Top.Mail.Ru

İDMAN

Azərbaycan millisininn qapıçısı: “Hansısa komandaya yuxarıdan aşağı baxmaq olmaz”

“Sayca altıncı dəfə bu yarışda iştirak edəcəyik. Final mərhələsində ilk oyunumuzu Gürcüstan millisinə qarşı keçirəcəyik. Daha sonra yaxından tanıdığımız İspaniya və Bosniya və Herseqovina yığmaları ilə qarşılaşacağıq. Gürcüstan bu mərhələyə yüksəlmək üçün Rusiya və Fransa kimi iddialı komandalarla bir qrupda mübarizə aparıb və ikinci yerin sahibi kimi işinin öhdəsindən gəlməyi bacarıb”.

“Report”un bu fikirləri futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Avropa çempionatının final mərhələsinin püşkatması barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Təcrübəli qolkiper Gürcüstan yığmasının heyətində braziliyalı futzalçıların da yer aldığını xatırladıb: “Onlar fərdi keyfiyyətlərinə görə seçilən oyunçulardandır. Gürcüstan Avropa çempionatında debüt etsə də, güclü rəqibdir. Ümumiyyətlə, bu mərhələdə iştirak edən hansısa komandaya yuxarıdan aşağı baxmaq olmaz. Biz dəfələrlə belə yarışlarda iştirak etdiyimizdən, təcrübəmiz çoxdur. İllərlə qazandığımız bu təcrübədən faydalanmalı, yaxşı hazırlaşmalıyıq”.

Loading...
Yazının davamı reklamdan sonra

Hüseynlinin sözlərinə görə, İspaniya seçməsi haqqında geniş danışmağa dəyməz: “Bu komanda iştirak etdiyi bütün turnirlərdə favoritlər sırasında yer alır. Amma İspaniyaya qarşı hər zaman layiqli mübarizə aparmışıq. Hətta 4 il əvvəlki qitə birinciliyində bir qrupda yer almışdıq. Həmin vaxt 1 top fərqi ilə yenildik. Halbuki həmin qarşılaşmada qələbə qazanmaq üçün imkanlarımız az olmadı. Ümid edirəm ki, bu dəfə daha yaxşı oyun nümayiş etdirib, lazım olan nəticəni qazanacağıq. Bosniya və Herseqovina ilə 2017-cı ildə qarşılaşmışıq. Bu görüş Bakıda keçirilmişdi. Çox ağır oyun oldu, 5:4 hesabı ilə qələbə qazandıq. Hündürboylu oyunçulara sahib idilər. Fərqli oyun üslubuna malik komandadır. Düzdür, bizə qarşı oynayan heyətdə çox dəyişiklik edilib. Üstəlik, onlar da qrup lideri kimi final mərhələsinə vəsiqə qazandılar, Serbiya, Rumıniya kimi komandaları geridə buraxdılar”.

30 yaşlı oyunçu qarşıda 3 aya yaxın vaxtlarının olduğunu xatırladıb: “Bu müddət ərzində yaxşı hazırlıq keçməli, yoldaşlıq oyunlarında gücümüzü sınamalı, zəif tərəflərimizi düzəltməliyik. Çempionata hazır getməliyik ki, irəliləmək şansımızı qaçırmayaq. Həm də nəzərə almalıyıq ki, bu dəfə qrupda 3 yox, 4 komanda yer alacaq. Əvvəl, bəzən 1 xalla da növbəti mərhələyə yüksəlmək mümkün idi. Bu dəfə belə olmayacaq”.

Qeyd edək ki, Azərbaycan millisi final mərhələsində Gürcüstan, İspaniya, Bosniya və Herseqovina yığmaları ilə birlikdə D qrupunda mübarizə aparacaq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button