Top.Mail.Ru

İDMAN

Zoran Qayiç: “Azərbaycanın voleybol millisindən nəsə gözləmək düzgün deyil”

“Azərbaycan millisinin Avropa çempionatındakı çıxışlarını izləyirəm. Görünür ki, komanda daha yaxşı oyun göstərə bilər. Oyunçular kifayət qədər gəncdir və onlardan nəsə gözləmək də düzgün deyil”.

“Report”un məlumatına görə, bu fikirləri Serbiyanın Serbiya Voleybol Federasiyasının prezidenti Zoran Qayiç deyib.

Funksioner Azərbaycan yığmasının heyətində bəzi aparıcı oyunçuların olmadığını xatırladıb: “Bir sual yaranır, Avropa çempionatı bitdikdən sonra bu qızlar harada oynayacaqlar? Bəli, hansısa xaricdə çıxış edəcək, amma bildiyim qədər hazırda Azərbaycanda ölkə çempionatı yoxdur. Gənc oyunçuların inkişafı üçün isə mütləq ölkə çempionatı təşkil olunmalıdır. Böyük idman ənənələri olan ölkədə hazırda Azərbaycan çempionatı niyə keçirilmir? Bütün bunlar oyunçuların inkişafına mənfi təsir edir. Azərbaycan millisini inkişaf etdirmək üçün mütləq çempionatı bərpa etmək və güclü liqa yaratmaq lazımdır. Ən azı 6 komanda olmalıdır. Bir neçə təcrübəli əcnəbi oyunçu da cəlb etmək lazımdır ki, azərbaycanlı voleybolçular mövsüm boyu onlarla birgə çıxış etsinlər və oyun praktikası qazansınlar”.

Loading...
Yazının davamı reklamdan sonra

Qayiç Azərbaycanın voleybol ənənələri olduğunu vurlayıb: “Mən də bir neçə il “Rabitə” klubunda çalışmışam və bu çempionatı görmüşəm. Azərbaycan birinciliyi Avropanın ən güclü çempionatlarından idi. Əlbəttə ki, həmin vəziyyəti qoruyub saxlamaq üçün böyük maliyyə lazımdır. O zaman “Azərreyl”, “Azəryol”, “Lokomotiv”, “Rabitə” avropanın ən güclü klubları sırasında yer alırdı. Xatırlayıram, həmin illərdə yaxşı təşkilatçılıq var idi. Azərbaycan milli də bu illərdə beynəlxalq yarışlarda daha yaxşı çıxış edirdi. Deməli yenidən 6 klub yaradılmalı, yerli oyunçular bu komandalarda yerləşdirilməlidir. Bu komandaları daha da gücləndirmək lazımdır ki, oyunçular da inkişaf etsinlər. Bunu təkcə federasiya edə bilməz. Bu işdə dövlət federasiyaya dəstək verməlidir. Məsələn, Serbiyada qayda belədir ki, federasiya dövlət büdcəsindən maliyyələşir və ümumi nəzarət edir. Ayrı-ayrı klubları isə aid olduqları şəhərlər ve sponsorlar maliyyələşdirir. Federasiya isə lazım olanda həmin komandalara dəstək verir. İlk növbədə klub səviyyəsində yaxşı təşkilatçılıq olmalıdır. Azərbaycan çempionatı keçirilməlidir. Bunsuz milli komandanı formalaşdırmaq çox çətindir”.

Federasiya rəhbəri Azərbaycanda işlədiyi dönəmi də xatırlayıb: “Hazırda Avropa Voleybol Konfederasiyasının İdarə heyətinin üzvü, Azərbaycan Voleybol Federasiyasının baş katibi Cəlil Cəfərov o zaman “Rabitə” klubunun prezidenti idi. Cəfərovun rəhbərliyi altında klubumuz çox böyük işlər həyata keçirib. Rabitə klubu dünya çempionu olub, bir neçə dəfə ölkə birinciliyinin qalibi adını qazanıb. Sizi inandırım ki, mənə yenə də Cəlil Cəfərovla birgə işləmək və Azərbaycanda bir komandanı idarə etmək təklif olunarsa, düşünmədən qəbul edərəm. Çünki mən Azərbaycan voleyboluna, oradakı təşkilatçılığa bələdəm. Bura mənə çox doğma ölkədir. Bir neçə ildir ki, Serbiya Voleybol Federasiyasının prezidentiyəm. Azərbaycan və Serbiya arasında hər zaman gözəl münasibət olub və inanıram ki, bu münasibət hələ çox davam edəcək. Azərbaycan Voleybol Federasiyasının vitse prezidenti Faiq Qarayevlə, AVF-nin baş katibi Cəlil Cəfərovla çox yaxşı münasibətlərimiz var. Onlar voleybolu çox sevən idman adamlarıdır və hər zaman ölkədə voleybolun inkişafı üçün çalışıblar. İnanıram ki, Azərbaycanın güclü ölkə çempionatı və avropa, dünya səviyyəsində güclü voleybolçuları olacaq”.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button