Top.Mail.Ru
KAİNAT TV

Naxçıvanda “Azərbaycanda ətraf mühitin qorunmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib – FOTO

Mayın 20-də Batabat Astrofizika Rəsədxanasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümyəndəliyinin, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə “Azərbaycanda ətraf mühitin qorunmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.

KAİM.az xəbər verir ki, Ümumilli Liderin anadan olmasının 101, Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə, “Yaşıl dünya naminə həmrəylik ili”nə və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Saytların yığılması Saytların yığılması

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə ekoloji tarazlığın qorunması istiqamətində kompleks tədbirlər həyata keçirilib, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaradılıb.Görülən işlərin nəticəsi olaraq ölkəmizin zəngin flora və fauna müxtəlifliyi qorunub, təbii sərvətlərdən səmərəli istifadə prioritet məsələ kimi diqqətdə saxlanılıb. Ölkəmizdə bu sahədə fəaliyyəti tənzimləyən dövlət qurumları yaradılıb, eyni zamanda, mükəmməl qanunvericilik bazası formalaşdırılıb. Azərbaycanın inkişaf konsepsiyasının müddəalarına uyğun olaraq iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsinə nail olunub.

Görkəmli dövlət xadiminin “Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir” fikirlərini xatırladan Fuad Nəcəfli diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, o cümlədən ekologiya sahəsində verdiyi tövsiyələr bu gün ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamına əsasən 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Həmçinin qeyd edib ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetindən biri də “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” yanaşmasıdır. Həmin prioritetə uyğun olaraq ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi əsas hədəfdir. Artıq ölkə Prezidenti işğaldan azad edilmiş Qarabağı və Şərqi Zəngəzuru, eləcə də Naxçıvan Muxtar Respublikasını yaşıl enerji zonası elan edib, ekosistemin bərpasına, “ağıllı şəhər” və “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiqinə başlanılıb.

Səlahiyyətli nümayəndə vurğulayıb ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da qeyri-sabit hava şəraitinin hiss olunması iqlim problemləri ilə əlaqədar ölkə səviyyəsində tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsini zəruri edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bu il ölkəmizdə keçiriləcək. Sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi və beynəlxalq nüfuzu sayəsində Azərbaycan COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə işinə mühüm töhfələr verəcək. Bu gün Azərbaycan Prezidenti tərəfindən görülən işlər və ölkəmizdəki mövcud qanunvericilik sistemi ətraf mühitin mühafizəsi sahəsində sistemli tədbirlərin icrasına imkan verir. “Azərbaycanda ətraf mühitin qorunmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfransda da ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərə bir daha diqqət yetiriləcək və yeni hədəflər müəyyənləşdiriləcək.

Fuad Nəcəfli dövlətimizin başçısının Azərbaycanda ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyət çərçivəsində Naxçıvanı yaşıl enerji zonası elan etdiyini diqqətə çatdıraraq vurğulayıb ki, bu istiqamətdə konkret layihələr icra olunacaq.Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin rəhbərliyi aidiyyəti qurumlarla birlikdə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı müşavirə keçirilib, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-la bağlı İşçi Qrupu yaradılıb və bu istiqamətdə tədbirlərə başlanılıb. Bugünkü konfransın da, bu mənada, mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən səlahiyyətli nümayəndə konfransın işinə uğurlar arzulayıb, təşkilatçılara və iştirakçılara təşəkkür edib, çıxışını Ümummilli Lider Heydər Əliyevin “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” fikirləri ilə bitirib.

Konfransda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini, nazir vəzifələrini icra edən Xanlar Mustafayev, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev, AMEA-nın müxbir üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru Əlövsət Quliyev, Naxçıvan Dövlət UniversitetinineElm və innovasiyalar üzrə prorektoru, biologiya üzrə fəlsəfə doktoru Elsevər Əsədov, Naxçıvan Dövlət Universitetinin Əczaçılıq və biokimya kafedrasının professoru, AMEA-nın həqiqi üzvü Tariyel Talıbov və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Tural Əsgərov çıxış ediblər.

Tədbir bədii hissə ilə davam edib. Naxçıvan Dövlət Universiteti Musiqi Kollecinin sazçalanlar ansamblı aşıq mahnıları ifa ediblər.

Sonra akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Batabat ərazisində yaşıllaşdırma aksiyası keçirilib. Səlahiyyətli nümayəndə universitetin könüllü tələbələri ilə ağac əkib. Əkin zamanı ərazinin iqlim şəraitinə uyğun olan kol bitkilərinin toxumlarından da istifadə edilib. Tələbələr “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş plakatlar nümayiş etdiriblər.

Konfrans çərçivəsində Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələri Batabat yaylağının əsrarəngiz təbiətinə dair etüd təşkil ediblər. Həmçinin könüllü tələbələrin iştirakı ilə Batabat ərazisində təmizlik aksiyası da keçirilib.

 

Bənzər yazılar