Top.Mail.Ru
MANŞET

13 istiqamətdən gerçəkləşən əməliyyat: “Terrorçu rejim daha böyük təxribatlara hazırlaşırdı”

“Ermənistan tərəfinin 10 Noyabr Bəyanatına əsasən üzərinə götürdüyü bir neçə öhdəlik var idi ki, onlardan biri də Qarabağda yerləşən separatçı və terrorçu qruplaşmaların həmin ərazidən çıxarılması idi. Lakin Ermənistan İkinci Qarabağ müharibəsindən antiterror tədbirlərinə qədər olan müddətdə nəinki separatçıları Qarabağdan çıxardı, tam əksinə olaraq, onların yenidən silahlandırılmasını təmin etdi”.

Bunu Oxu.Az-a açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

Saytların yığılması Saytların yığılması

Onun sözlərinə görə, 480 kilometrdən artıq olan keçmiş təmas xəttində 200-dən artıq müşahidə kamerasının qurulması, mühəndis-istehkam işlərinin aparılması, 500-dən artıq uzunmüddətli döyüşün aparılması üçün döyüş mövqelərinin qurulması, eynilə də 350-dən artıq artilleriya qurğuları üçün atəş mövqeyinin düzəldilməsi, bununla paralel həmin o terrorçu-separatçı qruplaşmaların sayının artırılması, hansı ki, burada söhbət “Yerkrapa”, “Voma”, “Aramo” kimi terrorçu qruplaşmalardan gedir, onlar üçün də ayrıca 11 təlim mərkəzinin yaradılması və yenidən 100 kilometrə yaxın ərazidə iki kilometr enində mina sahəsinin yaradılması terrorçu rejimin daha böyük təxribatlara hazırlaşdığını göstərirdi.

“Həmçinin, separatçı rejim qondarma seçki keçirməklə Azərbaycanın suverenliyinə, eyni zamanda Konstitusiya quruluşuna ciddi təhlükə və təhdid yaratmağa çalışdı. Bundan sonra bir az da irəli gedərək, həmin rejim Azərbaycanın dinc vətəndaşlarına, mülki infrastrukturuna və polislərimizə qarşı terror aktı törətdi. Sadaladığımız, eləcə də digər səbəblər Azərbaycanı antiterror tədbirləri keçirməyə vadar etdi.

 

 

Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri yüksək peşəkarlıq və qəhrəmanlıq nümunəsi ilə yerinə yetirildi. Burada ümumi olaraq 13 istiqamətdən – beşi şimal, səkkizi cənubdan olmaqla bölmələrimiz tədbirlərin icrasına başladı və bir gündən az bir müddətdə separatçı rejimi təslim olmağa məcbur etdi. Xüsusilə qeyd edək ki, Azərbaycan Ordusu çox qısa zaman ərzində separatçı rejimin 1 800-ə yaxın hədəfini məhv etdi, xüsusi təyinatlılarımızla komanda birliklərimiz onun qurduğu mövqelərin dərinliklərinə sızaraq bir çox strateji nəqliyyat yollarını tamamilə bağladılar. Burada Xocalı-Xankəndi, Ağdərə-Xankəndi, Xocavənd-Xankəndi kimi əsas nəqliyyat qovşaqlarını kəsərək separatçılara təminat və təchizatın getməsinin qarşısını aldı. Xocavənd-Xankəndi, Ağdərə-Əsgəran, Suqovuşan-Vəng, eyni zamanda Xankəndi-Xocalı-Təzəkənd-Sırxavənd istiqamətindən bölgələrimiz bu fəaliyyəti həyata keçirdilər”, – deyə ekspert bildirib.

Azər Bayramov qeyd edib ki, əməliyyatın uğurlu alınmasının əsas səbəblərindən biri kimi bu fəaliyyətlərin birlikdə icrasını göstərmək olar:

 

 

“Bu fəaliyyət zamanı separatçı rejimin rəhbərliyi ilə keçmiş təmas xəttində dayanan terrorçu qruplaşmaların əlaqələrinin kəsilməsi, onların idarəetmə məntəqəsi və radioelektron mübarizə vasitəsinin sıradan çıxarılması, hava hücumundan müdafiə sistemlərinin yüksəkdəqiqlikli silahlarla ordumuz tərəfindən vurulması separatçı rejimdə şok effekti yaratdı və onlar təslim olmaq məcburiyyətində qaldılar”.

Müsahibimiz əlavə edib ki, antiterror tədbirlərinin ümumi mənzərəsinə baxdığımız zaman ilk növbədə Azərbaycan suverenliyini və Konstitusiya quruluşunu tam şəkildə bərpa etmiş oldu:

“Bununla yanaşı, Ermənistan və havadarlarının Azərbaycana qarşı yürütdükləri çirkin siyasətin – separatizmin və terrorçuluğun tamamilə məhv edilməsi təmin edildi. Müharibədən sonra “Böyük Qayıdış” proqramına əsasən, vətəndaşlarımızın işğaldan azad edilən ərazilərə köçürülməsinə başlanıldı. Orada bərpa-quruculuq işləri ilə məşğul olan mülki insanlarımıza ötən il sentyabrın 19-20-nə qədər separatçı rejim daim təhlükə yaradırdı, həmin təhlükələrin tam şəkildə aradan qalxdığını xüsusilə qeyd etməliyik. Bundan sonrakı dönəmdə işğaldan azad edilən ərazilərə qayıdan vətəndaşlarımız tam təhlükəsiz və rifah içində orada öz həyat fəaliyyətlərini quracaqlar. Bütün bu tədbirlər həmin ərazilərdə inkişafın təhlükəsiz və daha sürətli şəkildə həyata keçməsini təmin edəcək. Hər zaman olduğu kimi, Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələ vətəndaşlarının təhlükəsizliyidir. Bununla bağlı bütün fəaliyyətlər bundan sonra da davam edəcək”.

KAİM.az

Bənzər yazılar