Top.Mail.Ru
MANŞET

Azərbaycan altıncı qızıl medalı qazandı — Yenilənir

Paracüdoçumuz Sevda Vəliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.

“Kainat” xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində çıxış edən qadın paracüdoçumuz qazaxıstanlı Dayana Fedossova və Türkiyə idmançısı Zeynep Çelikə qalib gələrək həlledici mərhələyə yüksəlib. Finalda cüdoçumuzun rəqibi Özbəkistan təmsilçisi Parvina Samandarova olub. Rəqibini məğlub edən S.Vəliyeva Azərbaycana dördüncü qızıl medalı qazandırıb.

***

Azərbaycan komandası Tokio Paralimpiadasında beşinci qızıl medalını qazanıb.

Qadın paracüdoçumuz Xanım Hüseynova (63 kq) startda yaponiyalı Hiroko Kudodan üstün olub. Çinli Yue Vanqı da tatamidən məyus yola salan idmançımız finalda ukraynalı İrina Husiyeva ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə paracüdoçumuz qalib gələrək Paralimpiya çempionu adını qazanıb.

***

Cüdoçumuz Hüseyn Rəhimli Paralimpiya çempionu olub.

“Tokio-2020” Yay Paralimpiya Oyunlarında 81 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk görüşdə Böyük Britaniya idmançısı Daniel Povelə qalib gələrək yarımfinala yüksəlib. Koreya Respublikasından olan Jung Min Lunu məğlub edən təmsilçimiz finalda özbəkistanlı Davurxon Karomatov ilə qarşılaşıb. Rəqibindən üstün olan H.Rəhimli Paralimpiadada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bunadək Azərbaycanın hesabında 7 medal var idi. Paracüdoçular Şəhanə Hacıyeva (48 kiloqram), Vüqar Şirinli (60 kiloqram), Sevda Vəliyeva (52 kiloqram), Xanım Hüseynova (63 kq) qızıl, Namiq Abaslı (66 kiloqram) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda – 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button