Top.Mail.Ru

MANŞET

“Hakim dedi bəraət verə bilmirəm, ona görə yüngül cəza verəcəyəm”

Bakıda marixuana satmaqda təqsirləndirilən Tural Abbasov və ondan marixuana alıb daşımaqda ittiham edilən Həsrət Çələbiyevə hökm oxuyan hakimdən Məhkəmə Hüquq Şurasına şikayət edilib.

“Kainat” xəbər verir ki, Abbasov Tural Tofiq oğlu istintaqa məlum olmayan mənbədən 26 qrama yaxın qurudulmuş marixuana əldə edərək 2020-ci il sentyabrın 9-da Nəsimi rayonunda yerləşən “Ərzurum” restoranının qarşısında onun 8 qramdan az hissəsini tanışı Çələbiyev Həsrət Vahid oğluna 20 manata satıb. Bundan 3 saat sonra DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 18 qram marixuana aşkar edilərək götürülüb.

Təqsirləndirilən Tural Abbasov məhkəmədə ifadə verərək özünü təqsirli bilmədiyini deyib və Həsrət Çələbiyevə heç nə satmadığını bildirib. O qeyd edib ki, həmin gün H.Çələbiyevlə “Ərzurum” restoranının yanında görüşləri olub və Həsrət həmin gün ona 3 dəfə zəng edib: “Axşamüstü həmin restoranın yanında maşınım xarab olduğu üçün servisə getdim, Həsrətlə də orada görüşdüm, amma ona heç nə vermədim. Daha sonra polislər məni saxladılar və üzərimdə heç bir narkotik vasitə yox idi. Mən saxlanılanda da, bölməyə gətiriləndə də bir neçə dəfə üzərimə baxış keçirdilər. Bölmədə üstümə baxış keçirəndə Həsrət də orda idi. Maşınıma da baxış keçirildi və heç nə tapılmadı. İttihamla razılaşmıram, Həsrətlə mənim tutulmağım arasında xeyli vaxt vardı. Polislər məni saxlamamışdan 20 dəqiqə əvvəl qardaşım zəng edib Həsrətin tutulduğunu demişdi. Əgər Həsrətə marixuananı mən versəydim və üzərimdə narkotik olsaydı, polislər gələnə kimi həmin 20 dəqiqə ərzində onu tullayardım”.

Loading...
Yazının davamı reklamdan sonra

T.Abbasov sonda məhkəmədən ona bəraət verilməsini xahiş edib. Nərimanov rayon məhkəməsinin hakimi Vüsal Qurbanovun hökmü ilə Tural Abbasov 3 il müddətinə azadlıqdan məhrum edilib. T.Abbasovun vəkili Ramil Məmmədzadə hakim V. Qurbanov barəsində Məhkəmə Hüquq Şurasına şikayət edib.

Şikayət ərizəsində qeyd edilib ki, hakim Vüsal Qurbanovun ilk qanunsuz qərarı hazırlıq iclasını Tural Abbasovun həbsinin bitməsindən 29 gün sonraya təyin etməsi olub və məhkəmə yekunlaşan günə qədər hazırlıq iclasının qərarını iş materiallarına əlavə etməyib. T.Abbasovun tutulması qərarında ekspert rəyi olmadan narkotikin tərkibi və çəkisinin qeyd edilməsi onun saxlanılmasının öncədən qərəzli olaraq planlaşdırılmasını göstərir. Vəkil bildirib ki, Tural Abbasov məhkəmə qərarı olmadan tutulub və sonradan tutulmasının qanuna uyğunluğunun yoxlanılması barədə təqdimatı Nəsimi rayon məhkəməsi rədd edib. Bu da qanunsuz tutulmaya dair əsas sübutdur. Məhkəmədə ittihamçı prokuror tərəfindən sübutlar siyahısı təqdim etməyib.

Eyni zamanda, hal şahidləri bildiriblər ki, T.Abbasov tutularkən onların da üzərinə baxış keçirilib. T. Abbasov da daxil olmaqla heç kimdən narkotik çıxmayıb. Lakin sonradan polis bölməsində T.Abbasovdan narkotik tapılmasını öyrəniblər.

Raportda Tural Abbasovun başqa bir cinayət işi üzrə izahatı alınması üçün polis bölməsinə gətirilməsi qeyd edilsə də, polislər onu həbs edərək gətiriblər.

İstintaq materiallarında şahid Nizami Məmmədovdan ifadə alınaraq onun T. Abbasovdan narkotik aldığı qeyd edilib. Lakin N.Məmmədov sonradan T.Abbasovla üzləşməkdən imtina etdiyi üçün həmin şəxsin ifadəsi sübutlar siyahısından çıxarılıb. Vəkil qeyd edib ki, bununla da ifadələrin qondarma olduğu məlum olur.

Məhkəmə Hüquq Şurasına edilən şikayətdə hakim Vüsal Qurbanovun bu faktların heç birinə hüquqi qiymət vermədiyi, qeyd edilənlərlə bağlı araşdırma aparmadığı və hökm verərkən bu qanunsuzluqları nəzərə almadığı bildirilib. Buna görə də hakim V.Qurbanovun əməlinə qiymət verilməsi istənilib.

Vəkilin sözlərinə görə, qərarı elan edən hakim Vüsal Qurbanov etiraza əsasən ittiham hökmü çıxarmasına əsas kimi qısa açıqlamasını bu şəkildə verib: “Mən Tural Abbasova bəraət verə bilmirəm. Açıqlamasını hökmü alanda oxuyarsınız. Ancaq mən Tural Abbasova sanksiyasında nəzərdə tutulan ən aşağı cəzanı verdim”.

“Hakim Vüsal Qurbanovun açıqlamasının mənası Tural Abbasova ən aşağı cəzanı verməsinin səbəbini ona layiq olduğu bəraət hökmünü verə bilməməsi ilə əlaqələndirib. Halbuki, ən aşağı cəza işdə təqsiri sübut olunan və ağırlaşdırıcı halları olmayan, eyni zamanda yüngülləşdirici halları çox olan şəxsə verilə bilər”, – deyə vəkil qeyd edib.

“Kainat” məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün sorğu verib. Vüsal Qurbanovun köməkçisi bildirib ki, hakim bununla bağlı hər hansı bir şərh vermək istəmir.

Murad Əhməd

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button