Top.Mail.Ru
GÜNDƏM

“30 il öncə  dünya ictimaiyyətinə sübut etdik ki, biz demokratik hakimiyyət tərəfdarıyıq…”

“Seçkilərə az qalmış o, öz namizədliyini geri götürdü. Beləliklə, mən seçkilərə alternativsiz getməli oldum…”
 


“1991-ci ildə  mənim qərarımla ölkədə Prezident seçkiləri təyin olundu. Bu,  Azərbaycanın müstəqilliyinin bərpası bəyan edildikdən( 30 avqust 1991-ci il) sonra ilk ümumxalq Prezident seçkiləri idi. Həmin seçkilər 1991-ci il sentyabrın 8-də – Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamənin qəbul edilməsindən 10 gün sonra baş tutdu. Buna qədər Azərbaycan SSR-də Prezident parlament, yəni Ali Sovet tərəfindən seçilmişdi.  O zaman müxalif qüvvə olan Xalq Cəbhəsi isə  həmişə deyirdi ki, guya Prezident qeyri-legitimdir.  Ona görə ki, parlament onu Azərbaycanda kommunist partiyası hakimiyyətdə olanda seçib. O zaman  qərara gəldim ki, növbədənkənar Prezident seçkilərinə gedək və bununla da sübut edək ki, biz belə seçkilər keçirmiş müttəfiq respublikaların heç birindən geridə qalmırıq”. 
 
Bunu Azərbaycanın müstəqilliyinin bərpası bəyan edildikdən( 30 avqust 1991-ci il) sonra ilk  Prezident seçkilərinin(8 sentyabr 1991-ci il) keçirilməsinin 30 illiyi ilə bağlı Kaim.az-a açıqlama verən sabiq Prezident Ayaz Mütəllibov söyləyib.
 
“Buna cavab olaraq müxalifət öz   etirazını seçkilərin boykot olunmasıyla ifadə etdi. Bununla AXC özü üçün  yenə də seçkilərdə seçiləcək Prezidentin guya “qeyri-legitim” olacağını elan etmək “haqqı”nı saxladı. Buna rəğmən biz  elə etdik ki,  ölkədəki bütün siyasi qüvvələr və xüsusən Xalq Cəhbəsi üçün seçkilərdə iştirak etmək və öz namizədini irəli sürmək şansı yaransın.  Ancaq  AXC boykot haqda qərar verdikdən sonra  biz müşahidələrimizdən belə qərara gəldik ki, onların prezidentlik üçün layiqli namizədləri yoxdur”- açıqlamasının ardında bunları deyən keçmiş dövlət başçısı ilk Prezident seçkilərindəki alternativ namizəddən də bəhs edib. 
 
“İstisna olaraq Sosial-Demokrat partiyası əvvəlcə seçkilərə getmək haqda qərar verdi və  Zərdüşt Əlizadənin namizədliyini irəli sürdü. Lakin seçkilərə az qalmış o, öz namizədliyini geri götürdü. Beləliklə, mən seçkilərə alternativsiz getməli oldum. Və nəticələr  gözlənilən oldu. Mən səslərin böyük əksəriyyətini topladım. Bu minvalla 30 il öncə biz dünya ictimaiyyətinə sübut etdik ki,  hakimiyyətin demokratik prinsiplərlə formalaşmasının tərəfdarıyıq…
 
Allaha şükürlər olsun ki, hazırda  – ilk Prezident seçkilərindən 30 il keçdikdən sonra iqtisadi və hərbi baxımdan inkişaf etmiş müstəqil bir ölkədə yaşayırıq. Və sevindirici haldır ki, bu gün  torpaqlarımızın böyük bir hissəsini azad etməklə həmin həddindən  artıq mürəkkəb dövrdə ilk kövrək addımlarını atan dövlətimiz üçün böyük problemə  çevrilmiş Qarabağ düyününü tam çözmək üzrəyik ”- deyə Azərbaycanın birinci Prezidenti bildirib.
 
Sultan Laçın   
 

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button