Top.Mail.Ru

MANŞET

Rusiya və ABŞ-ın “SÜLH” davası – Blinken Paşinyana niyə TƏPİNİB?

Ermənistan öz havadarlarından aldığı sifarişlərə uyğun şəkildə, həmçinin “gah nala, gah mıxa vurma siyasəti”ni davam etdirməklə sülh danışıqlarının məntiqi sonluğuna çatmasını uzatmaqdadır. Baş nazir Nikol Paşinyan az qala hər həftə fərqli mövqelərdən çıxış edir, ilin sonunadək sülh sazişinin imzalana biləcəyi iddiasını irəli sürdüyü halda, qəfildən “U dönüşü” edərək, hansısa “çərçivə sazişi” ideyasını irəli sürür.

Deyəsən, Paşinyan unudub ki, o, iki il əvvəl kapitulyasiya aktına hansısa masanın altında imza atan birisidir və bu gün Azərbaycanın qarşısında şərt qoymağa üzü, həmçinin ixtiyarı yoxdur. Belə olan təqdirdə, gah vaxtaşırı getdiyi ünvanlarda üzü şillə görən “bacısı” Makrondan, gah Ermənistanın sərhədlərini “qırmızı xətt” sayan ayətullahlardan, gah da Qarabağda vardanyankimilər fəsiləsindən olan birisinin oyunbazlığına start vermiş şimal qonşumuzdan aldığı təlimatlara uyğun şəkildə davranması, üstəlik, digər çevrələrin xoşuna gəlməkdən ötrü, onların bölgəmizə burun soxmalarına rəvac verə biləcək təxribatlara əl atan Ermənistan rəhbərliyi necə təhlükəli davranışlar sərgilədiyinin fərqində olmalıdır. Azərbaycan Prezidenti son xəbərdarlıqları ilə bir daha Ermənistana və onun havadarlarına şans verib.

Xəbər verildiyi kimi, bugünlərdə ABŞ dövlət katibi Entoni Blinkenin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı olub. Telefon danışığı zamanı Blinkenin Paşinyanla kifayət qədər sərt danışdığı iddia edilir. Bu barədə “Past” erməni qəzeti məlumat yayıb. Nəşr yazır ki, dövlət katibi bir sıra protokol formalarla yanaşı, Paşinyanı sülh prosesini dəstəkləmək üçün konkret nəticələrə doğru irəliləyişi davam etdirməyə çağırıb: “Diplomatik mənbənin bildirdiyinə görə, Blinken Paşinyanla kifayət qədər kəskin tonda danışıb ki, bunun da geosiyasi səbəbləri var. Belə ki, ABŞ tərəfi Rusiyanın münasibətlərin nizamlanmasına dair təklifləri ilə bağlı Ermənistanın siyasi sferasında səslənən mesajlardan ciddi narahatdır. Məsələ ondadır ki, Ermənistan hakimiyyəti dəfələrlə açıq şəkildə bəyan edib ki, onlar Rusiyanın təkliflərinə (”status” məsələsini gələcək nəsillərin öhdəsinə buraxmaq, Rusiya sülhməramlılarının müddətinin uzadılması və s.) tərəfdardırlar. Vaşinqton da “Rusiya variantı”nın üstünlük təşkil edəcəyindən ciddi şəkildə narahatdır ki, bu da öz geosiyasi maraqları və ambisiyaları ucbatından Qərbin regionumuzdakı planlarının iflasa uğraması demək olacaq. Təbii ki, Rusiyanın istənilən aktivləşməsi, onun təsir dairələrinin bərpası və ya genişlənməsi, yumşaq desək, Qərbi və xüsusən də ABŞ-ı narahat edir”. Maraqlıdır ki, erməni siyasi şərhçilərindən biri Blinkenin Paşinyana “təpinməsi”ni həm də Azərbaycanın İsraildə səfirlik açmasının İsrailin siyasi-hərbi rəhbərliyində, Amerika Yəhudi Komitəsində, ümumən yəhudi dünyasında böyük məmnunluqla qarşılanması, həmçinin Blinkenin özünün yəhudi olması ilə, həmçinin bu qərardan sonra Azərbaycan-İsrail-Türkiyə strateji üçbucağının daha konkret məzmun qazanacağı ilə izah edib. Bəs ABŞ özü tərəflərə nə vəd edir? Xüsusən bölgənin açar ölkəsi Azərbaycanı razı salmaq üçün hansısa planı varmı? Xatırladaq ki, bu ay Azərbaycan və Ermənistan rəhbərləri arasında Brüsseldə növbəti görüş planlaşdırılır.

Ən son məlumata görə, Rusiya Prezidenti Vladimir Putin noyabrın 23-də Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə ikitərəfli görüşün İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı dövlət başçılarının sammiti çərçivəsində keçiriləcəyini deyib. Putinin Paşinyanın qulağına nələri pıçıldayacağı suallar doğurur.

Sahib Alıyev: Azərbaycan koronavirusa qarşı regional və qlobal müstəvidə fəal mübarizə aparır - AZƏRTAC

Sahib Alıyev: “Moskvanın planı İrəvanın Vaşinqton variantına üstünlük verməsinə görə deyil, rəsmi Bakının onu rədd etməsi səbəbindən baş tutmur”

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda çıxan “Past” qəzetinin ABŞ dövlət katibi Blinkenin Ermənistanın baş naziri Nikol Paşinyanı son telefon danışığı zamanı kəskin tənqid etməsi haqda yazı faktdan çox “pas”dır: “Ümumiyyətlə, bizim dilə tərcümədə adı “Fakt” olan bu qəzet olanları işıqlandırmaqdan daha çox geosiyasi tapşırıqlar icra edir ki, Blinkenlə Paşinyan arasındakı telefon danşığı haqda yazılanlar da bu qəbildəndir. Soçidə və ondan sonra verdiyi açıqlamalara görə, Blinken Paşinyanı bir halda tənqid edə bilərdi ki, onun mahiyyətindən xəbərsiz olsun. Paşinyanın Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması ilə bağlı Moskvanın irəli sürdüyü variantı dəstəklədiklərini vurğulaması, Putinlə görüşdə öncədən yazılmış mətndən oxuyaraq, israrla bunun Soşi görüşünün nəticələrinə aid bəyanata da salınmasını istəməsi, əslində Rusiyanın və onun prezidentinin əleyhinə yönəlmiş boşboğazlıqdır”. S.Alıyevin fikrincə, bu, Kremlin yiyəsindən Valdaydakı çıxışına görə intiqam almaq məqsədi daşıyırdı: “Çünki Valdaydakı çıxışında Putin açıq mətnlə Qarabağ məsələsində Moskvanın İrəvandan daha çox haypərəst mövqedə durduğunu, Ermənistan rəhbərliyinin Azərbaycanın torpaq bütünlüyünün tanındığı Vaşinqton variantına üstünlük verdiyini bildirmişdi. Paşinyan da qeyd etdiyim kimi, öncədən yazılmış və ondan da açıq mətnlə Rusiyanın irəli sürdüyü normallaşma variantını tam dəstəklədiklərini, hətta bunun tezliklə reallaşmasını istədiklərini dilə gətirməklə göstərdi ki, Moskvanın planı İrəvanın Vaşinqton variantına üstünlük verməsinə görə deyil, rəsmi Bakının onun rədd etməsi səbəbindən baş tutmur. Beləliklə də o, Putini hayca desək, “past” qarşısında qoydu. Həmçinin Ermənistandakı Rusiya tərəfdarlarına reallığın nədən ibarət olduğunu, Moskvanın region üzərində təsirinin azalması səbəbindən digər güc mərkəzləri arasında özlərinə dayaq axtardığını göstərdi”. Blinkenin zənginə gəldikdə, deputat xatırladtı ki, o, təkcə Paşinyana deyil, eyni gündə cənab İlham Əliyevə də zəng etmişdi: “Bu da Fransa parlamentinin məlum və məlun qətnaməsindən dərhal sonra baş verdi. Fikrimcə, həmən zəngdə məqsəd regionda vəziyyətin gərginləşməsinin qarşısını almaq və Ermənistanı növbəti cavab əməliyyatlarından qorumaq idi. Avropa Birliyinin bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin xüsusi elçi Dirk Şuebelin rəhbərliyi altında regiona səfərlərində də məqsəd elə məhz bu idi və bu sinxronluğun arxasında dəqiq koordinasiya dururdu. Qərbdə, sülh danışıqlarının tez bir zamanda nəticə verməyəcəyi təqdirdə, Ermənistanı necə bir fəlakətin gözlədiyini, eyni zamanda da region üzərində təsirlərinin tam aradan qalxacağını yaxşı anlayır, artıq itirəsi heç nəyi qalmayan Fransadan fərqli olaraq, reallığa uyğun rasional davranmağa çalışırlar. Və burada Azərbaycanın İsraildə səfirliyinin açılmasının, Blinkenin milli kimliyinin hər hansı bir rolu yoxdur, ola da bilməz”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov isə təəssüflə vurğuladı ki, Amerika 30 illik işğal müddətində Fransa və Rusiyadan fərqli bir mövqe nümayiş etdirə bilmədi: “ATƏT-in yararsız Minsk Qrupunda ABŞ da təmsil olunurdu. Nəticədə ABŞ işğalın illərlə davam etməsindən heç bir addım ata bilmədi. Bu gün Azərbaycan-Ermənistan münasibətinin gələcəyi ilə bağlı güc dartışmaları davam edir. Etiraf edək ki, Rusiya və ABŞ-ın bizim regionda da geopolitik qarşıdurması bizim üçün bəlkə də əlverişlidir. Çünki təktərəfli vasitəçilik istənilən halda bir qütbün təsir imkanlarını genişləndirir”.

ABŞ-ın Ermənistandakı səfiri mandatına uyğun olmayan işlər görür” – Tural İsmayılov – Yenicag.Az

Tural İsmayılov: “ABŞ siyasi sistemində erməni lobbist qrupların maraqlarına oyuncaq olanlar var”

T.İsmayılovun sözlərinə görə, ABŞ hazırda tərəflərə real sülhü vəd edir: “Amma eyni zamanda ABŞ siyasi sistemində erməni lobbist qrupların maraqlarına oyuncaq olanlar var. Yəni hələ ki ABŞ fərqli bir mənzərə yaratmır. ABŞ-ın Azərbaycanı razı salmaq üçün bir variantı var. O da Xankəndi və ətrafındakı terrorçuların oradan uzaqlaşdırılmağıdır. Belə olan təqdirdə Bakı-Vaşinqton münasibətləri də irəli gedəcək”.

Bu, Rusiyanı imperialist maraqlardan çəkindirməyin bir yoludur” - Qafar Çaxmaqlı

Qafar Çaxmaqlı: “Ermənistanın qaçacaq yeri yoxdur”

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı bildirdi ki, Amerikanın bölgədə maraqları aydındır: “Son zamanlar atdığı addımlar da sübut edir ki, Amerika barışın əldə olunması yolunda siyasi iradəsini ortaya qoyacaq və Blinkenin Paşinyana zəngi də bununla əlaqədardır. Çünki Ermənistan hakimiyyəti sülh prosesini açıq şəkildə uzadır və bunu da Amerikadan bilirlər. Onun siyasi strategiyasında Rusiyanın bölgədən çıxarılması kimi hədəflərinin olduğu da aşkardır. Ermənistan bu məsələyə əngəl törədir. Səbəb isə Paşinyanın ABŞ-dan daha çox Rusiyadan çəkinməsidir”. Q.Çaxmaqlı hesab edir ki, Blinkeni əsəbiləşdirən Paşinyanın ikili oyun oynamasıdır: “Amerikanın bölgədə sülh təkliflərini Ermənistanın bu və ya başqa şəkildə qəbul etməməsidir. Əlbəttə, Amerikadakı erməni lobbisinin təsir imkanlarını da unutmaq olmaz. Ermənistan Qarabağ ermənilərinin təhlükəsizliyini bəhanə gətirməyə bundan sonra da israr edəcək. Brüssel görüşündə də bu məsələnin masaya gəlməsi gözlənilir. Amma Azərbaycan sülh sazişinin Qarabağla əlaqələndirilməsi və onun bu məsələdən kənarda həllini təklif edir və buna ölkənin daxili məsələsi kimi baxır. Bu mövqe Amerika üçün də məqbul hesab olunacaq. Məncə, Brüssel görüşündə sülh sazişi ilə bağlı yekun razılaşma əldə oluna bilər. Ermənistanın qaçacaq yeri yoxdur”.

Erməni hərbçilərinin son təxribatçı davranışları, Azərbaycan hərbçilərini təhqir etmələri səbəbsiz deyil, şübhəsiz. Növbəti dəfə başlarına mərmilər yağdırılmasını istəyirlər, vay-şivən qoparılması üçün Ermənistana çox lazımdır.

E.PAŞASOY

Bənzər yazılar

Back to top button