Top.Mail.Ru
MANŞET

İki qətiyyətli liderin YAZDIĞI TARİX: Türkiyə+Azərbaycan = ZƏFƏR

4 aydan sonra Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 30 ili tamam olacaq. Ötən onilliklərdə dünyanın bəzi güc mərkəzləri “maşa” rolunu oynayanların vasitəsilə dövlətimizə və millətimizə qarşı nə pislik varsa, etməyə çalışdılar, ərazi bütövlüyümüzə qəsd etdilər, ölkəmizdə separatizm ocaqlarını çatmağa çalışdılar, sui-qəsdlər, terror aktları, iqtisadi, siyasi, diplomatik basqılara əl atdılar…

Şükürlər olsun, bu sınaqların hamısına mətinliklə sinə gərdi cəmi 30 yaşı olan, “gənclik yaşı”nı yenicə tamamlayan dövlətimiz qos-qoca imperiyaların qazana biləcəyi uğurlara imza atdı. Bu çətin və şərəfli dönəmdə hər bir uğurumuza bizim qədər sevinən, ağrı-acımıza kədərlənən can qardaşımız oldu – Türkiyə Cümhuriyyəti!

Əslində bu qardaşlıq tarixin tufanından, boranından keçmiş, hər cür sınaqları şərəflə adlamış, ağır imtahanlara sinə gərmişdir. 1918-ci ilin 28 mayında Qafqaz İslam Ordusunun qardaşlıq köməyi sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasına türkiyəli qardaşlarımız necə sevinmişdilərsə, 23 ay sonra bolşeviklər bayrağımızı endirəndə də bizim qədər qəm dəryasına batmışdılar. Bir əsr əvvəl böyük Qazi Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, deyirdi. Dövlət müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycan xalqının böyük lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi Türkiyə və Azərbaycanda dillər əzbəri oldu.

Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən qısa müddət sonra, 9 noyabr 1991-ci ildə müstəqilliyimizi ilk tanıyan ölkə oldu! Cəmi üç həftə sonra! 1920-ci ilin 27 aprelindən etibarən kəsilən Türkiyə-Azərbaycan əlaqələri bununla da bərpa olundu. Baxmayaraq ki, ötən əsrin əvvəllərində imperialist güclər dövlətimizi süquta yetirəndən sonra Türk dəhlizini – Türkiyə ilə Azərbaycanın quru yolu olan Zəngəzuru qoparıb forpostlarına – Ermənistana bağışlamışdılar, amma birbaşa quru əlaqəmizin olmaması əlaqələrimizin sürətli inkişafına mane ola bilmədi. Çünki bizi qan qohumluğu, ruh yaxınlığı birləşdirir.

Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub, 1992-ci ilin avqust ayında Azərbaycanın Türkiyədə Səfirliyi açılıb, 1993-cü ilin yanvar ayında İstanbulda, 12 aprel 2004-cü il tarixində isə Qars şəhərində Baş konsulluqlar təsis edilib. Qarşılıqlı olaraq Türkiyənin Bakıda Səfirliyi və Naxçıvan və Gəncə şəhərlərində Baş Konsulluqları fəaliyyət göstərir.

Bu gün artıq Türkiyənin Şuşada açılacaq növbəti Baş Konsulluğundan danışırıq, şükürlər olsun! Qardaş ölkə 44 günlük Vətən Müharibəsində Azərbaycanı bir an belə, yalnız buraxmadı! Heç zaman unutmayacağıq bu yaxşılığı, bu qardaşlığı! Bir el misalı var, biri digərindən soruşur ki,qardaşını tanıyırsanmı? O da cavabında deyir ki, yoldaşlıq etməmişəm. Bax, biz qardaşımızı, Türkiyəmizi çox yaxşı tanıyırıq, çünki yoldaşlıq etmişik, özü də tarix boyu, 1918-ci ildə Bakı işğaldan azad ediləndə də, 2020-ci ildə Şuşaya zəfər bayrağımız sancılanda da. Hələ ötən ilin iyulunda Ermənistan Tovuz rayonuna təcavüz edəndə ilk təpki və xəbərdarlıq Türkiyədən gəldi. O zaman Cümhurbaşqanı, böyük lider Rəcəb Tayyib Ərdoğan “bu, Ermənistanın boyunu aşan təcavüzdür”, deyərək erməninin himayədarlarına açıq xəbərdarlıq etdi. Elə Ankaranın daim Bakının yanında olmasının məntiqi nəticəsiydi ki, Ermənistanın dəstəkçiləri gizli yardımlar etsələr də, aşıq şəkildə təcavüzkarın yanında olmaqdan çəkindilər, dünyanın ən güclü ordularından birinə sahib Türkiyə ilə üz-üzə gəlməkdən yayındılar.

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - XƏBƏRLƏR » Tədbirlər

Möhkəm və sağlam təməllər üzərində qurulmuş Türkiyə-Azərbaycan münasibətləri bütün sahələrdə davamlı şəkildə inkişaf edir. Artıq hər kəs görür və anlayır ki, “Bir millət, iki dövlət” kəlamı sadəcə deyim deyil, siyasi, iqtisadi, mədəni, mənəvi, hərbi, geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapan əməkdaşlıq formatıdır. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin gündən-günə möhkəmlənməsi və genişlənməsi dostları sevindirir, düşmənləri dərdə salır. Beynəlxalq platformalarda Türkiyə və Azərbaycanın çiyin-çiyinə dayanması bir çoxlarının məkrli planlarını pozub. Unutmamışıq, bir zamanlar işğalçı Ermənistanı xilas məqsədilə qurulan, Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmağa hesablanmış Sürix protokollarını dövriyyəyə atanları da…Bir anlıq təsəvvür edin, Türkiyə və Azərbaycana basqılar nəticə versəydi, həmin plan baş tutsaydı, Ermənistanın “dalan”dan çıxmasına stimul verən layihə reallaşsaydı, nələr baş verərdi…Ancaq nə Azərbaycan, nə də Türkiyə liderləri məkrli dairələrin həyata keçirmək istədiyi qəsdin baş tutmasına imkan vermədilər, kürək-kürəyə dayanıb, mübarizə aparıb, Qarabağın ilhaqını rəsmiləşdirməyə apara biləcək ssenariləri faş etdilər.

Heç şübhəsiz ki, iki qardaş dövlətin əlaqələrinin ən yüksək səviyyəyə çatmasında siyasi liderlərin nümunəvi münasibətinin, şəxsi keyfiyyətləri müstəsna rol oynayır. Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. İllər öncə Ermənistanın qatil rəhbəri Praqada keçirilən, Türkiyənin təmsil olunmadığı “Şərq Tərəfdaşlığı” sammitində “dərə xəlvət, tülkü bəy” yanaşmasından çıxış edərək qardaş ölkənin ünvanına saxta ittihamlar, hədyanlar söyləyəndə Azərbaycan Prezidenti İlham Əliyev “Türkiyə burda yoxsa da, mən burdayam və sizin cavabınızı verəcəyəm”, söyləməklə dünyanı mat qoymuşdu, eyni zamanda bütün Türk dünyasının ürəyini fəth etmişdi. Eyni zamanda Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”, “Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq”, mövqeyi ilə Türk birliyi mesajını verdi dünyaya. İki qardaş dövlətin arasındakı münasibətlər ölkə rəhbərlərinin həyata keçirdiyi məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri həm xalqlarımız, həm də dünya birliyi üçün əsl nümunədir. Bir anlıq təsəvvür edək, iraq olsun, birdən “bir millət, iki dövlət”in liderləri arasında soyuq münasibətlər hökm sürsəydi, onda durum necə olardı. Şükürlər olsun ki, belə bir hal mövcud deyil və inşallah heç zaman da olmayacaq.

Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilir Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradda iştirak edirlər - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə və Azərbaycan arasında iqtisadi sahədə böyük inkişaf yolu keçilib, ancaq dövlətlərarası ticarət dövriyyəsinin artırılması əsas hədəflərdəndir. Azərbaycanın müəllifliyi ilə reallaşan nəhəng layihələrdə qardaş ölkənin yer alması da çox mühüm amildir. Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı “Nabukko” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır. Türkiyə və Azərbaycan etibarlı müttəfiq, “KİŞİ DÖVLƏT”lər kimi özlərini təsdiqləyiblər…

Türkiyə-Azərbaycan əməkdaşlığına hər zaman xüsusi önəm verən və bu əlaqələri yüksək dəyərləndirən millət vəkili Vahid Əhmədov hesab edir ki, bir sıra hallarda bizi istəməyən qüvvələr araya nifaq salmağa cəhd göstərsələr də, cəhdləri iflasa uğrayıb. “Əlbəttə, onlar istəmirlər ki, Azərbaycan, Türkiyə və Pakistan arasında normal münasibətlər, yaxınlıq olsun. Amma artıq bu münasibətləri pozmaq mümkün deyil. Mən həmişə demişəm, yenə deyirəm, Azərbaycan müstəqilliyinin əbədi, daimi olmasını istəyirsə, mütləq Türkiyə ilə bir yerdə olmalıdır, bunun ikinci bir yolu yoxdur. 44 günlük müharibədən sonra bizə necə təhdidlərin, basqıların olduğunu görürük. Dövlət başçısına qarşı müəyyən təhdid zəngləri olur. Qarabağ məsələsinə növbəti dəfə müdaxilə etmək, status məsələsini qabartmaq istəyirlər. Təbii ki, dövlətimiz buna imkan verən deyil, lazım gəlsə, növbəti dəfə Dəmir Yumruq işə düşəcək. Amma Türkiyə, Pakistan bizim yanımızda olanda biz daha arxayın oluruq. Necə ki, 44 günlük müharibədə qardaş ölkələr siyasi cəhətdən bizim arxamızda dayandılar və bizə dəstək oldular. Ona görə də Türkiyə ilə münasibətləri yüksək səviyyədə saxlamaq lazımdır. Fikir verirəm, Türkiyənin cümhurbaşqanı başda olmaqla, bütün rəsmiləri hər dəfə çıxışlarında Qarabağ məsələsinə toxunurlar. Cənab Ərdoğan Co Baydenlə NATO sammitində görüşəndə Qarabağ məsələsini müzakirə edəcək. Türkiyə əvvəlki Türkiyə deyil. Cənab Ərdoğanın dövründə Türkiyə çox güclənib və Türkiyə ilə beynəlxalq aləmdə hesablaşırlar”.

Vahid Əhmədov prezidentə müraciət ETDİ - Modern.Az Azərbaycan və dünya xəbərləri

Vahid Əhmədov

V.Əhmədov bildirdi ki, heç Azərbaycan da əvvəlki Azərbaycan deyil və ölkəmiz kifayət qədər geniş imkanlara malikdir:
 “Ölkəmizin kifayət qədər iradəli lideri var. Azərbaycanın 44 gün ərzində qazandığı qələbə çoxunun xoşuna gəlmədi. Mən arxayın ki, biz bütün bu məsələləri uğurla başa çatdıracağıq. Bu yolda Türkiyə ilə bir yerdə olmağımız olduqca vacibdir”.

***

Beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Türkiyənin iqtidar partiyaları üzv olduqları müxtəlif beynəlxalq siyasi platformalarda bir-birinin maraqlarının qorunmasında, eləcə də müsbət təcrübənin öyrənilərək tətbiqində, gənclərin beynəlxalq fəaliyyətində və digər istiqamətlər üzrə davamlı əməkdaşlıq edəcəklər. Bu günlərdə (1-3 iyun) YAP-ın nümayəndə heyəti Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə Ankarada səfərdə oldu. Əslində bu, siyasi müstəvidə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən səfər idi. Nümayəndə heyətinin ən yüksək səviyyədə – Türkiyə Prezidenti tərəfindən qəbul olunması qardaşlıq əlaqələrinə növbəti misaldır. Diqqət edin, cənab R.T.Ərdoğan Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı mərhələyə çatmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirdiyini vurğulayıb, bundan sonra da bölgədə sülhün bərqərar olması və iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi işinə İlham Əliyevin mühüm töhfələr verəcəyinə əmin olduğunu ifadə edib, hər iki tərəfdən hakim partiyaların roluna toxunaraq partiya funksionerlərinin fəaliyyətlərini yeni çağırışlara uyğunlaşdıra bilmələrinin vacibliyini qeyd edib.

Hesab olunur ki, YAP və AKP arasında uzun illərdir davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. İyun ayının 2-də əməkdaşlığa dair imzalanmış niyyət protokolu partiya təcrübəsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edə bilər. Partiya liderləri arasında olan dostluq münasibətləri YAP və AKP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Bu, xalqların gələcəyinə xidmət edən əməkdaşlıqdır. Heç şübhəsiz, YAP və AKP sədrlərinin – dövlət başçılarının tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin daha da inkişaf etdirilməsi milli ideologiyaların inkişafına, birgə sosial layihələrin işlənib hazırlanmasına, qarşılıqlı təcrübə mübadilələrinə, eləcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti üzrə koordinasiyanın yaradılmasına təkan verəcək. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edəcək. Hesab olunur ki, 44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra qardaş ölkənin aparıcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərində yaxından iştirakı iqtisadi əlaqələrin inkişafında yeni dövrün başlanğıcının əsasını qoydusa, YAP və AKP arasında imzalanmış niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəçisidir.

#

Elə bu sətirləri yazarkən xəbər gəldi ki, Türkiyə Prezidenti qardaş ölkədə səfərdə olan Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunu qəbul edib. Bir həftədə Azərbaycanın iki deputat qrupunun ən yüksək səviyyədə qəbul olunması qardaşlıq münasibətlərinin göstəricisidir.

Və Növbəti gözəl xəbər: Türkiyə Prezidenti bu gün AKP-nin qrup toplantısında çıxış edərkən “gələn həftə Bakı və Şuşaya gedəcəyəm. Daha sonra Bakıda əsgərlərimizi qəbul edəcəyək, çərşənbə günü axşam saatlarında isə Türkiyə-Uels qarşılaşmasını seyr edəcəyəm”, deyib. Cümhurbaşqanı AVRO-2020 Türkiyənin uğur qazanacağına inandığını və Bakıda milli komandanın oyunun Azərbaycan Prezidenti İlham Əliyevlə birgə izləyəcəyini deyib. Cənab Ərdoğanın Azərbaycana hər səfəri hadisə olur, görün burada neçə mesaj var: Bakı, Şuşa, əsgər, Azərbaycan Prezidenti…Dostlar- qardaşlar sevinsin, düşmən çatlasın!

Yeri gəlmişkən, qardaşlıq münasibətlərndən bəhs edərkən 2015-ci ilin payızında keçirilən G-20-lərin Antalya Zirvəsini xatırlayaq. O zaman dünya güclərinin sammitinə ev sahibliyi edən Türkiyə fəxri qonaq kimi Azərbaycan dövlətini dəvət etmişdi. Azərbaycanın Antalya Zirvəsində təmsil olunan yeganə yazılı mediasının – “Yeni Müsavat”ın təmsilçisi olaraq dövlətimizin lideri İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Zirvə iştirakçıları sırasında görməkdən fəxarət hissi keçirirdim. Mənə görə, elə 44 günlük Zəfərin əsası məhz o Zirvədə qoyuldu, dünyaya G-20-də iştirak edən 21-ci liderin varlığı və Türkiyə-Azərbaycan qardaşlığı ilə bağlı növbəti mübarək mesajı verilməklə… İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Az qala hər gün Türkiyənin bir rəsmi şəxsi Bakıya gəldi, bu, “qardaşım yalqız deyil”- xəbərdarlığı idi…

Türkiyə Müdafiə Nazirliyi Bakıda keçirilən “Zəfər Paradı” ilə bağlı paylaşım edib - VİDEO - Poliqon.az

Dünyada ikinci belə qardaşlıq, təmənnasız münasibətlər nümunəsi yoxdur! İkinci belə nümunə yoxdur ki, bir millətin təmsilçiləri iki bayrağı bir-birindən ayırmasınlar, hər ikisini bağrına bassınlar. Ordularımızın birgə təlimləri düşmənin bağrını yarır, “Bayrakdar” qorxusu canlarından çıxmayıb. Amma əməkdaşlıq elə sürətlə inkişaf edir ki, artıq birgə helikopter, zirehli texnika istehsalı ərəfəsindəyik. Türkiyə mehmetciyi Azərbaycan əsgəri ilə yanaşı, Azadlıq meydanındakı qələbə paradından keçməsi əsrin hadisələrindən idi. Budur, Şuşada Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə bayrağı dalğalanır, Azərbaycandakı hər evin eyvanında olduğu kimi…Mübarək tarixi yaşayırıq! İki qətiyyətli lider yazır bu şərəfli tarixi. İki dövləti qısaca belə ümumiləşdirmək olar: Türkiyə+Azərbaycan = ZƏFƏR!!!

Hələ daha gözəl günlər qarşıdadır – Qarabağ – Zəngəzur-Naxçıvan-Qars qatarının yola düşməsinə az qalır. İki qardaş arasında yollar qısaldıqca birliyimiz, diriliyimiz daha da artacaq…

Elşad Paşasoy

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button