Top.Mail.Ru
MANŞET

Rusiya BLOKLANIR, Avropa Birliyi və ABŞ FƏALLAŞIR: Bakı Qərblə strateji tərəfdaşlıqda MARAQLIDIR

Rusiya Azərbaycana qarşı siyasi təxribatlar törədir, Ermənistanla sülh sazişini əngəlləyir, Xankəndi və ətraf bölgənin ölkə ilə inteqrasiyasını ləngidir… Belə vəziyyətdə rəsmi Bakı üçün Avropa Birliyi ilə iqtisadi-ticari tərəfdaşlıq nəhəng gəlir qaynağı vəd edir, Azərbaycana Qərb siyasi iradə mərkəzlərində öz mövqelərini daha da möhkəmləndirmək imkanları açır…

Cənubi Qafqazda yeni savaş təhlükəsi artıq real görüntülər almağa başlayıb. Rusiya hərbi-siyasi situasiyanın daha da gərginləşməsi məqsədilə malik olduğu bütün mexanizmləri işə salıb. Çünki Kreml hazırda Rusiyanın regionda “geopolitik labirintə” düşməsindən ciddi şəkildə narahatdır.

Məsələ ondadır ki, Rusiya regional mövqelərini böyük sürətlə itirməkdə davam edir. Kreml bu regionda Rusiyanın maraqlarını irəli daşıya bilmir, ancaq geri çəkilməyi də “geopolitik fəlakət” sayır. Nəticədə regiona nəzarət imkanları məhdudlaşan Kremlin indi müəyyən siyasi manevrlər etməkdən başqa heç nəyə gücü çatmır.

Bir müddət öncə Rusiya regional sülh prosesindən kənarlaşdırılmaq təhlükəsi qarşısında qalmışdı. Ona görə də, Kreml prezident Vladimir Putinin vasitəçiliyi ilə tez-tələsik Soçi görüşünü keçirtməklə, vəziyyətdən çıxmağa çalışdı. Həmin görüşdən öncə isə prezident Vladimir Putin “Vaşinqton sənədi” ilə “Dağlıq Qarabağ”ın Azərbaycana veriləcəyini qabartmaqla Brüssel prosesinin pozulmasına yönəlik “siyasi təxribata” cəhd göstərdi.

b8c9bdda32b235a012744dc01225f46f.jpg (170 KB)

Ancaq Kremlin bu manevrləri Rusiyaya elə də böyük üstünlük qazandırmadı. Hər halda, Soçi görüşündən sonra Kreml növbəti geopolitik zərbələrlə üzləşməyə başladı. Xüsusilə də, Ermənistan baş naziri Nikol Paşinyan KTMT-nın İrəvanda keçirilən son sammitində yekun sənədi imzalamaqdan nümayişkəranə şəkildə imtina etməklə, Rusiyanın nüfuzuna sarsıdıcı zərbə vurdu. Və həmin hadisə prezident Vladimir Putinin postsovet məkanındakı avtoritetini də ciddi şəkildə zədələdi.

Əlbəttə ki, Rusiya buna hansısa formada reaksiya verəcəkdi. Nə qədər qəribə olsa da, Kremlin həmin reaksiyası məhz Rusiya xarici işlər naziri Sergey Lavrovun ümumi məzmunu “Qarabağ Azərbaycandır” anlamı daşıyan açıqlaması ilə ortaya çıxdı. Yəni Kreml Rusiyanın “üzünə ağ olan” rəsmi İrəvanı məhz bu açıqlama ilə cəzalandırmaq niyyətinə düşdü. Və Ermənistan cəmiyyətinə növbəti dəfə “Rusiyadan daha möhkəm yapışın” mesajı verildi. Əks halda, Kreml kənara çəkilsə, “Dağlıq Qarabağı” unutmaq lazım gələcək” xəbərdarlığı olundu.

Təbii ki, Rusiya bundan sonra da Cənubi Qafqazdakı sülh prosesinin müsbət inkişaf istiqamətləri qazanmasına mümkün olduğu qədər əngəl törətməyə çalışacaq. Çünki Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Rusiyanın regional təsir mexanizmlərinin öz əhəmiyyətini itirməsi ilə nəticələnə bilər. Ona görə də, Rusiya bu prosesdə birmənalı şəkildə əngəlləyici faktor rolunu oynayır. Kreml hətta sülh sazişinin imzalanmasına razılaşsa belə, həmin sənədin Azərbaycan və Ermənistanın deyil, məhz Rusiyanın regional maraqlarını ifadə etməsinə çalışacaq.

Ancaq Cənubi Qafqazda Rusiya ilə açıq rəqabət vəziyyətində olan ABŞ və Avropa Birliyi tamamilə fərqli mövqedən çıxış edir. Belə ki, həm ABŞ, həm də Avropa Birliyi Cənubi Qafqazda mümkün qədər tez bir zamanda sülhün və sabitliyin bərqərar olmasında maraqlıdır. Ona görə də, hazırda ABŞ və Avropa Birliyi həm Azərbaycanı, həm də Ermənistanı yekun sülh sazişinin imzalanmasına çağırır. Böyük ehtimalla yaxın vaxtlarda Azərbaycan və Ermənistana bu məsələ ilə bağlı müəyyən siyasi-diplamatik kanallar üzərindən təzyiqlərin göstərilə biləcəyi də qətiyyən istisna deyil.

7be6236e-b74c-4f73-8160-c3126f1c2e78.jpg (84 KB)

Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyi Cənubi Qafqazdakı sülh prosesinə yaxın gələcəkdə reallaşdırıla biləcək geoiqtisadi layihələr üzərindən yanaşır. Xüsusilə də, indiki situasiyada Azərbaycanın enerji resursları Avropa Birliyi üçün həyati və strateji əhəmiyyət daşıyır. Bu qurum hətta Azərbaycanı Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə əsas strateji tərəfdaşı da hesab edir. Halbuki, regionda hərbi-siyasi gərginliyin hələ də real təhlükə vəd etməsi Avropa Birliyinin enerji maraqlarının reallaşdırılmasına da müəyyən problemlər yaradır.

Ona görə də, Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Cozef Borrelin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşməsi qətiyyən təsadüfi deyil. Böyük ehtimalla Avropa Birliyi təmsilçisi hər iki nazirlə təmaslarında tərəfləri regionda sülhün və sabitliyin təmin olunmasına yönəlik fəaliyyətə üstünlük verməyə çağırıb. Yəqin ki, bunun Avropa Birliyi üçün həyati əhəmiyyətini də münaqişə tərəflərini daha çox maraqlandıra biləcək arqumentlərlə əsaslandırmağa çalışıb.

Ümumiyyətlə, son vaxtlar Avropa Birliyi regionda fəaliyyətinin, eləcə də, Azərbaycan və Ermənistanla qarşılıqlı münasibətlərinin böyük ölçüdə yekun sülh sazişinin imzalanmasından asılı olduğuna da eyham vurmağa başlayıb. Yəni, bu qurum Azərbaycan və Ermənistana Avropa Birliyi ilə əməkdaşlığın yalnız sülh sazişinin imzalanacağı təqdirdə, mümkün olacağı ilə bağlı açıq mesajlar verir. Əks halda, bu qurumun region ölkələri ilə tərəfdaşlığının dalana dirənə biləcəyini qabardır.

Bu baxımdan, böyük ehtimalla C.Borrel hər iki nazirə sülh danışıqları masasına qayıtmağın vacibliyini bildirib. Bu prosesdə məhz Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçilik missiyasının alternativsiz olduğu qabardılıb. Yəni, Avropa Birliyi regional sülh prosesində məhz Rusiyanın əngəlləyici faktor olduğunu xüsusi olaraq, gündəmə gətirir. Və Rusiyanın vasitəçiliyinə alternativ platformaların regional sülh prosesi üçün alternativsiz formatlar ola biləcəyini vurğulayır.

1ff119a5-34dc-4534-9b0c-76c8dc562dd1.jpg (98 KB)

Bütün bunları nəzərə aldıqda, yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının məhz Avropa Birliyinin vasitəçiliyi və ABŞ-ın fəal dəstəyi ilə bərpa olunacağı tamamilə inandırıcı görünür. Rusiyanın tezliklə bu prosesdən kənarda saxlanılmasına nail oluna biləcəyi də qətiyyən istisna deyil. Yəqin ki, Kremlin pozuculuq fəaliyyətinin bloklanması yaxın gələcəkdə mümkün olacaq. Hər halda, Rusiyanın Ukrayna savaşında davamlı olaraq, zəifləməsi də belə imkanları genişləndirir.

Digər tərəfdən, rəsmi Bakının Azərbaycan və Avropa Birliyi arasında yeni strateji tərəfdaşlıq müqaviləsi imzalamağa hazırlaşması da bu prosesdə böyük önəm daşıyır. Rusiya tədricən oyundan kənar vəziyyətə düşə bilər. Kremlin Azərbaycan əleyhinə son davranışları da artıq rəsmi Bakının səbrini tükəndirib. Və yəqin ki, rəsmi Bakı tədricən Azərbaycanın xarici siyasətini Qərbə doğru istiqamətləndirməyə üstünlük verə bilər.

Əslində, bu, mövcud situasiyanın tələbidir. Birincisi, Rusiya Azərbaycana qarşı siyasi təxribatlar törədir, Ermənistanla sülh sazişini əngəlləyir, Xankəndi və ətraf bölgənin ölkə ilə inteqrasiyasını ləngidir. Digər tərəfdən, Azərbaycanı Rusiya ilə bağlayan iqtisadi-ticari əlaqələr o qədər də böyük dövriyyəyə məbləğini əhatə etmir. Rəsmi Bakı üçün Avropa Birliyi ilə iqtisadi-ticari tərəfdaşlıq daha nəhəng gəlir qaynağı vəd edir.

Nəhayət, Azərbaycan Avropa Birliyi ilə strateji tərəfdaşlığı genişləndirməklə, Qərb siyasi iradə mərkəzlərində öz mövqelərini daha da möhkəmləndirə bilər. Azərbaycanın Avropa Birliyi üçün enerji təhlükəsizliyi tərəfdaşına çevrilməsi üstəlik rəsmi Bakıya yeni dünya düzənində qərar verən geopolitik iradə mərkəzlərindən birinə də çevrilmək perspektivləri də açır. Belə olduğu təqdirdə, rəsmi Bakının Qərblə daha sıx yaxınlaşması Azərbaycanın strateji hədəfləri baxımdan da böyük önəm daşıyır.

Elçin XALİDBƏYLİ

Bənzər yazılar

Back to top button