Top.Mail.Ru
GÜNDƏM

“Yeni müharibə olsa, Azərbaycanla sərhəd Cermukdan keçəcək…” – Rusiya beyin mərkəzi 

“Ermənistan cəmiyyətinin əksəriyyəti son müharibədən heç bir nəticə çıxarmayıb. O, hələ də məsuliyyətsizlik və dayaz düşüncəliliyin qəribə bir qarışığı vəziyyətindədir…”
 


Dünən gücə saatlarından Azərbaycan mediasında yayılan məlumatlardan bəlli olduğu kimi, Rusiyanın aparıcı beyin mərkəzlərindən biri olan Strategiya və Texnologiyaların Təhlili Mərkəzi qurumun rəhbəri Ruslan Puxovun redaktəsi ilə “Qafqazda fırtına” adlı analitik toplu nəşr edib.
 
Məlumatda deyilir: 
“Nəşrdə müəlliflərin gəldikləri bir sıra qənaətlər və təqdim olunan məlumatlar erməni ictimaiyyətində soyuq duş effekti yaradıb.
 
Belə ki, hesabatın müəllifləri 44 günlük müharibə zamanı Ermənistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus dörd ədəd “Su-25” qırıcı təyyarəsi və bir ədəd “Mi-8” helikopterinin öz Hava Hücumundan Müdafiə (HHM) sistemləri tərəfindən vurulduğunu iddia ediblər.
 
Nəşrdə qeyd olunur ki, döyüşlərin gedişində Ermənistan HHQ ilə HHM arasında koordinasiya çox zəif olub. Vurulan təyyarələrdən ikisi Ermənistanın Vardenis bölgəsi üzərində “S-125” zenit raket kompleksi, biri isə Qarabağ səmasında daşınan zenit raket kompleksi ilə vurulub”.
 
Kaim.az  rusiyalı ekspertin eyni topludakı  Ermənistan cəmiyyətində  44 günlük savaşdan sonra yaranmış psixoloji durum haqdakı fikirlərini də təqdim edir.
 
“Təəssüf hissi ilə deməliyəm ki, Ermənistan cəmiyyətinin əksəriyyəti son müharibədən heç bir nəticə çıxarmayıb. O, hələ də məsuliyyətsizlik və dayaz düşüncəliliyin qəribə bir qarışığı vəziyyətindədir “- deyir Puxov.
 
Ekspert ehtiyat edir ki,  belə davam edəcəyi və yeni müharibə olacağı təqdirdə, məcazi olaraq desək, Azərbaycanla sərhəd Cermuk(Çarmıx, yaxud İstisu)  yaxınlığındakı bir yerdən keçəcək.
 
Öz təyyarələrini vuran Ermənistan silahlı qüvvələrinin “dost atəşi” nə gəldikdə, mütəxəssisin fikrincə, belə hallar hər yerdə olur. 2008-ci ildə Rusiya ilə Gürcüstan arasındakı avqust qarşıdurmasında Rusiya hava hücumundan müdafiə sistemləri səhvən öz “Su-25”-lərini vurub. Amerikalılar da geridə qalmayıblar – İraqdakı  “Səhrada fırtına” əməliyyatı zamanı öz təyyarələrini vurublar və tanklarını artilleriya atəşinə tutublar…
 
Puxov hesab edir ki, erməni tərəfinin əsas problemi heç bir anlayışın olmamasıdır. “Kobud desək, insanlar pis xəbər eşitmək istəmirlər”. Ekspert deyir ki, Ermənistan cəmiyyətində ayıqlıq olmasa, böyük problemlərin qarşısını almaq olmayacaq.
 
Analitik Rusiyanın müharibədə Ermənistan tərəfinə fəal kömək etmədiyi iddiaları ilə razılaşmır. 
“Realist olmalı və başa düşməlisiniz ki, Rusiya Ermənistanın yerinə döyüşə bilməz. İmkanları daxilində bacardığı hər şeyi etdi və daha da çoxunu etdi” –deyə rusiyalı təhlilçi vurğulayır.

 

Zəruri arayış:

Cermuk(İstisu)— Ermənistan Respublikasında Arpaçayının (Araz hövzəsi) yuxarı axınında, 2100 m yüksəklikdə yerləşən şəhər.Sovet dövründə Azərbaycanın Kəlbəcər rayonu ilə həmsərhəd rayonun da adı belə olub.

1961-ci ildən respublika tabeli şəhərdir. İrəvan şəhərindən 173 km məsafədədir. Balneoloji və kurort şəhəridir. 1873-cü ilin kameral sayımına əsasən İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, Arpaçayın yuxarı axarında, sağ sahilində, “İstisu” adlanan mineral bulaqların yaxınlığında yerləşən və dövlət xəzinəsinə məxsus İstisu kəndində 19 evdə 56 nəfəri kişilər, 58 nəfəri qadınlar olmaqla toplam 114 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdılar.

Qeyd edək ki, “Cermuk” sözünün mənası “çarmıx” Azərbaycan toponimi kimi də təqdim edilir. Etimologiyasi burada çarmıx qalasının yerləşməsi ilə bağlıdır. Qarabağda Çiləbörd məlikliyinin ərazisi olmuşdur(Mənbə Qarabağnamələr 2 .Mirzə Yusif Qarabaği. 2-ci kitab. Bakı, 1991).
 
Sultan Laçın
 

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button