Top.Mail.Ru

İDMAN

DÇ-2022: Argentina və Fransanın uğurlu start, Avstraliya və Tunisin sürpriz arzusu – TƏHLİL + FOTO

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında C qrupunun I turunda Səudiyyə Ərəbistanı yığması ilə üz-üzə gələcək Argentina millisi mundiallar tarixində ilk dəfə bu komandaya rəqib olacaq.

“Report”un məlumatına görə, Cənubi Amerika təmsilçisi ərəb ölkəsinə qarşı 4 yoldaşlıq görüşü keçirib, ikisində qələbə qazanıb, eyni sayda heç-heçə edib.

Ümumilikdə 18, ardıcıl 13-cü dəfə mundialda iştirak edəcək Argentina bu göstəriciyə görə təkcə Braziliyadan (22) geri qalır. “Tanqoçular” iki dəfə çempionluq sevinci yaşayıb və bunu bacaran üç Cənubi Amerika ölkəsindən (Braziliya 5, Uruqvay 2) biridir. Komanda son 13 turnirin 12-də qrupdan çıxmağı bacarıb, 2002-ci ildə isə uğursuzluqla üzləşib.

Səudiyyə Ərəbistanı 6-cı dəfə yarışda iştirak hüququ əldə edib. Ərəblər son 8 dünya çempionatının ikisinə (2010, 2014) vəsiqə qazana bilməyib. Yığma mundiallardakı 16 görüşün 3-də qələbə qazanıb, 11 qarşılaşmada məğlub olub, 2 heç-heçə əldə edib. Asiya təmsilçisi yalnız 1994-cü ildə Belçika ilə matçda (1:0) qapısını toxunulmaz saxlaya bilib.

C qrupunun digər görüşündə Meksika Polşa ilə üz-üzə gələcək. Avropalılar 1978-ci ildəki dünya çempionatında rəqibini 3:1 hesabı ilə üstələyib. Cənubi amerikalılar ümumilikdə 17, ardıcıl 8-ci dəfə yarışa qatılacaqlar. Yığma finala vəsiqə qazana bilməyənlər arasında ən çox oyun (57) keçirən komandadır. Son 8 turnirdə qrupdan çıxan meksikalılar 1978-ci ildə növbəti mərhələyə yüksələ bilməyiblər.

Doqquzuncu dəfə yarışın iştirakçısı olan Polşa 1986-cı ildən sonra qrup mərhələsini adlaya bilməyib və turnirdəki son 11 oyunun 8-də məğlubiyyətlə üzləşib. Avropa təmsilçisi indiyədək yalnız bir dəfə ilk matçında qələbə sevinci yaşayıb. 1974-cü ildə Argentinanı 3:2 hesabı ilə yenən polşalılar digər 7 qarşılaşmanın 3-də bərabərə qalıb, 4-də isə uduzub.

D qrupunun ilk duelində Danimarka və Tunis seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Mundiallarda ilk dəfə bir-birilərinə rəqib olan komandalar 2002-ci ildə yoldaşlıq matçında qarşılaşıblar. Həmin vaxt Avropa təmsilçisi rəqibinə qalib gəlib – 2:1. Skandinaviyalılar dünya çempionatında Afrika təmsilçilərinə (2 qələbə, 2 heç-heçə) uduzmayıblar. Yarışda 6-cı dəfə iştirak edən Danimarka 4 dəfə qrup mərhələsini keçib. Yığmanın ən yaxşı nəticəsi 1998-ci ildə 1/4 finala yüksəlmək olub. Tunis mötəbər yarışda 10 dəfə Avropa millilərinə rəqib olub və bunların heç birində (7 məğlubiyyət, 3 heç-heçə) qələbə qazanmayıb. Mundiallardakı 15 oyunun 14-də qapısında qol görən afrikalılar, sadəcə, 1978-ci ildə Qərbi Almaniya ilə qolsuz bərabərə qalıblar.

D qrupunun ikinci görüşündə Fransa və Avstraliya komandaları üz-üzə gələcəklər. Son dünya çempionu 2018-ci ildə rəqibini 2:1 hesabı ilə yenib. “Xoruzlar”a qarşı yeganə qələbəsini 2001-ci ildə əldə edən yaşıl qitə təmsilçisi digər dörd matçın üçündə məğlub olub, birində isə bərabərə qalıb. Fransa ümumilikdə 16, ardıcıl 7-ci dəfə dünya çempionatında iştirak edir. İki dəfə qalib olan avropalılar 1998-ci ildən sonra ən çox final oynayan (1998, 2006, 2018) komandadır. Milli Braziliya (1958-1962) və İtaliyadan (1934-1938) ardıcıl ikinci dəfə qalib olmağı hədəfləyir. Yarışa 6-cı dəfə qatılan Avstraliya 2006-ci ildə qrup mərhələsini keçməyib. “Kenqurular” meydana çıxdıqları 16 görüşün sadəcə birində qol (1974, Çili – 0:0) buraxmayıb.

Qeyd edək ki, Argentina – Səudiyyə Ərəbistanı matçı Bakı vaxtı ilə saat 14:00-da, Danimarka – Tunis görüşü saat 17:00-da, Meksika – Polşa qarşılaşması saat 20:00-da, Fransa – Avstraliya oyunu isə saat 23:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button