Anar Mahmudov vətəndaşın obyektinə basqın təşkil edib – Eldar Mahmudov “dirilir” / VİDEO

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun cəzasız qalması onun qanunsuz əməllərinə yenidən rəvac verməsinə gətirib çıxarıb.
Dünən Moderator.az-ın redaksiyasına daxil olan bir müraciət sözün əsl mənasında bizi təəccübləndirdi.
Belə ki, redaksiyamıza müraciət edən vətəndaşlar sabiq MTN şefinin onlara məxsus şirkətin içərisindəki obyektə hücum təşkil olunduğunu bildirib.
Xətai Rayonu Fəzail Bayramov 1156 ünvanda yerləşən obyektə yollanan əməkdaşımız bunun canlı şahidi olub.
Biz əraziyə çatarkən sabiq MTN şefinin qohumları və bir nəfər vəkil başqasına məxsus obyektə daxil olmağa çalışırdı.
Onlar iddia edirdi ki, bu obyekt Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsusdur.
Ancaq şirkət nümayəndələri həmin obyektin öz sahibinin olmasını söyləyərək, xüsusi məhkəmə qərarını da qarşı tərəfə göstərirdi.
Nə qədər təəccüblü olsa da Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları da orada idi. Ancaq polis əməkdaşları başqasının mülkiyyətinə soxulmaq istəyən bu adamların hərəkətlərinə haqq qazandırmağa çalışaraq, obyektin qapsının açılmasını tələb edirdi.
Əməkdaşımızın “Siz hansı səlahiyyətlə bunu edirsiniz” sualına cavabında polis zabiti Sərraf Cəfərov bildirdi ki, Anar Mahmudovun nümayəndəsi onlara müraciət edərək, həmin obyektin onlara aid olduğunu iddia edir.
Şirkətin nümayəndəsi Kənan Səmədli obyektin əsl sahibinin kimliyinin müəyyən olunmasına dair məhkəmə sənədini nümayiş etdirəndən sonra polis əməkdaşları basqınçıların istəyini rədd etdi.