Top.Mail.Ru
İDMAN

Azərbaycan cüdoçusu: “Tanış rəqiblə görüşdə azacıq ağıl işlədən qalib gəlir”

“Ən ağır görüşlərim yarımfinal və finalda oldu. Həlledici qarşılaşmada öz komanda yoldaşımla üz-üzə gəldim. Görüş çətin keçsə də, sonda qalib gəldim”.

“Report”un Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu I MDB Oyunlarının qalibi olan Azərbaycan cüdoçusu Rövşən Əliyev deyib.

60 kq çəkidə final görüşündə komanda yoldaşı Əhməd Yusifovu məğlub edən idmançı bildirib ki, bir-birilərinin döyüş üslubuna bələd olması onlar üçün çətinlik yaradıb: “Məşqdə bir-birimizlə o qədər güləşirik ki, yarışa çıxanda azacıq ağıl işlədən qalib gəlir. Yusifovla sonuncu dəfə 2019-cu ildə Almaniyadakı Dünya kubokunda qarşılaşmışdım. Həmin vaxt ona ipponla uduzmuşdum”.

Rəqibini cərimə xalları hesabına məğlub edən Əliyev qələbənin önəmini vurğulayıb: “Necə qalib gəlməyindən asılı olmayaraq, qələbə qələbədir. Bir-birini tanıyan idmançıların öz aralarındakı görüşlərdə fənd işlətməsi çətin olur. Nadir hallarda belə şey baş verə bilər. Döyüşə çıxanda məşqçilər hər ikimizə uğurlar arzuladı. Bizdə döşəkdə əlimizdən gələni etdik”.

Finalda uduzaraq, gümüş medal qazanan Yusifov isə deyib ki, bir-birilərini yaxşı tanıdıqları üçün görüşün taleyi qızıl xalla həll olunub: “Bəlkə də risk edib fənd işlətsəydim, Rövşəni uda bilərdim. Amma alınmadı. Ona bir dəfə qalib gəlmişəm. Bu gün qismətdə məğlubiyyət var imiş”.

Onun sözlərinə görə, I MDB Oyunlarındakı nailiyyət karyerasında xüsusi yer tutacaq: “Zəif yarış deyil. İkinci yerə çıxdığım üçün sevinirəm. Ən çətin döyüşüm finalda oldu. Yəqin ki, gələcəkdə aramızda revanş görüşü olacaq”.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button