Top.Mail.Ru
İDMAN

Elçin İsmayılov: “Hakimlər cüdoçumuza qarşı qərəzli oldu”

“Uşaqlar əllərindən gələni etdilər. Adil Kərimov (100 kq) fərdi yarışda zədələndiyi üçün ağrıkəsici ilə güləşdi. Bu isə ona təsir etdi. Səbinə Əliyeva (52 kq) və Elçin Hüseynovdan (66 kq) qələbə gözləyirdik. Onlarda da nəsə alınmadı. Bəlkə də dünənki yarışın yorğunluğu öz təsirini göstərib. Biz komandamızdan qələbə və çempionluq gözləyirdik”.

“Report”un Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu I MDB Oyunlarında gümüş medal qazanan Azərbaycanın gənclərdən ibarət cüdo komandasının baş məşqçisi Elçin İsmayılov deyib.

39 yaşlı mütəxəssis hakimlər haqqında fikirlərini bölüşüb: “Hakimlik göz qabağında idi. Bizə tez, rəqibə isə gec xəbərdarlıq verirdilər. Bu da idmançılara psixoloji təsir edirdi. Diana Şoranovanın (63 kq) uduzduğu görüşdə hakimlərin qərəzli olduğunu düşünürəm”.

İsmayılov dünənki fərdi yarışlardan sonra finalda uduzduqları Özbəkistan seçməsinin favorit göstərilməsinə münasibət bildirib: “Komanda yarışı tam başqadır. Burada başqa motivasiya və psixoloji durumlar olur. Adil Kərimov dünən bütün görüşlərində rahat qələbə qazanırdı. Amma rəqib Adil zədəli olsa belə, ondan çəkinirdi. Onlar favorit olsa da, digər çəkilərdə də bizdən çəkinirdilər. Diana Şoranovanın çəkisində hakimklərin qərəzli olması bizə təsir etdi. Səbinə Əliyevadan da qələbə gözləyirdik, çünki dünən fərdi yarışlarda çempion olmuşdu. Ümid edirdik ki, rəqibini məğlub edəcək. Amma alınmadı”.

Baş məşqçi kişilərin fərdi yarışında istədikləri nəticəni əldə etmədiklərini sözlərinə əlavə edib: “Murad Fətiyevdən (81 kq) qızıl medal gözləyirdik. 73 kq çəki dərəcəsində ən azından finala ümid edirdik. İdmançılar özlərini yaxşı göstərə bilmədilər. MDB Oyunlarında bəlkə də qızların yarışında istədiyimiz nəticəni qazandıq. Oğlanlardan isə daha yaxşı nəticə gözləyirdik”.

Mütəxəssis son olaraq gənc cüdoçuların əsas komandada məşq etməsinə toxunub: “Murad Fətiyev (81 kq), Nurlan Osmanov (73 kq), Əhməd Yusifov, Rövşən Əliyev (hər ikisi 60 kq) demək olar k,i əsas komanda ilə hazırlıq keçir. Bütün ölkələrdə gənclər və böyüklər birlikdə məşqlərə qatılır. Çünki gənclər onlarla məşq edə-edə artıra bilər. Onlar böyüklərlə güləşsələr, inkişaf edəcəklər”.

Qeyd edək ki, Azərbaycan cüdoçuları I MDB Oyunlarının fərdi yarışlarını 2 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button