Top.Mail.Ru

İDMAN

Qurban Qurbanov: “İçimdə qalib gəlmək istəyi, prinsipiallıq çox idi”

“Futbolçularımı, azarkeşlərimizi təbrik edirəm. Son vaxtlar bu cür futbol həyəcanı yaşamamışdıq. Belə atmosfer üçün darıxmışdıq”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqisi Qurban Qurbanov Bakıda Kiprin AEL komandasında 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis yaxşı komandaya qarşı oynadıqlarını bildirib: “Özlərinə məxsus oyun üslübləri var. Səfərdəki bəzi səhvləri burada təkrarlamadıq. Oynamaq çətin idi. Meydançanın vəziyyəti də yaxşı deyildi. Amma şərtlər hər iki komanda üçün eyni idi. Futbolçularım diqqətli oynadılar. Onların döyüşməsindən razı qaldım. Vaxtımız azdır. Qarşıdakı matçlara hazırlaşmalıyıq. Düşünürəm ki, futbolçuların inkiaşfı üçün çox vacib qarşılaşma idi. Gənc futolçular belə görüşlərdə futbolun nə olduğunu dərk edirlər”.

Loading...
Yazının davamı reklamdan sonra

Qurbanov Tofiq Bəhramov adına Respublika stadionun ot örtüyünə görə başqa stadion sifariş verməyin çətin olduğunu vurğulayıb: “Bu, alınmaya bilər. Çünki vaxtımız elə də çox deyil. Bunun üçün nümayəndə gəlib baxmalıdır. “Azersun Arena” yaxşıdır, amma orada oynaya bilmərik. Növbəti matçlaradək ot örtüyündə bəzi dəyişiklərin olacağına inanıram”.

Mütəxəssis Filip Ozobiçi erkən əvəzləməsinin səbəbini də açıqlayıb: “İlk oyundan əvvəl də rəqibin baş məşqçisi Ozobiçi fərqləndirmişdi. Ona qarşı olduqca diqqətli oynayırdılar. İlk hissədə çox güc sərf etdi və yoruldu. Ayağında ağrılar var idi. Hər zaman demişəm ki, bu cür matçların taleyini daha çox oyuna sonradan girən futbolçular həll etməlidir”.

Onun sözlərinə görə, bugünkü qələbənin mənəvi tərəfi pis deyil: “Biz idman prinsipilərini əsas götürürük. Amma bəzən mətbuat konfransını maraqlı etmək üçün müxtəlif fikirlər səsləndiririk. Azarkeşlərimiz son dəqiqələrdə petarda yandırdıqları üçün cəza ala bilərlər. Düşünürəm ki, cəza bu qələbəyə dəyər. Futbolu gözəlləşdirən azarkeşlərdir. Bunları görəndə canlı futbolun nə olduğunu bilirsən. Azarkeşlər bəzən emosiyalarını cilovlaya bilmir. Bu da başadüşüləndir”

Qurbanov Kiprdəki qalmaqaldan sonra AEL-ə qarşı prinsipiallıq olduğunu gizlətməyib: “Məndə belə hallar əvvəllər də olub. Hətta bəzən daha sərt reaksiya vermişəm. İçimdə qalib gəlmək istəyi, prinsipiallıq çox idi. Amma hər zaman rəqibə hörmətlə yanaşmışam. Son dəqiqələrdə bir qədər aqressiv idim. Rəqib uzun toplarla oynamağı xoşlayırdı. İmkan vermək istəmirdik ki, uzun ötürmələrlə topu qapımız qarşısına göndərsinlər. Sonlarda özüm də aqressiv oldum ki, futbolçuları irəlidə görüm”.

Baş məşqçi Azərbaycansayağı künc zərbəsindən istifadə etməmələri ilə bağlı suala belə cavab verib: “Bunu rəqibə uyğun edirik. Bu gün də müəyyən ev tapşırıqları var idi. Bəlkə daha vacib görüşdə Azərbaycansayağı ev tapşırığından istifadə edəcəyik”.

Riçard Almeydanın transferinə də toxunan Qurbanov onun gedişindən sonra komandada xeyli dəyişikliklər olduöunu deyib: “Onun təcrübəsi bizim üçün çox vacibdir. Digər tərəfdən, Almeydanın meydanda neçə dəqiqə oynaması önəmli deyil. Əsas odur ki, onu meydana buraxanda arxayın oluram. Almeyda belə futbolçulardandır. Onun komandada olması yarımmüdafiənin mərkəzində çıxış edən futbolçuların daha az yorulmasına imkan verəcək. Almeyda güvəndiyim futbolçudur”.

Qurbanov iki cəbhədə oynamağın çətin olacağını bildirib: “Çünki komanda tam formalaşmayıb. Müəyyən çətinliklərlə üzləşə bilərik. Amma getdikcə daha yaxşı olacağımıza inanırıq. Bir neçə oyunçu almağı mütləq düşünürük. Bu, hücumçu, yarımmüdafiəçi, hətta müdafiəçi də ola bilər”.

Baş məşqçi potensial rəqibləri olan Şotlandiya “Aberdin”i ilə İslandiya “Breydablik”inin oyunlarına baxmadığını söyləyib: “Öncədən həmişə qarşımızdakı oyunu düşünmək istəmişəm. Bundan sonra növbəti rəqib barədə fikirləşəcəyik”.

“Neftçi”nin Finlandiyada HİK (Helsinki) klubuna uduzaraq, Avropa Liqasında mübarizəni dayandırması barədə də fikirlərini bölüşən Qurbanov həm özlərinin, həm də “ağ-qaralar”ın Konfrans Liqasında qrupa düşmələrini istədiyini qeyd edib: “Bu baş versə, çox yaxşı olardı. Belə oyunlar həm biz məşqçilərə, həm də futbolçulara böyük təcrübə qatır. Bilmədiklərimiz bildiklərimizdən daha çoxdur. Nə qədər fərqli komandalara qarşı oynasaq, daha da inkişaf edərik. “Neftçi”yə inanıram. Komandaya, Samir Abasova uğurlar arzulayıram. İnanıram ki, “Neftçi” pley-off səddini də keçəcək”.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button