Top.Mail.Ru
bannerMANŞET

SENSASİYA – Heydər Əliyevin KQB əks-kəşfiyyatı ilə tam məxfi Qarabağ YAZIŞMALARI ÜZƏ ÇIXDI

Stalinin ölümündən sonra SSRİ-də başlayan siyasi rejimin istiləşməsi prosesi dövlətin cəmiyyət üzərində yeni, daha loyal nəzarətinin formalaşmasına imkan yaradır.

Totalitarizmin Stalin modelinin təftiş edilməsi Azərbaycan və Ermənistanda rəhbərliyin dəyişməsi ilə müşayiət olunur. Stalinin ölümündən düz bir ay sonra – 1953-cü il aprelin 6-da Mircəfər Bağırov Azərbaycanda, noyabrın 28-də isə Qriqori Arutinov (Arutyunyan) Ermənistanda birinci katib vəzifəsindən kənarlaşdırılır.

Bağırov epoxasının sonu və Azərbaycan SSR rəhbərliyində genişmiqyaslı yeniliklər respublikanın idarəetmə strukturlarında da dəyişikliklərə səbəb olur. Daxili işlər və dövlət təhlükəsizlik nazirliklərinin birləşməsi digərlərindən daha tez həyata keçirilir. Nəticədə 3 may 1954-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi (DTK) yaradılır. Heydər Əliyev 1950-ci illərin ortalarından etibarən DTK-nın əks-kəşfiyyat şöbəsində rəhbər vəzifələrdə çalışır.

Yeni sovet lideri Nikita Xruşşovun Stalin şəxsiyyətinə pərəstişi ifşa edən çıxışı ilə yadda qalan Sovet İttifaqı Kommunist Partiyasının (Sov.İKP) 1956-cı ilin fevralında keçirilən ХХ qurultayının yekunları Zaqafqaziyanın sovet respublikalarında müxtəlif cür qəbul olunur. Əgər o, Azərbaycanda milli dilin və dəyərlərin inkişafı üçün mübarizəni stimullaşdırsa, Ermənistanda qonşu respublikalara və Türkiyəyə ərazi iddiaları ideyasını yenidən gündəmə gətirir.

1923-cü ildə Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılmasının ermənilər tərəfindən problemin həlli kimi qəbul edilmədiyi və onların bu ərazini anneksiya planından imtina etmədikləri aydın idi. İosif Stalinin ölümündən sonra erməni partiya rəhbərliyi müxtəlif səviyyələrdə bu məsələyə dönə-dönə qayıdırlar.

Artıq bu hərəkat təkcə partiya rəhbərliyi səviyyəsində həyata keçirilmir, özündə erməni katolikosu da daxil olmaqla Ermənistanın müxtəlif sosial təbəqələrinin nümayəndələrini birləşdirən daha geniş çevrənin ali ittifaq partiyasına və dövlət orqanlarına imzalar, petisiyalar və müraciətlər toplusu göndərməsi formasını alır. Bu, ermənilərin necə düşündüyünün və Sovet İttifaqının necə fəaliyyət göstərdiyinin göstəricisi idi: ermənilər heç vaxt problemin Bakıda – Azərbaycan paytaxtında həllini istəmirdilər.

SSRİ Ali Soveti Rəyasət Heyətinin Ukraynanın Rusiyaya birləşdirilməsinin üç yüz illiyi münasibətilə “Krım vilayətinin RSFSR-in tərkibindən çıxarılaraq Ukrayna SSR-in tərkibinə verilməsi haqqında” 19 fevral 1954-cü il tarixli fərmanı ermənilərdə keçmiş sərhədlərə yenidən baxılması məsələsində böyük ümidlər yaradır. Onlar bu hadisədən ruhlanırlar.

1960-cı illər ermənilərin Azərbaycan SSR-ə ərazi iddiaları ətrafında vəziyyətin yenidən kəskinləşməsi ilə əlamətdar olur. Bu mərhələnin başlanğıcı respublika rəhbərliyində növbəti dəyişikliklə və Vəli Axundovun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edilməsi (1959-cu il) ilə üst-üstə düşür.

Məhz bu dövrdə Heydər Əliyevin respublikanın dövlət təhlükəsizlik orqanlarında sürətli karyera yüksəlişi baş verir. Heydər Əliyev 1960-cı ildə DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi təyin olunur. Əlbəttə, xidməti vəzifəsi sayəsində Heydər Əliyev indi təkcə Ermənistanın ərazi iddiaları ətrafında baş verən qəfil dəyişikliklər barədə məlumatlı deyildi, həm də respublika rəhbərliyində məsul qərar verən əsas şəxslərdən biri idi.

Tarix üzrə təhsil alan (Ulu öndər 1957-ci ildə S.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin qiyabi şöbəsini bitirmişdi), sonra uzun müddət dövlət təhlükəsizlik orqanlarına və respublikanın partiya təşkilatına rəhbərlik etmiş bir insan kimi Heydər Əliyev Ermənistanın Dağlıq Qarabağa iddialarının tarixini yaxşı bilirdi və bir müddət sonra, artıq Azərbaycan Prezidenti olarkən ölkə ziyalılarının nümayəndələri ilə görüşlər zamanı bu məsələyə dəfələrlə qayıdıb.

Heydər Əliyev bu problemin tarixinə ilk dəfə ətraflı şəkildə 1999-cu il fevralın 9-da Prezident Sarayında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illiyinə hazırlıq üzrə komissiyanın üzvləri ilə görüşündə toxundu“Dağlıq Qarabağa muxtar status verilməsi kəskin mübarizə şəraitində keçib. 1988-ci ildə ermənilər Dağlıq Qarabağa iddia etməyə başladıqda, onlar Stalin və Orconikidzeni ittiham etməyə başladılar. Guya onlar azərbaycanlıların təzyiqi altında Dağlıq Qarabağı Azərbaycana tərkibində saxlayıblar, amma biz Dağlıq Qarabağa muxtariyyət verilməsinin Azərbaycana qarşı yönəlmiş bir qərar olduğunu hesab edirik. Tarixi bilənlər və tarixi sənədlərlə tanış olanlar bilirlər ki, o vaxt Nərimanov və başqaları buna qarşı necə mübarizə aparıblar. Onların nail olduqları yeganə şey Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlamaqdan ibarət olub. Tarixçilərə o da məlumdur ki, Moskvada, Tiflisdə, Zaqafqaziya Federasiyasında Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi qaldırılanda Nəriman Nərimanov ciddi bəyanatla çıxış edərək bildirib ki, belə olan təqdirdə biz Rusiyaya neft tədarükünü dayandıracağıq. Məhz bu kəskin mübarizə nəticəsində belə bir qərar verilib”.

Ulu öndər Heydər Əliyev 10 noyabr 1999-cu ildə Azərbaycan yazıçılarının bir qrupu ilə Prezident sarayında görüşdə söhbət zamanı yenidən özünü Dağlıq Qarabağ məsələsinin tarixi üzrə mükəmməl bilici kimi nümayiş etdirdi:

“Mən 14 il Azərbaycana başçılıq eləmişəm. Dağlıq Qarabağ muxtariyyətinin 1923-cü ildə yaranmasının tarixini çox yaxşı bilirəm. 1923-cü ildə Dağlıq Qarabağa muxtariyyət verilməsi Azərbaycanın başına bir bəla olub, bilin. Düzdür, o vaxtlar buranı Ermənistana vermək istəyirdilər. Azərbaycanın rəhbərləri çalışıblar və nəhayət, nail olublar ki, o, Azərbaycanda qalsın. Qalmalı idi, amma muxtariyyət yox! 1923-cü ildə verilən o muxtariyyət Azərbaycanın içinə qoyulmuş bir bombadır, nə vaxtsa partlamalı idi…

1960-cı illərin əvvəllərində Qarabağ hərəkatının fəalları Ermənistan hakimiyyət orqanlarına təzyiq göstərməyə, onları aktiv hərəkətlərə vadar etməyə çalışırlar. 23-24 aprel 1961-ci il tarixlərində Ermənistan SSR ərazisində Mərkəzi Komitənin katiblərinə, Nazirlər Sovetinin sədrinə və sədr müavinlərinə, Ali Sovetin sədrinə, həmçinin, respublikanın bir sıra müəssisələrinin rəhbərlərinə yüzə yaxın anonim məktub göndərilir. Bu məktubların əsas məzmununu Zaqafqaziya respublikaları və Türkiyə tərkibində olan “əzəli erməni torpaqlarını” Ermənistana “qaytarmaq” tələbi təşkil edir.

Elə bu dövrdə “Daşnaksütyun” Partiyası agenturasının fəaliyyəti daha da aktivləşir. “Daşnaksütyun” xüsusilə sovet hökumətinin xaricdəki ermənilərin Sovet İttifaqına repatriasiyası barədə qərarından istifadə edərək, repatriasiya yolu ilə müəyyən ölkələrdən Ermənistan SSR-ə təxribatçı işlər görmək üçün agentlər göndərmək istəyir. Bu barədə SSRİ Nazirlər Soveti yanında DTK-nın 2-ci Baş idarəsi (əks-kəşfiyyat idarəsi) tərəfindən Azərbaycan DTK-nın 2-ci şöbəsinin rəisi Heydər Əliyevə 7 fevral 1962-ci ildə göndərilən gizli qeyddə bildirilir.

Sənəddə xarici daşnak təşkilatlarının əlaqələrini öyrənmək və aşkara çıxarmaq üçün konkret tədbirlər hazırlamaq, həmçinin, SSRİ sərhədinin Azərbaycan hissəsi üzərindən casusların qeyri-leqal keçdikləri təqdirdə onların tutulmasını təmin etməklə bağlı Heydər Əliyevə göstəriş verilirdi.

20 iyun 1962-ci ildə Moskvaya – SSRİ DTK-nın 2-ci Baş idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik V.M.Xamazyuka göndərilən tam məxfi cavab məktubunda yazılırdı:

“Azərbaycan SSR ərazisində, əsasən Bakı, Kirovabad, Stepanakert və Naxçıvan şəhərlərində yaşayan 60-a yaxın keçmiş daşnak və digər erməni burjua millətçisinin olduğu nəzərə alınmalıdır”.

Heydər Əliyev həmin məktubda qeyd edirdi ki, “1962-ci ilin mayında Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nın Dağlıq Qarabağ Muxtar Vilayəti şöbəsinə Stepanakert və Yerevan şəhərlərində yaşayan ermənilər arasında millətçi əhval-ruhiyyəli bəzi şəxslərin vilayətdəki təsərrüfat problemlərindən istifadə edərək Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi istiqamətində təxribat xarakterli şayiələr yaydıqları barədə məlumat daxil olub. Bu şayiələri aktiv şəkildə yayanlar müəyyənləşdirilib və agentura yoxlaması aparılıb”.

24 iyun 1962-ci ildə Azərbaycan SSR DTK-ya növbəti informasiya daxil olur:

“Xruşşovun Ermənistana gözlənilən səfəri ilə əlaqədar vilayətin erməni əhalisi arasında aktiv şəkildə yeni şayiə yayılıb. Bu şayiəyə görə, Xruşşov Yerevana gəldiyi zaman respublikanın 40 illiyi münasibətilə Dağlıq Qarabağı hədiyyə qismində Ermənistana bağışlayacaq”.

1963-cü ildə Sov.İKP MK-nın baş katibi Nikita Xruşşova DQMV-dən Qarabağda və digər ətraf rayonlarda yaşayan 2500 erməninin imzaladığı etiraz məktubu göndərilir. Məktubda problemin tarixi keçmişini açıqlayan onu imzalayanlar “Dağlıq Qarabağın və ona bitişik bütün erməni rayonlarının Ermənistan SSR-ə birləşdirilməsi və ya onun RSFSR-in tərkibinə daxil edilməsi məsələsinin dərhal həll edilməsini” tələb edirlər.

Eyni vaxtda erməni millətçilərinin Moskvaya təzyiqləri müxtəlif səviyyələrdə güclənir. Şübhəsiz ki, öz hərəkətlərini Yerevanla koordinasiya edən xaricdəki ermənilərin nümayəndələri 18 may 1964-cü ildə N.Xruşşova məktub göndərərək onun qarşısında vəsatət qaldırırlar. Məktub bu sözlərlə bitir: “Biz Dağlıq Qarabağ məsələsi ilə bağlı dərhal qərar qəbul edilməsində israr edirik: ya muxtar vilayət və erməni əhalinin yaşadığı rayonları Ermənistan SSR-ə birləşdirilməli, ya da o SSRİ-nin bir hissəsinə çevrilməlidir”.

1965-ci ilin yanvarında Heydər Əliyev Azərbaycan SSR DTK sədrinin müavini təyin olunur. Həmin vaxt DTK-nın sədri Semyon Kuzmiç Sviqun idi. Bu dövrdə Osmanlı imperiyasında Birinci Dünya müharibəsi zamanı baş verdiyi iddia edilən “erməni soyqırımı”nın 50-ci ildönümü ilə bağlı Ermənistan SSR-də hazırlıq ərəfəsində anti-Azərbaycan və anti-türk kampaniyasının növbəti dalğası baş qaldırır. “Soyqırımı”nın ildönümünə həsr olunmuş tədbirlər yaxınlaşdıqca Ermənistanın azərbaycanlı əhalisi arasında narahatlıq artır.

1965-ci ilin martında Sov.İKP Mərkəzi Komitəsinə və bir neçə nüfuzlu şəxsə Ermənistanın azərbaycanlı əhalisi adından anonim məktublar daxil olur. Bu məktublarda “türklərin erməniləri qırmasının 50-ci xatirə günündə” ermənilər tərəfindən mümkün “qisas aksiyaları” barədə xəbərdarlıq edilir.

1966-cı ildə Azərbaycan xüsusi xidmət orqanları bir neçə qanunsuz millətçi qrupun fəaliyyət göstərdiyini aşkarlayır və onların qarşısını alır. Belə ki, 40-dan çox insanın daxil olduğu qeyri-leqal “Erməni gənclər ittifaqı” təşkilatının Yerevan emissarları muxtar vilayətin ərazisində öz təşkilati strukturlarını yaratmağa cəhd göstərirlər. Stepanakertdə isə orta məktəblərin yuxarı siniflərində oxuyan şagirdlərdən ibarət digər gənclər qrupu bütün “erməni əraziləri”nin, o cümlədən Dağlıq Qarabağ və Naxçıvan da daxil olmaqla bütün “erməni əraziləri”nin birləşməsinə çağırış edən vərəqlər paylayır.

1966-cı ilin avqust ayında Sov.İKP MK-nın yeni Baş katibi Leonid Brejnevə erməni ziyalılarının təxminən 2000 nümayəndəsi tərəfindən imzalanmış məktub göndərilir. Məktubda xüsusilə qeyd edilirdi: “Qarabağ ərazi və əhali baxımından Ermənistandır. Həyat tərzi, mənəvi dünyası və məişəti baxımından Ermənistandır. Qarabağın tarixi Ermənistanın tarixidir, Qarabağın dili, incəsənəti və ədəbiyyatı ermənicədir. Ermənistan SSR mövcud olduğu üçün onun ayrılmaz hissəsini Sovet Ermənistanından süni şəkildə ayırmaq məqsədəuyğun deyil”.

Məktub müəllifləri, DQMV və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaranması ilə əlaqəli tarixi sənədləri özbaşına interpretasiya edərək, daha doğrusu saxtalaşdıraraq öz iddialarını “siyasi, iqtisadi və etnik amillər”lə, habelə, guya “Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinə DQMV-dəki müxtəlif zəhmətkeşlər qrupundan gələn çoxsaylı məktublar” əsaslandırmağa çalışırlar. Buna görə də onlar “bu məsələnin bütün aspektlərini diqqətlə öyrənərək və respublikada yaranmış vəziyyəti analiz edərək” “Dağlıq Qarabağ və Naxçıvan MSSR-in Ermənistan SSR-ə qaytarılması” xahişi ilə müraciət edirlər.

Müəlliflər sonda həyasızcasına bildirirdilər ki, “qaldırılan məsələyə baxarkən biz Sovet İttifaqı xalqları, xüsusilə də erməni və Azərbaycan xalqları arasında qardaşlıq dostluğunun gələcəkdə daha da möhkəmləndirilməsini təmin edən ən əsas vəzifədən çıxış etdik. Mümkün arzuolunmaz reaksiya təhlükəsi əsassızdır, çünki söhbət Azərbaycan SSR-in ərazisinin hansısa bir hissəsindən məhrum edilməsindən deyil, muxtar milli vilayətin yerli əhalisi onunla eyni olan – erməni olan müttəfiq respublikaya birləşdirilməsindən gedir”.

1967-ci ildə Yuri Andropov SSRİ DTK-nın rəhbərliyinə gəldikdən sonra Azərbaycan SSR DTK sədri Semyon Sviqun onun birinci müavini təyin edilir. Həmin ilin iyunun 21-də isə Heydər Əliyev Azərbaycan SSR DTK sədri vəzifəsinə irəli çəkilir.

Ermənistan SSR-in Azərbaycan SSR-ə ərazi iddiaları bu vaxt DQMV-dəki növbəti dəfə qeyr-sabitliyin yaranmasına səbəb olur. Faciə üçün qığılcım rolunu 1967-ci ildə Martuni rayonunun Kuropatkino kəndində yerli kolxozlardan birinin sədrinin oğlu olan 8 yaşlı erməni məktəblinin öldürülməsi oynayır. Bu qətldə yerli azərbaycanlılar – Ərşad, Ələmşad və Zöhrab Məmmədovlar ittiham olunurlar…

(Ardı var)

Məqalə Azərbaycan Milli Elmlər Akademiyasının, Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasının, Heydər Əliyev İrsi Beynəlxalq Elektron Kitabxananın və bir sıra digər mənbələrin məlumatları əsasında hazırlanıb. Teleqraf.com

KAİNAT TV-NİN NOVRUZ ŞƏNLİYİ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button