Top.Mail.Ru
MANŞET

Nijdenin TERRORÇU TÖRƏMƏLƏRİ – Azərbaycan QƏTİ ADDIMLAR ATACAQ

Ermənistanın diversant-terrorçularının azad edilməsinə çağıran beynəlxalq qurumlar əslində, erməni terrorizmini dəstəkləmiş olurlar; Halbuki erməni terrorizmi, beynəlxalq terrorizmin tərkib hissəsidir…

Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli anlaşma imzalanmışdı. Bu anlaşma həm də Ermənistanın kapitulyasiyası kimi də qəbul edilir. Eyni zamanda, həmin sənəd müharibənin artıq sona çatdığını rəsmi şəkildə təsdiqləyir.

Ancaq üçtərəfli anlaşmanın imzalanmasından ötən müddətdə savaşın tam bitmədiyini sübut edən hadisələr hələ də baş verməkdədir. Belə anlaşılır ki, rəsmi İrəvan Azərbaycana qarşı elan edilməmiş müharibə modelinə keçib. Və savaş taktikasını diversiya-terror formatında davam etdirir.

Bu savaşın növbəti qurbanları Azərbaycan jurnalistləri – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin əməkdaşı Sirac Abışov olublar. Onlar Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonunda öz peşə vəzifələrini yetirirlər. Jurnalitlərin də içərisində olduğu avtomobil tank əleyhinə minaya düşərək, partlayıb.

e982f7ac7d1d7149adb1a95a36eaf13e.jpg (87 KB)

Bu hadisənin diversiya-terror hadisəsi olduğunu iddia etmək üçün müəyyən əsaslar mövcuddur. Belə ki, partlayışın baş verdiyi yolun məhz üçtərəfli anlaşmadan sonra minalandığı artıq qətiyyən şübhə doğurmur. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanatında da bu, vurğulanır: “Kəlbəcərdə baş verən bu hadisə bir daha onu göstərir ki, bu ərazidəki minalar Ermənistan tərəfindən, Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində məqsədli şəkildə yerləşdirilib. Məqsəd isə Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaqdır”.

Bu açıqlamadan da belə anlaşılır ki, minalar yola üçtərəfli anlaşmaların imzalanmasından sonra yerləşdirilib. Bununla bağlı hələlik iki versiya üzərində dayanmaq olar. Birinci versiya odur ki, Ermənistan üçtərəfli müqaviləni imzaladıqdan sonra rəsmi İrəvan Kəlbəcərdən erməni ordusunun tör-töküntülərini çıxartmaq üçün əlavə 10 gün vaxt istəmişdi.

Təbii ki, rəsmi Bakı humanist davranaraq, Ermənistana belə bir zaman tanıdı. Ancaq indi anlaşılır ki, Ermənistan bu müddətdən həm də ərazinin, xüsusilə də yolların minalanması üçün istifadə edib. Və bu da Ermənistanın terrorçu dövlət mahiyyətini növbəti dəfə təsdiqləyir.

Digər tərəfdən, bir müddət öncə Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinə daxil olaraq, bölgədə yolların minalanmasına yönəlmiş təxribat törədərkən, bir qrup erməni hərbçisi həbs olunmuşdu. Ehtimal etmək olar ki, həbs edilən həmin erməni terrorçuları ilə bu hadisə arasında müəyyən bağlantı ola bilər. Və bunu erməni terrorçular üzərində aparılan istintaq prosesi yəqin ki, dəqiqləşdirəcək.

5c76fa8aa56c0234e1daefcbadb77dda.jpg (92 KB)

Göründüyü kimi, Ermənistanın Azərbaycan ərazisində terrorçuluq fəaliyyəti davam etməkdədir. Ona görə də, həbs olunan erməni terrorçularının istintaqı və onların Azərbaycan qanunları çərçivəsində mühakiməsi daha da böyük əhəmiyyət daşıyır. Və bu məsələdə hər hansı güzəşt ehtimalını yaxına belə, buraxmaq olmaz.

Eyni zamanda, indiyə qədər və son baş verən diversiya-terror hadisələri barədə beynəlxalq ictimaiyyətinin də geniş şəkildə məlumatlandırılması vacibdir. Çünki Fransa başda olmaqla, bəzi dövlətlər və beynəlxalq qurumlar həbs olunmuş erməni terrorçuların azad olunması ilə bağlı müxtəlif müraciətlər edirlər. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, o cümlədən, Kəlbəcərdə partlayan erməni minaları onların çağırışlarının nəticəsi də sayıla bilər.

Məsələ ondadır ki, həbs edilən erməni diversant-terrorçuların azadlığına çağıran beynəlxalq qurumlar əslində, erməni terrorizmini dəstəkləmiş olurlar. Halbuki həmin qurumlar terrorizmlə qlobal mübarizənin təbliğ olunmasında da yer alırlar. Həmin qurumlar nəhayət ki, anlamalıdırlar ki, terrorizmin milliyyəti yoxdur. Erməni terrorizmi də beynəlxalq terrorizmin tərkib hissəsidir. Və erməni terrorizminə münasibətdə fərqli yanaşma tərzi yolverilməzdir.

ermeni-fashist-unnamed (12).jpg (51 KB)

Təbii ki, indi erməni terrorçuların azad olunasına çağıran beynəlxalq qurumların borcu Ermənistandan minalanmış zonaların xəritələrinin Azərbaycana təhvil verilməsinin tələb olunmasıdır. Halbuki həmin beynəlxalq qurumlar və dövlətlər bu bəşəri borcu yerinə yetirməyə hələlik o qədər də həvəsli deyillər. Ona görə də bundan sonra onların ermənipərəst bəyanatlarına əhəmiyyət verməmək daha doğru olardı.

Məsələ ondadır ki, hazırda Azərbaycan erməni terrorizmi ilə qarşı-qarşıya qalıb. Hitlerin faşist nökəri Qaregin Njdenin terrorçu törəmələri insanlıq əleyhinə cinayətlərini davam etdirməkdə israrlıdırlar. Terrorçu-faşist Q.Njdeyə hər imkanda heykəl ucaldan Ermənistanın terrorizm fəaliyyətinə qarşı Azərbaycan təkbaşına mübarizə aparmalı olacaq.

Halbuki müasir dünyada terrorizmlə məşğul olmaq barbarlığın ən real təsdiqidir. Azərbaycanın müasir dünyanı Njdenin terrorçu törəmələrinin bəşəri cinayətlərindən də xilas edəcəyi qətiyyən şübhə doğurmamalıdır. Çünki Cənubi Qafqazda erməni terrorizminə yer yoxdur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button