Top.Mail.Ru
MANŞET

TƏCİLİ! İrəvan üçün SON İMKAN – ABŞ bacarmasa, XTQ Xankəndinə GİRƏCƏK

Praqada baş tutan dördlü görüşün ardınca Emmanuel Makronun Azərbaycan əleyhinə tutduğu mövqe onun vasitəçi deyil, “ikinci Paşinyan” kimi görüşə qatılmasından başqa bir mənzərə yaratmadı. Uzun illər Minsk Qrupunun üç həmsədrindən biri vəzifəsini tutan Fransanın Vətən müharibəsindən sonra belə destruktiv mövqe nümayişi Parisdən çox Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması yolunda atdığı addımlara kölgə salmış olur.

Makronun Avropanın lider dövlətlərindən birinin dövlət başçısına yaraşmayan belə bir seçimi tək Bakının etimadını ciddi şəkildə sarsıtmadı, eyni zamanda İrəvanın işini daha da çətinə saldı. Makronun və Fransa Senatının dövlətinin adına rüsvayedici bəyanatlar səsləndirib, qətnamə qəbul etməsi kəndiri dibindən üzmək demək idi.

Amma buna baxmayaraq Ermənistanın baş naziri Nikol Paşinyanın “İlham Əliyevlə görüşlərdə Fransa prezidenti Emmanuel Makron da iştirak etsin” tələbi ilə çıxışı göstərir ki, İrəvan hələ də nəyəsə ümid edir. Ermənistan baş nazirinin bu istəyinin arxasında həm də danışıqlar prosesini sabotaj etmək məqsədinin yüksək olduğu istisna edilmir.

1. Fransa dövlətinin ermənipərəst siyasəti, anti-Azərbaycan mövqeyi, Bakını sülh gündəliyindən Brüssel danışıqlarını sıxışdırıb çıxarmaq kimi məcburiyyətlə üz-üzə qoyur. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsindən sonra Fransanın Minsk Qrupundakı fəaliyyətini bütünlüklə faktiki olaraq ələ alan, onu əvəz edən Avropa İttifaqı Şarl Mişelin moderatorluğu ilə iki ölkənin bir masa arxasında təkbətək qərara gəlməsi üçün çox önəmli addımlar atması ilə diqqət mərkəzində idi.

Dövlət başçısı İlham Əliyev İrəvanın Bakı tərəfindən bu qəbul edilməz təklifinə ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı münasibət bildirərkən Azərbaycanın mövqeyini açıq bəyan etdi: “Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.

Bu isə o deməkdir ki, Azərbaycan Ermənistanla diplomatik əlaqələrin qurularaq sülhə töhfə verməsi məsələsində hazırda daha çox Rusiya və Vaşinqton formatına bel bağlamalı olacaq. Çünki hər iki formatda Fransa yoxdur. Ermənistan tərəfi anlamalı idi ki, rəsmi Bakı “yox” deyəndən sonra Fransanı zorla masada oturtmaq mümkün olmayacaq.

2. Əslində hazırda Azərbaycanın Rusiya ilə də işləri yolunda getmir. Azərbaycan Müdafiə Nazirliyinin qısa müddət ərzində artıq neçənci dəfədir ki, Rusiya “sülhməramlı kontingentinin” rəsmi məlumatlarında yaşayış məntəqələrimizin (Qarabağ iqtisadi rayonunu “Dağlıq-Qarabağ ərazisi”, Ağdərəni “Mardakert”, Xocavəndi “Martuni, Suqovşanı “Madagiz” adlandırmaqda davam edirlər) adlarının erməni toponimləri ilə qeyd olunmasından narazılığını bildirməsi, qarşı tərəfə xəbərdarlıq etməsi və nəticədə tərəflər arasında “söz dueli” bunu belə düşünməyə çox önəmli əsaslar yaradır.

Buradan isə belə bir nəticəyə gəlmək olur ki, Rusiya rəsmiləri, diplomatları və hərbçiləri İkinci Qarabağ müharibəsindən əvvəl necə ki, ərazi bütövlüyümüzə və suvenerliyimizə hörmət etmirdilər, indi də öz ənənələrinə sadiqlik nümayiş etdirirlər. Bu isə zaman keçdikcə Bakını daha çox qıcıqlandırmağa başlayır. Təbii ki, səbəbə gün kimi aydındır: Şimal qonşumuzun ritorikasından əl çəkməməsi o deməkdir ki, Kremldən “Azərbaycan qanunlarına hörmət edin” təlimatı almayıblar və yaxud da hazırda proseslərin bu cür inkişaf etdirilməsi ilə bağlı təlimatı sülhməramlılara məhz elə Kreml verir.

Sülhməramlı kontingentin bu cür fəaliyyəti isə bölgədə eskalasiya riskini bir xeyli artırmaqdadır. Biz bunu son hadisələrdən də sezə bilərik. Belə ki, son zamanlar Azərbaycan-Ermənistan sərhəddində və Qarabağda iki ölkə arasında baş verənlər Cənubi Qafqazın müharibənin bir addımlığında olmasının göstəricisidir.

3. Qalır “Vaşinqton formatı”nın proseslərə necə müdaxilə edib, Bakı ilə İrəvan arasında sülhə töhfə verib, verməyəcəyi məsələsi.

Region dövlətlərinin susqunluğu və eskalasiya riskinin qarşısını almaq əvəzinə gərginliyi daha da alovlandıracaq addımlar, separatçılara fürsətlər verməsindən fərqli olaraq Vaşinqton bölgədəki prosesləri çox yaxından və diqqətlə izləməkdədir. Bunu xüsusilə son zamanlar ABŞ-dan xüsusi nümayəndələrin Bakıya təcili danışıqlar üçün bir-birinin ardınca gəlmələri də təsdiq edir.

ABŞ-ın bu fəallığı sıradan bir səfər kimi görünmür. Görünən odur ki, Vaşinqton ilin sonuna qədər Bakı ilə İrəvan arasında hansısa sənədin imzalanmasına nail olmağa çalışır. Çox güman ki, ABŞ da anlayır ki, hazırki situasiyada rəsmi Bakı Vaşinqton üçün bu regionda çox önəmli müttəfiq ola bilər. Bu qərara Azərbaycanın iranla arasındakı gərginlik və Rusiyanın Qarabağ ətrafındakı oyununa əsalanaraq gələ bilərlər. Okeanın o tayında da görünür anlayırlar ki, Azərbaycan sülhün əldə olunmasında ən maraqlı tərəfdir.

Amma sülhün əldə edilməsi üçün ilk və əsas şərt Ermənistanın Qarabağ məsələsində manipulyasiyadan əl çəkməsidir. Görünür Bakı bu məsələdə Ermənistanın konstruktivliyini gözləməyə qalsa çox vaxt itirə bilər. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı Praqa görüşündən sonra Ermənistana aid edən, Senatı bu ərazinin “müstəqilliyi” ilə bağlı qətnamə qəbul etməsindən sonra Makronsuz Brüssel danışıqlarında iştirak etməyəcəyini bildirən Nikol Paşinyan, bununla dolayısı ilə Fransanın Qarabağla mövqeyinin “haqlı” olduğunu təsdiqləmiş oldu ki, bu da Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiyi, ərazi bütövlüyümüzü tanımadığı mənasına gəlir. Onda görə də indiki halda Paşinyanın “Qarabağ Azərbaycanın ərazisinə daxildir” ifadəsini işlətməsi gözlənilən deyil.

Hazırki ssenarilər Bakını Xankəndi və ətrafı məsələsində bəzi addımların atması məcburiyyətində qoyur. Lakin ABŞ nümayəndələrinin son səfərləri müəyyən məsələlərlə bağlı hələ ki sülhə olan ümidin az da olsa qalmasına şərait yaradır. Bura qədər olduğu kimi, bundan sonra də bütün məsuliyyət Ermənistanın üzərindədir. //Milli.Az

Bənzər yazılar

Back to top button