Top.Mail.Ru
GÜNDƏM

“Arif Məlikov Qorbaçovun üzünə o faktları deməsəydi, Rusiyadakı yüzlərlə soydaşımız…” 

Rəhmətlik Arif müəllim məni çox ehtiramla qəbul etdi, Bakıda və Rusiya həbsxanalarında başımıza gətirilənlərlə bağlı danışdıqlarımı diqqətlə dinlədi və qeydlər apardı…”
 


“Dünya şöhrətli dahi sənətkarımız Arif Məlikov haqda saytınızda maraqlı bir yazını oxuduqdan sonra “Facebook”da Kaim.az oxucularına rəhmətlik gözəl bəstəkarımız barədə çox önəmli bir xatirəmi paylaşacağıma söz verdim. Bunu mərhumun ruhu qarşısında özümə borc bildim”.
Bu sözləri Kaim.az-a açıqlamasında tanınmış Qarabağ qazisi Vaqif Əlisoy söyləyib.
 
“1990-cı ilin 20 Yanvar qətliamından sonra SSRİ imperiyasının qanlı təcavüzünə qarşı çıxış edən yüzlərlə Azərbaycan oğlu kimi Cəbrayıl rayonundan mən və silahdaşlarım: Xanış Mehdiyev və Məhəmməd Qurbanov da sovet “KQB”-si tərəfindən həbs edilərək Tbilisi, Novoçerkask, Rostov şəhərlərindəki istintaq təcridxanalarında həbsdə olduq. Novoçerkask həbsxanasında bizimlə bərabər Ağdamdan “Qərvənd Camal” deyilən Camal Əhmədov və AzTV-nin Şuşa bürosunun rəhbəri, rəhmətlik Vidadi Bağırov da saxlanılırdı. Məni və digər cəbrayıllı silahdaşlarımı bir az tez azad etdilər. Cəbrayıla gəlib iki gün istirahət etdikdən sonra Bakıya yollandım. AXC lideri Əbülfəz Elçibəylə görüşdüm. O, məni 20 Yanvar faciəsi ilə bağlı yaradılmış deputat-istintaq komissiyasının sədri Tamerlan Qarayevlə görüşdürdü. Sovet rejimi tərəfindən başımıza gətirilənlər barədə təfsilatıyla danışdım.  Və konkret olaraq iki nəfərin, yəni Camal Əhmədovla Vidadi Bağırovun hal-hazırda Novoçerkask təcridxanasında 103-cü kamerada  saxlanıldığını bildirdim.  Tamerlan Qarayev yanımdaca o zaman SSRİ Xalq Deputatları Sovetinin deputatı olan Arif Məlikovla danışdı və ona söylədidi ki, yanınıza göndərəcəyim şəxs Rusiyadan həbsdən yenicə qayıdıb, onun nəql edəcəyi faktlardan bu yaxınlarda gözlənilən SSRİ Xalq Deputatlarının növbəti qurultayında da istifadə edə bilərsiniz.  Rəhmətlik Arif müəllim məni çox ehtiramla qəbul etdi, Bakıda və Rusiya həbsxanalarında başımıza gətirilənlərlə bağlı danışdıqlarımı diqqətlə dinlədi və qeydlər apardı. Görkəmli ziyalımıza çatdırdım ki, 20 Yanvar qətliamından sonra 816 nəfər Azərbaycan oğlu sovet “KQB”-si tərəfindən cürbəcür haqsız suçlamalarla gizli şəkildə heç bir rəsmi qeydiyyyat, sənədləşdirmə aparılmadan,  bir növ oğurlanaraq  Rusiyanın müxtəlif şəhərlərinə aparılıb təcridxanalarda qeyri-insani şəraitlərdə saxlanılır. Konkret olaraq mənimlə birgə həbsdə olmuş və həmin vaxt hələ də buraxılmamış Camal Əhmədov və Vidadi Bağırovun da adını çəkdim, həbsdə saxlanıldıqları ünvanları göstərdim.  Arif müəllim çatdırdığım məlumatlara  və ümumiyyətlə, xalqımızın azadlığı uğrunda apardığımız mübarizəyə görə təşəkkür etdi…  
 
Dahi bəstəkarımızla həmin görüşümüzdən az sonra Moskvada SSRİ Xalq Deputatlarının  qurultayında Arif Məlikov 20 Yanvar hadisələri haqda çox kəskin çıxış etdi. O, üzünü Qorbaçova tutaraq qətiyyətlə dedi ki, Bakıda etdiyiniz qırğınlar az deyilmiş kimi,  SSRİ DTK 800-dən çox azərbaycanlını qanunsuz və haqsız şəkildə həbs edərək ölkənin mərkəzi şəhərlərindəki ən qapalı təcridxanalarda saxlayır.  Həmin məqamda SSRİ rəhbəri Azərbaycan deputatına sual verdi ki, əlinizdə faktlar varmı.  Onda Arif  Məlikov Bakıda çatdırdığımız əsas faktları ortaya qoydu. Məhz Arif müəllimin bu çıxışından sonra Azərbaycanda həbs edilərək Rusiyanın müxtəlif şəhərlərindəki “KQB” və digər qurumların qapalı istintaq təcridxanalarında saxlanılan  soydaşlarımız azad edilib Vətənə qaytarıldılar.  Dahi bəstəkarımız, ziyalımız cəllad Qorbaçov qarşısında həmin çıxışı edərək faktları onun üzünə söyləməsəydi,  yüzlərlə azərbaycanlı nəinki tezliklə qanunsuz həbsdən buraxılardı, hətta ölüm xəbərləri də gələrdi.  Bütün bunları xatırlamaqla  bir daha Arif Məlikovun ruhu qarşısında baş əyir, “Allah qəni-qəni rəhmət eləsin!” deyirəm” – deyə Qarabağ qazisi  bildirib.
 
Sultan Laçın
 
 

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button