Top.Mail.Ru

MANŞET

TƏCİLİ! Türkiyədən həm özünü, həm Azərbaycanı xilas edəcək ADDIM – Bu tarixdən etibarən…

Türkiyə iki il ərzində “Altay” milli döyüş tankının kütləvi istehsalına başlayacaq.

“CNN Türk”ün məlumatına görə, hazırda döyüş vasitəsinin sınaqları keçirilir. 65 tonluq maşın “Aselsan” tərəfindən hazırlanmış müdafiə sistemi ilə təchiz ediləcək.

Bu sistem tankı “Javelin” kimi ən müasir tank əleyhinə raket sistemlərindən belə qoruyacaq. İşlərin 2023-cü ildə başa çatdırılması planlaşdırılır. Yeni nəsil zirehlərlə təchiz olunacaq tankın atəş məsafəsi 8 km olacaq. Yanğına nəzarət kompüter sistemindən istifadə etməklə həyata keçiriləcək. Rəsmi Ankara bu döyüş maşınlarından 1000 ədəd istehsal etməyi planlaşdırır. Gələcəkdə tankın pilotsuz versiyalarının buraxılması da nəzərdə tutulub. “Altay” Türkiyə ordusunda Almaniyanın “Leopard” və ABŞ-ın M60 tanklarını əvəz edəcək.

Loading...
Yazının davamı reklamdan sonra

Gələn il həmçinin Türkiyə öz milli qırıcılarının istehsalına başlayacaq. Həmin qırıcıların hətta ABŞ-ın F-35-lərini üstələyəcəyi gözlənilir. Bununla da qardaş ölkənin xaricdən silah asılılığı faktiki aradan qalxacaq. Az öncə Ərdoğan demişdi ki, xaricdən silah asılılığı olan ölkənin müstəqilliyi təhlükə altındadır.

Bu xüsusda Türkiyə hərbi sənayesinin uğuru təbii ki, bizim də uğurumuzdur. Qardaş ölkənin artan hərbi gücü bizim hərbi gücümüzdür. Hər halda, həmin tank və qırıcılar Azərbaycan Ordusunun da arsenalında olacaq.

9 may Qələbə Günü bizə XATIRLATDI

Alp Arslan İmamqulu: “Qardaş ölkə bunları müstəqil olaraq istehsal edə bilirsə…”

“M5 Müdafiə və Strategiya jurnalı”nın regional təmsilçisi, hərbi analitik Alp Arslan İmamqulu bir sıra maraqlı məqamlara aydınlıq gətirdi: “Türkiyənin müdafiə sənayesini inkişaf etdirməsi daha çox onun asılılığının azaldılmasına hesablanıb. Burada da bir çox məqamlar var. İlk növbədə, istənilən dövlət öz sənayesini inkişaf etdirərək əldə olunmuş uğurları bir növ iqtisadi bəhrəyə çevirə bilir. Bununla yanaşı, bu asılılıq həm iqtisadi yöndədir, həm də başqa ölkələrdən silahlar alarkən mövcud olan şübhəli məqamların aradan qaldırılması ilə əlaqədardır. Xüsusilə kəşfiyyatda istifadə olunan avadanlıqlar, uzaqdan idarə olunan yüksək texniki vasitələr, dəqiq vuran raket və artilleriya sistemlərinin təmin olunmasında yerli istehsalın olması önəmlidir. Təbii ki, bu, gün qardaş ölkə bunları müstəqil olaraq istehsal edə bilirsə, bu iqtisadi gücünün artmasına, müdafiə və təhlükəsizliyinin təminatına hesablanıb. Burada bizi sevindirən məqam odur ki, Azərbaycan olaraq, həm müdafiə sənayemizin inkişaf etdirilməsinə dair Türkiyə ilə müttəfiqlik sazişimiz var. Bununla yanaşı, Türkiyədə bir çox yeni istehsal edilən vasitələri əldə etməyimiz müdafiə imkanlarımızı artırmış olacaqdır. Biz bunlardan ən önəmli olan pilotsuz uçuş aparatlarının tətbiqini gördük. Xüsusən də ”Bayraktar”ları tətbiq etməyimiz, bizdən sonra bir sıra dövlətlərdə buna marağın göstərilməsi məhz Azərbaycanın Vətən müharibəsində əldə etdiyi uğurla əlaqədardır. Amma bununla kifayətlənməyərək “Altay” tanklarının istehsal olunması, bu tankların uzaq məsafəyə atış imkanlarının və tank əleyhinə vasitələrdən qoruna bilən olması ən müasir tanklarla müqayisədə belə ciddi nailiyyətdir. Türkiyənin raket və artilleriya sahəsində uzaq məsafəni vuran vasitələrin istehsalında əldə etdiyi uğurlar da bilinməkdədir. Qardaş ölkə NATO üzvü olsa da, bir sıra sanksiyalarla da üzləşməkdədir. Bunlardan biri də pulunu ödəməsinə baxmayaraq F35-lərin hələ də  təslim olunmamasıdır. Amma bu sahədə də Türkiyə bir çox irəliləyişlər əldə edib. Hətta elan edib ki, yaxın gələcəkdə F35-ləri üstələyəcək qırıcı təyyarələr istehsal edəcək. Bütün bu inkişaf yolunu, Ulu Öndərimizin dediyi “Bir millət iki dövlət” fikirlərini və rəsmi qaydada müttəfiqliyimizi nəzərə alaraq qardaş Türkiyənin nailiyyətləri bizim də uğurumuzdur deyə bilərik.  Bu  mənada Azərbaycanın müdafiə sənayesinin tez bir zamanda inkişaf etdirilməsi və müdafiə imkanlarımızın daha da artırılması mütləqdir”.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror, diversiya aksiyaları həyata keçirir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ramil Məmmədli: “Bu tankların döyüş imkanları analiz edilməlidir”

Hərbi icmalçı Ramil Məmmədli bildirdi ki, “Altay” tankının yaradılması ilə bağlı işlər uzun illər əvvəl başlanıb: “2000-ci illərin əvvəllərində prosesə start verilib. Cənubi Koreyanın ”Hyundai Rotem” şirkətinin istehsalı olan “K2″ döyüş tankının bazası üzərində formalaşdırılan ”Altay” tankının layihəsi Koç özəl holdinqinin bir hissəsi olan Otokar şirkətində olub. Bu şirkət uzun illər bu layihəni icra edib. Prosesləri yaradılma mərhələsinə qədər gətirib çıxarıb. 2016-cı ildə bu layihə məlum olmayan səbəblərdən həmin Otokar şirkətindən alınaraq Türkiyənin BMC şirkətinə verilib. Bildirilir ki, bu şirkət hazırkı Türkiyə hakimiyyətinə yaxın insanlara bağlıdır. Bu layihənin yekunlaşması prosesi BMC-nin adı ilə bağlı oldu. Əslində sınaqlar mərhələsində olan tank 2017-ci ildə son sınaqlar mərhələsinə daxil oldu. Bir il sonra isə artıq sınaqlardan çıxmış hesab olundu. 2023-cü ildə sınaq mərhələsi bitən “Altay” tanklarının sənaye istehsalına başlanılacaq. Bu tanklar və istehsal olunacaq döyüş silahları Türkiyə tarixi üçün bir yenilik olacaq. Amma burada bir məsələ də var. Hərbi sənayedə qardaşlıq məsələsi bir qədər önəmli deyil. Burada texnikanın əhəmiyyəti çox vacibdir. Azərbaycan nəyə görə “T-72″ və ”T-90″ tanklarını aldı? Dünyada ən çox satılan tanklardır. İstənilən modernləşmə adekvat reaksiya verir. Amma “Altay” tankının və haqqında bəhs edilən döyüş təyyarəsinin necə olacağı gələcəkdə bilinəcək. Qarşıdakı zamanda bu tankların döyüş imkanları analiz edilməlidir. Bunun nəticəsində vəziyyətin necə olacağını biləcəyik. Azərbaycan Ordusu bundan sonra bu tankları hərbi sənayesinə daxil edə bilər”.

“Yeni Müsavat”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button