Top.Mail.Ru
GÜNDƏM

Könüllü döyüşçülərimiz geri qayıdır: Bəs, onların əmək hüquqları? – AKTUAL

Qarabağda 44 günlük Vətən müharibəsi, müzəffər ordumuzun şanlı qələbəsi ilə başa çatdı. Bu səbəbdən hərbi xidmətə çağrılmış könüllü şəxslərin mülkü həyata geri qayıtma prosesi başlayır.

Bəllidir ki, bu şəxslər arasında müxtəlif təşkilatlarda çalışanlar da var. Bəs, geri dönən işçilərin əməkhaqları və digər əmək hüquqları hansı formada təmin olunacaq?

Mövzunu AYNA-ya şərh edən sosial hüquq və əmək qanunvericiliyi üzrə ekspert Ruslan Hümbətov deyib ki, bəzi işəgötürənlər hərbi xidmətə çağrılan işçilərin əmək müqaviləsinə alternativ xidmətə çağırıldığı üçün xitam veriblər (ƏM maddə 74a):

– Ancaq əmək müqaviləsinə xitam verilməyən işçilərin iş yeri, vəzifəsi və orta əməkhaqqı saxlanılır (ƏM maddə 77.9; 179g) və hərbi xidmətdən buraxıldıqdan, ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.

– Bəs işdən çıxanların aqibəti necə olur, onlara hər hansı ödəniş olunmur?

– İşəgötürən bu səbəblə işçini işdən çıxarıbsa, işçiyə orta aylıq əməkhaqqının azı iki misli miqdarında müavinət ödəmiş olur. Onu da nəzərinizə çatdırım ki, şəhid olmuş işçilərə isə son haqq-hesabdan başqa, onların vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinə görə vərəsələrinə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilir.

– Bunlardan başqa, hərbi xidmətdən dönən işçilərə hansısa imtiyazlar verilmir?

– İşçilərin attestasiyası zamanı vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət almış və əlilliyi müəyyən edilmiş işçilər, həmçinin Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər attestasiya olunmur. O cümlədən bu işçilərə 46 təqvim günündən az olmayaraq məzuniyyət verilir. Bundan başqa, müddətli hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilərin, 6 ayı gözləmədən istənilən vaxt əmək məzuniyyətinə çıxmaq hüququ var. Bu hüquq həyat yoldaşları hərbi qulluqçu olan işçilər üçün də keçərlidir.

– Müharibədə ailə başçısını itirmiş şəhid ailələri, sağlamlıq imkanlarından məhrum olmuş qazilərimizin işləməklə bağlı hansı imkanları var?

– Əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqəsinin, o cümlədən adını çəkdiyiniz şəxslərin işlə təminatı hər zaman dövlətin diqqət mərkəzində olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) şəhid və qazi ailələrinin işlə təminatına ciddi diqqət yetirməli, belə ailələrin üzvlərinin ən azı bir nəfərinin işlə təmin olunması üçün şərait yaratmalıdır. Bununla bağlı operativ mərkəz yaradılmalı, nəinki onların məşğulluq məsələləri, bütün hüquqları, imtiyazları daim diqqətdə saxlanılmalıdır. Təssüf ki, biz ancaq sosial şəbəkələrdə ictimailəşən məsələlərdə Nazirliyin mətbuat xidməti səviyəsində münasibətini görürük. Sual olunur: Bəs, ictimailəşməyən xeyli sayda hallar, o insanların aqibəti necə olacaq?

Bu səbəbdən də həmin mərkəz vasitəsilə görülən işlər barədə daim ictimaiyyət məlumatlandırılmalı və əhali dövlət və hökumətdən narazı salınmamalıdır. Həmçinin, şəhid və müharibə veteranlarının işlə təmin edilməsi məsələsi də eyni ilə. Bunun üçün qanunvericiliyin imkanları da var. Belə ki, “Məşğulluq haqqında” qanuna müvafiq olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyasına mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilatlarda (kvota şamil olunmayan müəssisələr istisna olmaqla) kvota üzrə xüsusi iş yerləri müəyyən edilir. Həmin kvotaya uyğun şəhid ailələri və əlillər işə götürülməlidir.
0

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button