Top.Mail.Ru
İDMAN

İdman və istirahət bir yerdə: Qolfa görə Azərbaycana gəlmək istəyən ölkələr hansılardır? – ARAŞDIRMA + FOTO

Dünyada qolf turizmi populyarlıq qazanıb. Yaşından, fiziki hazırlığından asılı olmayaraq, hər kəs qolf oynaya bilər. Bu, bütün ailənin məşğul ola biləcəyi az sayda idman növlərindən biridir. Qolf turizmi idman və istirahəti bir yerdə təklif etməsi, səyahətçilər üçün heyrətamiz və unikal imkanlar açması ilə turistik marşrutlar arasında daha çox diqqət cəlb edir. Təbiətlə harmoniyada olan qolf meydançaları, eləcə də şəhərdə dəbdəbəli və eksklüziv yaşayış yerləri qolf həvəskarlarına istirahət, həzz, əyləncə və idmanın birləşməsini təklif edir. Bir çox ölkələrdə canlı yayımlanan turnirlər həmin məkanı dünyanın diqqətinə çatdırır.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Hazırda qolf oynamaq üçün əla imkanlar təklif edən ABŞ, Avstriya, Fransa, İtaliya, İspaniya, Portuqaliya, BƏƏ, Türkiyə, İsveçrə, Tayland kimi ölkələr sırasına Azərbaycan da daxil olmağa cəhd edir. Məsələn, Dövlət Turizm Agentliyi Azərbaycanın qolf turizmi imkanlarını müxtəlif sərgilərdə nümayiş etdirir və destinasiya kimi tanıdılması istiqamətində işlər həyata keçirir. Hədəf bazarlardan olan tərəfdaşlarla əməkdaşlıq əlaqələri müzakirə olunur, qolf turpaketləri haqqında ətraflı məlumat verilir. Həmçinin qolf turizmi üzrə ixtisaslaşmış hotellər, kurortlar, qolf meydançaları təqdim olunur, yeni qolf meydançaları müəyyənləşdirilir və onların turizmdə istifadəsi ilə bağlı araşdırmalar aparılır.

Azərbaycan Turizm Bürosunun (ATB) turizm məhsulunun inkişafı şöbəsinin direktoru Şərifə Həsənova bildirib ki, ölkəmizdə 2019-cu ildən qolf turizmi ilə bağlı işlər görülməyə başlanıb. Keçən ildən isə bu istiqamətdə işlər daha da sürətlənib. Əsas səbəb pandemiyadan sonra açıq hava turizm növlərinə tələbatın daha da artmasıdır:

“Azərbaycanda iki qolf klubu var. Bu klublar Bakıda fəaliyyət göstərən ”Dreamland Qolf Klubu” və Qubada yerləşən “Azərbaycan Milli Qolf Klubu”dur. Əslində, destinasiya kimi qolf turizmindən danışmaq üçün çox sayda qolf klubunun olması vacibdir. Amma biz iki klubla destinasiyanı təmsil edirik və təbliğ etməyə çalışırıq. Qolf turizmi üzrə təklif edilən turpaketlər bir həftəlik səyahəti əhatə edir. Turistlər Bakıda və Qubada qolf meydançalarında qolf oynayır, həmçinin şəhəri gəzib, mədəniyyətimiz, tariximiz, mətbəximizlə tanış olurlar”. 

Ş.Həsənovanın sözlərinə görə, qolfa görə Azərbaycana gəlmək istəyənlər var:

“Qazaxıstan, Hindistan və ərəb ölkələrindən gələn turistlər üstünlük təşkil edir. Əvvəllər Rusiyadan da gələnlər vardı. Həmin turistlər, əsasən, qolf oynamağa fokuslanırlar”. Ş.Həsənova bildirir ki, qolf turizmi üzrə nüfuzlu sərgilərdə iştirak ölkəmizi destinasiya kimi xeyli tanıdıb: “Biz Mərakeşdə ən nüfuzlu qolf sərgisində iştirak etmişik. Bu, ölkəmizin tanıdılmasında böyük rol oynadı. Bizim hədəflərimiz var. Azərbaycan Turizm Bürosu qolfklublar və Qolf Federasiyası ilə birgə fəaliyyət planı hazırlayıb. Qolf turizmini ölkəmizdə məşhur destinasiyaya çevirmək üçün müxtəlif çaplı qolf tədbirləri təşkil etmək lazımdır. Bunlar həvəskar, peşəkar, qadın turnirləri və yeniyetmələr üçün çempionatlar ola bilər. Qolf idman növü olduğundan bu istiqamətdə tədbirləri çoxaltmaqla həm də turizm destinasiyası kimi daha çox tanıda bilərik”.

“Azərbaycan Milli Qolf Klubu”nun direktoru Xeyrəddin Cabbarovun sözlərinə görə, ölkəmizdə qolf bir oyun kimi 2013-cü ildən fəaliyyətdədir:

“Qolf Azərbaycan kontingenti üçün yeni idman növüdür. Ölkəmizdə qolfçular yetişir. Biz ölkəmizi turizm sərgilərində klub olaraq təmsil edirik. Pandemiyadan əvvəl xaricdən qolf turizmi ilə bağlı axın olub. Pandemiyadan sonra da gözləntilərimiz var. Çünki dünyada qolf oyunu həvəskarları kifayət qədər çoxdur. Onlar bu marşrut üzrə getdikləri ölkələrdə həmçinin həmin yerlərin mədəniyyəti ilə tanış olurlar. Qolf həm idman növüdür, həm də istirahətdir. Oyun həvəskarları təbiətlə təmasda olur, biznes əlaqələri qura bilirlər”. Direktorun sözlərinə görə, qolf turizminin izi ilə ölkəmizə Pribaltika, İngiltərə, Türkiyə və s. ölkələrdən gələn turistlər az deyil: “Bizim klublar beynəlxalq dizaynerlər tərəfindən qurulub. Destinasiyanı tanıtmaq üçün sərgilərdə iştirak etməklə yanaşı, turnirlər də təşkil olunur. Hər il kiçik çempionatlar keçirilir. Klubumuzun şəraiti dünya standartlarına tam cavab verir. Belə bir obyektin yaradılması nəinki Qubanın, ümumilikdə bölgənin turizm sektorunun inkişafına mühüm töhfə verəcəkdir. Bu, regional kiçik və orta biznesin yeni səviyyəyə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir”.

Düzdür, hələ ölkəmizin beynəlxalq qolf turnirlərinə ev sahibliyi edən, oyunun mərkəzi kimi çıxış edən, məsələn, Türkiyənin Antalya, Bələk və s. bölgələri kimi tanınmasına zaman lazımdır.

Turizmçi Eldəniz Salmanov da təsdiqləyir:

“Qolf turizmi üzrə hələ ki Türkiyə hotelləri ilə rəqabət edə bilmərik”.

Bənzər yazılar

Back to top button