Top.Mail.Ru
MANŞET

Paris İrəvana ZƏRBƏ VURUR, Kreml ƏKS-HÜCUMA KEÇİR: Paşinyan isə acığını Vardanyandan ÇIXIR

Ermənistanın üzləşdiyi situasiya ciddi şəkildə qəlizləşib, rəsmi Parisin vədlərinə baxmayaraq, Fransadan umduğu real dəstəyi heç cür ala bilmir… Digər tərəfdən, Paşinyan hakimiyyətinin Rusiya ilə münasibətləri hər ötən gün daha da gərginləşir, üstəlik, Kremlin “təxribat emissarı” Ruben Vardanyan da ona kifayət qədər ciddi problemlər yaratmağa çalışır…

Cənubi Qafqaz regionunda gərginliyin son həddə çatmasında, yeni savaş təhlükəsi yanmasında Fransanın xüsusi rolu var. Rəsmi Paris Ermənistanı müxtəlif vədlərlə sülh danışıqlarından uzaqlaşmağa sövq edir. Və Fransanın siyasi-diplomatik təxribatları ucbatından artıq Brüssel prosesi gündəmdən çıxarılaraq, arxa plana keçirilib.

Təbii ki, Ermənistan Fransaya güvənməyin əsas zərbələrini bir müddət sonra mütləq öz üzərində hiss edəcək. Çünki rəsmi Paris Ermənistanı birbaşa müdafiə etmək imkanına qətiyyən sahib deyil. Rəsmi Bakı artıq bu barədə Ermənistana açıq şəkildə sərt xəbərdarlıq da edib.

Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin Ermənistan üçün son şans olduğunu bildirib. Azərbaycan lideri xatırladıb ki, davamında 2024-ci il gələcək. 2025-ci ildə isə Rusiya sülhməramlı qüvvələrinin rəsmi Bakı tərəfdən təsdiqlənməmiş mandatının müddəti də sona çatacaq. Yəni, erməni toplumunun rus sülhməramlılara bəslədiyi ümidlər tamamilə yersizdir. Onlar cəmisi 2 il sonra Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxacaqlar. Və rəsmi Bakı bu məsələdə qətiyyətli, prinsipial mövqe tutduğunu qətiyyən gizlətmir.

Fransadan isə Ermənistana heç bir fayda yoxdur. Rəsmi Parisin boş vədlər və “növbətçi bəyanatlar”dan başqa heç nəyə gücü çatmır. Fransa parlamentinin spikeri Yael Braun-Pivenin Ermənistanda verdiyi son açıqlamalar erməni toplumu üçün real vəziyyəti aydınlaşdırır.

00ed51df2fd622449714ad0302d4d60b.jpg (76 KB) O, jurnalistlərin Fransanın Ermənistana hərbi dəstək vermək niyyətində olub-olmadığı barədə sualı sadəcə, cavabsız buraxmaqla kifayətlənib. Çünki fransız xanım-spikerin erməniləri məmnun edə biləcək cavab variantı yoxdur. Fransa istəsə belə, Ermənistana hərbi dəstək potensialına malik deyil. Və bunu açıq şəkildə söyləmək erməni toplumunu Fransadan incik sala bilərdi.

Halbuki, Fransa parlamentinin xanım spikeri onsuz da Ermənistan cəmiyyətində ümidsizlik doğra biləcək bir sıra digər cavablarla diqqəti çəkib. O, bildirib ki, Fransa Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasına üstünlük vermir. Çünki belə metodlara əl atmaqdansa, mövcud problemlərin sülh danışıqları ilə həllinə çalışmaq daha doğru yoldur. Deməli, Ermənistan cəmiyyətində Fransa ordusuna bəslədiyi ümidlər yalnız “utopik xəyallar” kateqoriyasına aiddir.

Hətta rəsmi Parisin son vaxtlar Paşinyan hakimiyyəti ilə ortaq şəkildə hay-küy saldığı “Dağlıq Qarabağ məsələsi”ndə də fransalı spiker Ermənistan cəmiyyəti üçün “soyuq duş” effekti verən cavab verib: ”Rəsmi Paris Fransanın tabe olduğu beynəlxalq hüquqa uyğun olaraq, “Dağlıq Qarabağ”ın müstəqilliyini tanımır”.

Fransalı spikeri onu da xatırladıb ki, həm Senat, həm də Fransa Milli Assambleyası Ermənistanı dəstəkləyən qətnamələr qəbul edib. Yəni, Ermənistan cəmiyyətinə heç bir hüquqi qüvvəsi olmayan kağız parçaları ilə kifayətlənmək məsləhət görülür. Ermənistan cəmiyyəti nə qədər məyus olsa da, Fransa boş vədlərdən və “növbətçi bəyanatlar”dan başqa heç nəyə qadir deyil. Üstəlik, erməni toplumunun Ermənistanın atmağa cəsarət etmədiyi bir addımı məhz Fransadan gözləməsi də tamamilə absurddur.

fabe34db-d2ab-49f6-9974-87cdbaf554bd.jpg (84 KB) Əslində, bu reallığı cəmisi bir neçə gün əvvəl Ermənistan baş naziri Nikol Paşinyan da Ermənistan cəmiyyətinə təqdim etmişdi. O, bildirmişdi ki, beynəlxalq ictimaiyyət “Dağlıq Qarabağı” əvvəl də, indi də Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul edir. Ardınca isə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova oxşar açıqlamalar vermişdi.

Maraqlıdır ki, Mariya Zaxarova bu barədə danışarkən, Rusiya ilə münasibətləri gərginləşdirən Paşinyan hakimiyyətini hədəfə almağa çalışmışdı: “Ermənistan Azərbaycanla sülh sazişinin hazırlanmasında Alma-Ata deklarasiyasına istinadla razılaşıb. Bu barədə Praqa anlaşması sülh danışıqları prosesinin məntiqini kökündən dəyişib. Çünki Alma-Ata deklarasiyasında sovet respublikaları arasında mövcud olan sərhədlərin toxunulmazlığı təsbit olunub. Həmin dövrdə isə Qarabağ Azərbaycan SSR-in tərkib hissəsidir. Şübhəsiz ki, bu önəmli məqamı sülh prosesində inkar etmək mümkün olmayacaq”.

Təbii ki, bu, Rusiyanın ədalətli və beynəlxalq hüquqa istinadlı mövqeyindən qaynaqlanmır. Kreml son vaxtlar Rusiyaya qarşı müəyyən problemlər yaradan Paşinyan hakimiyyətinə əks reaksiya verir. Rusiya bir tərəfdən, birbaşa rəsmi İrəvana istinad etməklə, “Qarabağ Azərbaycandır” deyir. Digər tərəfdən isə üçtərəfli təmaslardan yayınan Ermənistanı sülh danışıqları prosesini pozmaqda suçlayır.

Bütün bunlar onu göstərir ki, Qərbdən umduğu dəstəyi ala bilməyən Paşinyan hakimiyyətinin Rusiya ilə münasibətləri də ciddi şəkildə korlanıb. Xüsusilə də, Kremlin “təxribat emissarı” Ruben Vardanyanın Azərbaycanın Xankəndi və ətraf bölgəsinə göndərilməsindən sonra rəsmi İrəvan və Rusiya arasında ziddiyyətlər dərinləşib. Paşinyan hakimiyyəti hesab edir ki, Kreml R.Vardanyanı “rus sülhməramlılar”ın himayəsi altında Ermənistanda iqtidara gəlməyə hazırlayır. Hər halda, Qarabağ ermənilərinin Ermənistanda hakimiyyəti ələ keçirtməsi prosesində bu metod dəfələrlə sınaqdan çıxarılıb. Hazırda Rusiya meyilli revanşist-radikalların R.Vardanyana çalışması da Paşinyan hakimiyyətini ciddi şəkildə narahat edir.

pasha-vardan.jpg (7 KB) Ona görə də, rəsmi İrəvanın Kremlin “təxribat emissarı” ilə ziddiyyət içərisində olması da qətiyyən təəccüblü görünmür. Üstəlik, R.Vardanyanın da son vaxtlar Paşinyan hakimiyyəti ilə münaqişəni genişləndirməsi erməni toplumu üçün ciddi parçalanma perspektivi vəd edir. Belə ki, Kremlin “təxribat emissarı” baş nazir Nikol Paşinyanı “beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir” açıqlamasına cavab olaraq, tənqid etmişdi. Hətta bildirmişdi ki, Ermənistan baş nazirinin belə yolverilməz açıqlamaları Qarabağ ermənilərinin gələcək taleyini təhlükə altına salır.

Təbii ki, baş nazir Nikol Paşinyan Kremlin “təxribat emissarı” cavabsız buraxmayıb. Erməni baş nazir R.Vardanyanın adını çəkməsə də, ümumilikdə “separatçı rejim”in üzərindən ona vəziyyəti daha da gərginləşdirə biləcək açıqlamalardan yayınmağı məsləhət görüb: “Son nəticəsi məlum olmayan bəyanatlar heç bir fayda vermir”.

Baş nazir Nikol Paşinyanın fikrincə, Qarabağ erməniləri Azərbaycan tərəfi ilə dialoqa çalışmalıdır və danışıqlar prosesinin pozulmasında ittiham olunmaq üçün səbəb verməməlidir. Erməni baş nazir bununla demək istəyir ki, Kremlin “təxribat emissarı” həddini bilməlidir və açıqlamalarının məzmununa ciddi şəkildə diqqət etməlidir. Eyni zamanda, mövcud situasiyada Ermənistana ümid bəsləmədən reallığa uyğun davranmalıdır. Və bu, dolayısı ilə rəsmi İrəvanın Kremlin “təxribat emissarı”nın özəl maraqlarına bağlı oyunlarında onu müdafiə etmək niyyətində olmadığı anlamına gəlir.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti kifayət qədər qəliz situasiya ilə üzləşib. Bir tərəfdən, Fransadan umduğu real dəstəyi ala bilmir. Digər tərəfdən, Rusiya ilə münasibətləri hər ötən gün daha da gərginləşir. Üstəlik, Kremlin “təxribat emissarı” Ruben Vardanyan da rəsmi İrəvana kifayət qədər ciddi problemlər yaratmağa çalışır.

Elçin XALİDBƏYLİ

Bənzər yazılar

Back to top button