Top.Mail.Ru
MANŞET

Başçının darvazası önündə indi də 16 yaşlı yeniyetmənin MEYİTİ TAPILDI – Kamera görüntüləri NİYƏ GİZLƏDİLİR?

Xəzər rayonun Mərdəkan qəsəbəsi, Tağıyev küçəsində, 16 yaşlı Sənan Mansur oğlu Əsədovun meyiti aşkar olunub.

Sənan Əsədovun cansız bədəninin yanında ona məxsus velosiped də olub. Hadisə yerinə gələn əməliyyat-istintaq qrupunun üzvləri zəruri istintaq tədbirləri həyata keçiriblər. Meyit Xəzər Rayon Məhkəmə Tibb Ekspertizasına aparılıb. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırmalar başlanıb. Sənan Əsədovun hansı şəraitdə dünyasını dəyişməsi bilinmir.

Hadisə Mərdəkan qəsəbəsində “Milyonçular məhəlləsi” deyilən ərazidə qeydə alınıb. Bu ərazidəki dəbdəbəli imarətlərin, villaların dörd bir tərəfi müşahidə kameraları ilə əhatələnib. Bu səbəbdən də istintaqçıların Sənan Əsədovun hansı şəraitdə dünyasını dəyişməsini bilmələri üçün kamera görüntülərinə baxmaları vacibdir.

hokm_9fc4a0387d4e6b09e9a3c994bd5b2e76_5xpyerq6f8z24h0ovtl9.jpg (97 KB)

 Anar Tağıyev (Yevlax rayonunun icra başçısı)

Redaksiyamıza daxil olan məlumata görə Sənan Əsədovun meyiti Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin imarətinin müşahidə kameralarının əhatə dairəsində baş verib. Lakin naməlum səbəbdən icra başçısının imarətində çalışan xidmətçilər kamera görüntülərini istintaqa verməkdən imtina edirlər. Mayın 29-da qeydə alınan olayın videosu bu günə qədər istintaqa təqdim edilməyib.
Sənan Əsədovun nəşi artıq torpağa tapşırılıb. Onun valideynləri vaxtsız vəfat etdiklərindən özündən balaca bacı və qardaşı Sənan Əsədovun himayəsində olub. O, imkanlı şəxslərin bağlarında işləyib bacı və qardaşını saxlamaq üçün gündəlik çörək pulu qazanırmış.

Ailəni tanıyanlar deyir ki, Sənan Əsədov bacı və qardaşı ilə bərabər Mərdəkanda balaca bir komada qalırmış. Valideynsiz uşaqlar günlərini yarıac-yarıtox keçiriblər.

Sənan Əsədovun müəmmalı ölümündən sonra bacı və qardaşı çox çətin duruma düşüb. İlkin ehtimala görə Sənan Əsədov maşınla vurulub. Lakin bu ehtimalla yanaşı onun döyülərək öldürülməsi fərziyyəsi də nəzərdən keçirilir.

1_61542790093.jpg (17 KB)

Yada salaq ki, mayın 7-də Anar Tağıyevin imarətində gözətçi olan 1988-ci il təvəllüdlü Ruslan İnqilab oğlu Səmədovun asılmış meyiti aşkar edilmişdi. Xəzər Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi – özünü öldürmə həddinə çatdırma ilə cinayət işi başlanıb. Sənan Əsədovun meyitinin də onun imarəti qarşısında aşkar olunması bu iki ölüm arasında hər hansı bir əlaqənin olub-olmamasının araşdırılaması zərurətini ortaya qoyur. Gözətçinin asılı vəziyyətdə tapılmasının tamamında imarətlərdə fəhləlik edən yeniyetmənin müəmmalı şəkildə həyatdan köçməsi şübhələr doğurur. Bu iki ölümdə eyni cinayətin əlaqəsinin olması təəssüratını yaradır. Hər halda, bu məqamlara istintaq aydınlıq gətirilməlidir.

“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayıb, sorğu verib. Xidmətdən sorğumuzun cavablandırılacağını bildiriblər. Veriləcək cavabı da təqdim edəcəyik.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button