Top.Mail.Ru

İDMAN

Elçin Cəfərov: “Məşqçilərin hesabatından sonra müvafiq qərarlar veriləcək”

“Rafiq Hüseynovun olimpiadada bürünc medal qazanması münasibətilə idmançının özünü, Gənclər və İdman Nazirliyini, Milli Olimpiya Komitəsini və güləş federasiyasını təbrik edirəm. Biz həm ondan, həm də İslam Abbasovdan yüksək nəticə gözləyirdik. Olimpiadada hər idmançının özünə görə dəyəri, qiyməti var”.

“Report”un məlumatına görə, bu fikirləri “Report”a açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Elçin Cəfərov Rafiq Hüseynovun (77 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal əldə etməsi barədə danışarkən deyib.

O bildirib ki, medalın erməni idmançı ilə qarşılaşmada qazanılması ikiqat sevindiricidir: “Fikrimcə, o, bizim güləş ənənələrimizi Tokioda da davam etdirdi. Hesab edirəm ki, iki iştirakçıdan birinin mükafat qazanması yaxşı nəticədir. Bəli, hər ikisindən gözləntilərimiz böyük idi. Onların ən azı finalda mübarizə aparmalarını istəyirdik. Amma arzu ilə reallıq tamam başqa şeylərdir. Ona görə də bu uğura hamımız sevinirik. İstərdik ki, digər güləşçilərimiz ölkəmizə daha yüksək nəticələrlə qayıtsınlar”.

Loading...
Yazının davamı reklamdan sonra

İslam Abbasovun (87 kq) da çıxışını dəyərləndirən Cəfərovun sözlərinə görə, bu, 25 yaşlı idmançının olimpiada kimi mötəbər yarışda ilk iştirakı idi: “Amma ilk dəfə olimpiya oyunlarında çıxış edib medal qazanan idmançıları da çox görmüşük. Hər insanın öz şansı var. İslamın rəqibi Daniel Heçavarria ondan üstün deyildi. Təəssüf ki, güləşçimiz kubalı idmançı ilə görüşdə üzərinə düşən məsuliyyəti dərk etmədi. Bunu dərindən hiss etsəydi, rəqibinə qalib gələ bilərdi. Çünki Heçavarria bu çəkidə favorit deyildi. Bu gün nəyisə analiz etməyin heç bir mənası yoxdur. Yarış dünən qurtarıb. Bəlkə də bu məğlubiyyətdən sonra özünə gələ bilməyib. Bunların hamısı araşdırılacaq və gələn yarışlar üçün hər şey öz yerini tutacaq”.

Vitse-prezident Abbasovun perspektivli güləşçilərimizdən biri olduğunu vurğulayıb: “İnanıram ki, öz məğlubiyyətindən nəticə çıxaracaq və gələn yarışlarda hər şeyi nəzərə alacaq. Amma bu, idmandır. Biri qalib gəlir, sevinir, digəri məğlub olur, kədərlənir. Hər şeyi olduğu kimi qəbul etmək lazımdır. Çox istərdik ki, Abbasov ilk olimpiadasında mükafatçı olsun. Təbii ki, rəhbərlik kimi onun çıxışından razı qala bilmərik”.

Cəfərov məşqçilər heyətinin Bakıya qayıtdıqdan sonra hər bir idmançı ilə bağlı hesabat verəcəyini söyləyib: “Bundan sonra öz fikirlərimizi açıqlayarıq. Məşqçilər korpusunu istənilən halda dəyişmək, yeniləmək olar. Olimpiadadan sonra rəhbərliyin onlarla toplantısı olacaq. Orada müvafiq qərarlar veriləcək. İndidən heç nə deyə bilmərəm. Çünki nəticə nə yuxarıdır, nə də aşağı. Bütün məsələlər araşdırıldıqdan sonra veriləcək qərarlar ictimaiyyətə açıqlanacaq”.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button