Top.Mail.Ru

KAİNAT TV

İlham Əliyev: “O, anaların göz yaşlarına görə cavab verəcək”

“30 il ərzində ciddi eşelonlaşdırılmış müdafiə xəttini qırdıq, orada relyef özü müdafiə üçün münasibdir. Biz aşağıdan yuxarıya getdik, beton plitələri sındırdıq, Azərbaycan Ordusunun qeyri-adi səyləri, əsgərlərimizin və zabitlərimizin qəhrəmanlığı lazım gəldi. Oradan Ermənistanın istənilən nöqtəsinə keçmək bizim üçün çox asan idi. Lakin mən bunu dayandırdım, dedim ki, yox, biz bunu etməyəcəyik, biz onlar deyilik”.

AZXEBER.COM-un məlumatına görə, bunu Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, biz Ermənistanın beynəlxalq aləmdə tanınmış ərazisinə keçməyəcəyik: “Biz sərhədə qədər getdik, oraya soxulmuş işğalçıları qovduq və dayandıq. Yəni bundan sonra biz təcavüzkarı cəzalandırmalı idik ki, o, bir də bizim tərəfə baxmağa belə cəsarət etməsin. Biz bunu etdik, baxın, görün indi Paşinyan necə rəzil vəziyyətdədir. Alçalır, zəng edir, yalvarır, daha kimlərə zəng etmir. Avropa İttifaqı hökumətlərinin başçılarına. Bəs, o, nə tələb edir? Onların “Dağlıq Qarabağ respublikası”nı tanımasını tələb edir. Yəni bu, Ermənistan rəhbərliyinin tamamilə qeyri-adekvat olmasına dəlalət edir. Azərbaycan ilə Avropa İttifaqı arasında sazişlər var, – onlardan biri 2 il bundan əvvəl paraflanıb, – orada deyilir ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına hörmət edir. Avropa İttifaqının üzvü olan yeddi ölkə ilə bizim strateji tərəfdaşlığımız haqqında sənədlər var. Bu ölkələrin hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyır. “Dağlıq Qarabağ respublikası”nın tanınmasını siyasətdən və beynəlxalq sahədə hər hansı biliklərdən tamamilə uzaq olan adam tələb edə bilər. Görün, onlar nə həddə çatıblar. Biz onları cəzalandırmalı idik. Biz onlara yerlərini göstərməli idik ki, bizimlə belə danışmaq olmaz, bu, onlara asan başa gəlməyəcək. Belə də oldu. O, anaların göz yaşlarına, cəbhəyə göndərdikləri Ermənistanın günahsız gənc vətəndaşlarının ölümünə görə cavab verəcək”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button