Şri-Lanka İran neftinin əvəzini çayla çıxacaq
Bir sıra ölkələr İranla iqtisadi-ticari əlaqələrində ötən əsrin 90-cı illərinin birinci yarısında çox məşhur olan “barter” sisteminə keçiblər. Bunu əsas səbəblərindən biri Qərbin İrana qarşı tətbiq etdiyi sərt sanksiyalar rejimidir.
Kaim.az bildirir ki, “Reuters” agentliyinin Çay tacirləri qrupunun rəhbəri Niraj Dmelə istinadən yaydığı xəbərdə Şri-Lankanın İrana olan 250 milyon dollar neft borcunu ödəmək əvəzinə gələn ay Tehranla çay mübadiləsinə başlayacağı deyilir. “İranla çay mübadiləsi sazişinin həyata keçirilməsi Şri-Lanka üçün çox vaxtında atılan addımdır və İran bazarına çıxışı olan Şri-Lanka dollara güvənmədən bizneslə məşğul ola bilər. Gələn aydan etibarən Şri-Lanka neft borcunu ödəmək üçün ayda iki milyon dollar ekvivalentində çay göndərməyə başlayacaq”, – Niraj Dmel söyləyib. Əvvəlki razılaşmaya görə, hər ay İrana beş milyon dollar dəyərində Şri-Lanka çayı göndərilməli idi. Tehran və Kolombo Şri-Lankanın İrana 11 il əvvəlki neft borcunu ödəmək üçün nefti çaya dəyişmək barədə 2 il əvvəl razılığa gəliblər. Lakin Şri-Lankanın maliyyə problemləri üzündən sazişin icrası dayandırılıb. Belə ki, keçən il son 70 ildə ən pis maliyyə böhranı ilə qarşılaşan Kolombo hökumətinin valyuta ehtiyatları rekord həddə düşdü. Bununla belə, Şri-Lankada ən populyar məhsul olan “Seylon” çayı ötən il bu ölkəyə 1,25 milyard dollar həcmində qazanc gətirib. ABŞ-nin İrana qarşı tətbiq etdiyi və Tehrana birbaşa valyuta ödənişinin qarşısını alan sanksiyalar Şri-Lanka çayının ümumi ixracını da azaldıb. Bununla belə, “Reuters” Şri-Lankanın rəsmi məlumatlarına istinadən yazıb ki, əvvəlki illərdə Seylon çayı BƏƏ vasitəsilə də İrana ixrac edilib və BƏƏ Şri-Lankadan çay idxalını əvvəlki beş ildə 48 milyon dollardan ötən il 118 milyon dollara qədər artırıb. Kaim.az