sürülmüş namizədlər – hələ 1990-cı ilin may ayının 18-də Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan SSR prezidenti seçilmiş Ayaz Mütəllibov və Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Zərdüşt Əlizadə oldu. Lakin seçkilərə 10 gün qalmış Z.Əlizadə namizədliyini geri götürdü. Və nəticədə alternativsiz olaraq seçkilərə gedən A.Mütəllibov rəsmi rəqəmlərə görə, səslərin 98,5 faizini toplayaraq qalib gəldi. Görəsən, Zərdüşt Əlizadə həmin vaxt  necə olub ki, namizədliyini geri götürüb və bundan peşiman olmayıb ki?
 
Kaim.az-a açıqlamasında ASDP-nin ilk qurucusu və keçmiş həmsədri Z.Əlizadə bunları söyləyib:
 
“Xeyr, əsla peşiman deyiləm. Çünki mən ömrümdə heç vaxt vəzifə sahibi olmaq istəməmişəm, prezident, yaxud nazir olmaq və ya deputat seçilmək istəməmişəm. Məni hələ sovet vaxtı 4 dəfə Moskvaya çox gözəl vəzifələrə dəvət ediblər. İmtina etmişəm və demişəm ki, Bakısız yaşaya bilmərəm. Bu ondan irəli gəlirdi ki, mən o quruluşun əyri quruluş olduğunu bilirdim. O quruluşda əgər sən hansısa yüksək məqam tuturdunsa, gərək mütləq vicdanının əleyhinə gedəydin, gərək haqsızlığa dözəydin, zülmə susaydın. Mənsə bunları özüm üçün rəva bilmirdim… 
 
Həmin vaxt məni dilə tutaraq  ASDP Mərkəzi Komitəsinin qərarıyla namizədliyimi irəli sürməyə vadar etdilər. Və Ayaz Mütəllibova alternativ olaraq prezidentliyə namizədliyimin verilməsinə ona görə razılıq verdim ki, seçkilərdə iştirak etməyəcəyimlə və 10 gün qalmış namizədliyimi geri götürəcəyimlə bağlı şərt kəsmişdim. Qısa müddət üçün namizədliyimi verməkdə isə məqsədim, sadəcə, o idi ki, partiyamızın, yəni Azərbaycan Sosial Demokrat Partiyasının mövqeyini, baxışlarını xalqa təbliğ edim”.
 
Sultan Laçın
 

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button