Top.Mail.Ru
MANŞET

Zəngəzur dəhlizi İrana niyə DƏRD OLDU? – Tehran yeni reallıqla BARIŞA BİLMİR

“İran rəsmilərinin, o cümlədən Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-mayor Məhəmməd Baqirinin Azərbaycan-Ermənistan sərhədləri ilə bağlı verdiyi bəyanat təəccüblüdür. O mənada ki, əvvəla bu bəyanat çox həssas olan bölgəmizdə müharibə gərginliklərinin ortadan tam qalxmadığı bir dövrdə verilib”.

KAİM.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Saytların yığılması Saytların yığılması

O bildirib ki, Zəngəzur dəhlizinin açılmasının İran sərhədləri üçün heç bir dəxli yoxdur:

“Təbiidir ki, davamlı və uzunmüddətli sülhün yaranma prosesinin içində olduğumuza görə bu bəyanat həmin prosesin uğurla yekunlaşdırılmasına müsbət təsir göstərmək gücündə deyil, əksinə ona maneə törətmək imkanlarındadır. Digər tərəfdən Baqirinin bu bəyanatı Vətən müharibəsindən sonra bölgədə yaranmış reallıqların təbiətinə və tələblərinə uyğun deyil.

Ona görə ki, yaranmış yeni reallıqlar noyabrın 10-da 2020-ci ildə imzalanmış Azərbaycan-Ermənistan-Rusiya üçətərfli bəyanatında əks olunmuş maddələrin yerinə yetirilməsini birmənalı tələb edir. Həmin maddələrdən biri isə Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan arasında Zəngəzur dəhlizinin yaradılmasını, açılmasını özündə ehtiva edir.

Sözsüz ki, bu maddənin yerinə yetirilməsi müharibədən sonra yaranmış reallıqların tələblərinə tam cavab vermək olardı. Ancaq təəsüf ki, İran hakimiyyəti, onun bəzi rəsmiləri bu cür bəyanatlar verməklə həm müharibədən sonrakı reallıqları tam qəbul etmədiklərini nümayiş etdirirlər, həm 10 noyabr sənədinin tam şəkildə icrasını məqbul saymadıqlarını göstərirlər, eyni zamanda bu cür çağırışlar həm Azərbaycanın, həm də Ermənistanın bir dövlət olaraq suveren hüquqlarına uyğun deyil.

Ona görə ki, əvvəla burada Azərbaycan və Ermənistanın sərhədlərinin dəyişməsindən heç bir halda söhbət getmir. İkincisi, hətta Azərbaycanla Ermənistan suveren ölkələr olaraq öz sərhədlərinin hansısa bir formada dəyişilməsi ilə bağlı razılığa nə vaxtsa gələcəklərsə də belə, bu, İrana dəxli olmayan bir məsələdir.

Həqiqətən də əgər bu gün İran Əfqanıstanla və yaxud da ki, Türkiyə ilə öz sərhədlərinin dəyişdirilməsi üçün müəyyən səylər göstərsə və buna sonda nail olsa, bunun Azərbaycana nə qədər dəxli olacaqsa, bu gün Ermənistan-Azərbaycan sərhədlərinin də hər hansı bir dəyişmək ehtimalının İrana bir o qədər dəxli olacaq.

Əslində Azərbaycan-Ermənistan sərhədlərinin dəyişməsinin İrana hansı formada dəxlinin olması olduqca təəccüblü görünür. İki suveren ölkə lazım bilsələr, razılaşsalar öz aralarında sərhədlərin delimitasiya prosesini istənilən kimi həyata keçirə bilərlər və burada İranın hər hansı bir formada qıcıqlanmasına əsas yoxdur.

Digər tərəfdən isə söhbət Azərbaycan-Ermənistan sərhədlərinin dəyişməsindən yox, sərhədlərin delimitasiyasından gedir. Bu delimitasiya isə bütün hallarda bütün ölkələrin yaşadığı və yaşaya biləcəyi prosesdir. Bu gün xüsusilə MDB məkanında çoxlu sayda ölkələr göstərmək mümkündür ki, onların digər qonşuları ilə sərhədləri hələ tam şəkildə delimitasiya olunub qurtarmayıb. Ona görə də İran rəsmisinin narahatlığı şəraitə uyğun, adekvat olmayan narahatlıqdır.

Eyni zamanda onu da deyim ki, Zəngəzur dəhlizinin də açılmasının İran sərhədləri üçün heç bir dəxli olmayan məsələdir. Ona görə ki, Azərbaycanın Qərbi ilə Naxçıvanın arasında istər dəhliz məntiqi ilə, istərsə də hər hansı məntiqlə əlaqənin, kommunikasiyanın yaradılması İran-Ermənistan sərhədlərinin dəyişməsi demək deyil. Burada aşkar görünür ki, İran belə bir dəhlizin, xüsusilə də Naxçıvanla Azərbaycanın Qərbi arasındakı dəhlizin açılmasından ifadə edə bilməyəcəyi bir məntiqlə, motivlərlə narazıdır. Hansı ki, bu narazılığın Azərbaycanın dövlət siyasəti ilə hər hansı bir əlaqəsi yoxdur.

İran yaxşı olar ki, müharibədən sonrakı reallıqları özündə ehtiva edən 10 noyabr üçtərəfli sənədinin icrasında tam şəkildə maraqlı olduğunu ifadə edən davranışlar ortaya qoysun”.

Qeyd edək ki, İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-mayor Məhəmməd Baqiri hərbi paradda çıxışı zamanı rəsmi Bakını təhdid edib. O, hərbi paradda çıxışı zamanı Ermənistan sərhədinin dəyişəcəyi təqdirdə sakit oturmayacaqlarını deməklə Azərbaycanı hədələyib.

//Milli.Az

Bənzər yazılar