Top.Mail.Ru
GÜNDƏM

Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri ilə geniş tərkibdə görüşü keçirilib (FOTO) (YENİLƏNİB)

Mayın 14-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Trend-ə verilən xəbərə görə, nazir Ceyhun Bayramov və nazir Yan Borq arasında təkbətək müzakirələrdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib, bir neçə əsas istiqamət üzrə ətraflı müzakirələr aparılıb.

Saytların yığılması Saytların yığılması

Azərbaycan və Malta arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə toxunulub, enerji və turizm kimi sahələrdə münasibətlərin gücləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib.

Maltanın ATƏT-də sədrliyinin prioritetləri arasında ətraf mühit, bağlantılar kimi sahələrin əks olunmasının Azərbaycan tərəfindən müsbət qarşılandığı bildirilib. Xüsusilə Azərbaycanın COP29 sədrliyi ilə Maltanın ATƏT sədrliyinin birgə səylər sayəsində qlobal ətraf mühit dəyişikliyinə reaksiya verilməsində sinerji effekti yarada biləcəyi diqqətə çatdırılıb.

Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi hazırkı dövrdə ATƏT-in regional ölçülü məsələlərin həllində rolunu qoruyub saxlaya bilmək üçün özünün hərtərəfli təhlükəsizlik konsepsiyasından və geniş üzvlük coğrafiyasından maksimum istifadə etməli olduğu vurğulanıb. Burada suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi prinsiplərin ATƏT çərçivəsində təhlükəsizliyin təmini, inamın bərpası və əməkdaşlıq üçün təməl rolunu oynamalı olduğu xatırladılıb.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə maltalı həmkarına ətraflı məlumat verib. Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması və nəticə etibarilə sülh sazişinin imzalanması üzrə birbaşa ikitərəfli danışıqların irəliyə getmək üçün ən yaxşı yanaşma olduğu bildirilib.

Keçmiş münaqişə dövründə bir sıra ATƏT təsisatlarının Ermənistan ilə Azərbaycan arasında 30 il davam etmiş münaqişənin həlli prosesində müvafiq mandat daşımasına baxmayaraq, hər hansı irəliləyişə nail ola bilmədiyi qeyd olunub.

Keçmiş münaqişənin nəticələrini aradan qaldırılması mövzusu üzrə danışarkən aktuallığını itirmiş təsisatlara istinadlar edilməsinin Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə xələl gətirdiyi bildirilib.

Post-münaqişə dövründə Azərbaycan tərəfinin tələbatı və müvafiq müraciətinə əsaslanaraq, ölkəmizdə minalardan və partlamamış sursatlardan təmizləmə, eləcə də məcburi köçkünlərin qayıdışını sürətləndirmə işlərinə dəstək verilməsinin vacibliyi vurğulanıb.

Nazirlər daha sonra mətbuat brifinqində görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

xxx

12:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla geniç tərkibdə görüşü keçirilib.

Trend xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Malta əməkdaşlığı, ATƏT-in prioritetləri, üzləşdiyi problemlər, eləcə də, regionda münaqişədən sonrakı vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi diqqət mərkəzində olub.

xxx

11:34

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşüb.

Trend xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Daha sonra nazirin İ.Borqla təkbətək görüşü başlayıb.

Bənzər yazılar