Top.Mail.Ru
MANŞET

“Məni “lal” deputat kimi qələmə verirlər” — Parlamentin danışmayanları…

Son iki il Azərbaycanın ictimai-siyasi həyatında bir çox mühüm və qaynar hadisələrlə yadda qalıb. Bu baxımdan ölkədə gedən proseslərdə, qanunvericilik bazasının təkmilləşdirilməsi prosesində Milli Məclisin fəaliyyəti də göz önündə olub.

Məlumdur ki, parlamentin fəaliyyəti, deputatların çıxışı daim ictimaiyyət üçün maraq kəsb edib. Müxtəlif zamanlarda həm sosial şəbəkələrdə, həm də ictimai platformalarda onların fəaliyyəti müzakirə mövzusuna çevrilib. Bəzən müzakilərdə parlamentin buraxılması, yeni seçkilərin keçirilməsi təklifini səsləndirənlər də olub. Bu təklifi qaldıranlar daha çox parlamentin ölkənin ictimai-siyasi həyatında fəal olmalı olduğunu, qanun layihələrini qəbul edərkən daha çox xalqın mövqeyindən çıxış edilməsinə diqqət çəkirlər. 

Qeyd edək ki, 2020-ci ildə növbədənkənar seçkilərin keçirilməsi nəticəsində köhnə simalarla yanaşı parlamentə yeni üzvlər də seçildi. Artıq parlament üzvləri yay tətilindən qayıdıb, sentyabrın 15-dən etibarən komitə iclasları, ayın sonunda isə plenar iclasların keçirilməsinə başlanılacaq. 

Bu məqamda deputatların öz fəaliyyətini necə quracağı, parlament tribunasında əyləşib bir dəfə də olsun hər hansı mövzuda çıxış etməyən millət vəkillərinin səsinin bu sessiyada eşidilib-eşidilməyəcəyi yenə maraq doğuran məsələlərdəndir. 

Məlumdur ki, bəzi deputatlar açıqlamaları, müsahibələri, plenar iclaslarda çıxışları ilə gündəmə gəlsələr də, mətbuata ümumiyyətlə çıxışı olmayan, haqqında barmaqla sayılacaq qədər az yazı çıxan və danışmayan millət vəkilləri də var. 

Bu arada bildirək ki, deputatların hər biri yalnız təmsil etdikləri seçicilərinin səsini deyil, bütün xalqı təmsil edən ictimai-siyasi fiqurlar hesab olunurlar. Onlar xalqı narahat edən, ictimai həyatda gündəm olan mövzularda daim aktiv olmalıdırlar. 

Bəzi deputatlar var ki, onların adı çəkiləndə sosial şəbəkələrdə dərhal müzakirələr başlayır ki, belə adda millət vəkili olduğunu ilk dəfə eşidirlər.

Bunu onunla əsaslandırırlar ki, xüsusilə də ictimaiyyət üçün daha maraq kəsb edən plenar iclaslarda hər zaman tanınan deputatlar gündəmlə yaxud qanun layihələri ətrafında çıxış edirlər. Susqun qalanların isə səsi eşidilmir. Danışmayanlar isə yalnız səsvermə prosesində iştirak edirlər. 

Plenar iclaslarda fəallığı ilə seçilən deputatlar sırasında Zahid Oruc, Qənirə Paşayeva, Erkin Qədirli, Fazil Mustafa, Fəzail Ağamalı, Aqil Abbas, Vahid Əhmədov, Əli Məsimli, Tahir Mirkişili, Qüdrət Həsənquliyev, Sabir Rüstəmxanlı, Kamal Cəfərov, Vüqar Bayramov, Etibar Əliyev, Naqif Həmzəyev, Rəşad Mahmudov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Aydın Mirzəzadə, Hikmət Məmmədli, Razi Nurullayev, Siyavuş Novruzov və s.-lərin adları daha çox çəkilir. 

Bu arada qeyd edək ki, feysbuk sosial şəbəkəsində deputatların fəaliyyəti ilə bağlı Meclis.info səhifəsi yaradılıb. Həmin səhifədə Milli Məclisin plenar iclaslarında çıxış etməyən deputatlarla bağlı infoqrafika hazırlanıb.

İnfoqrafikada plenar iclaslarda qeyri-fəallığı ilə seçilən deputatlar sıralamasında Vasif Talıbov, Oqtay Əsədov, Cəbi Quliyev, Madər Musayev, Mixail Zabelin, Anatoliy Rafailov, Pərvin Kazımzadə, Jalə Əhmədova, Könül Nurullayeva, Bəxtiyar Sadıqov, Sabir Hacıyev, Ülvi Quliyev, Ülviyyə Ağayeva, Ülviyyə Həmzəyeva, Ağalar Vəliyev, Vüqar İskəndərov, Aqil Məmmədov, Şahin Seyidzadə və Tamam Cəfərovanın adı qeyd olunub. 

Eyni zamanda, müzakirədə iştirak edənlər passiv deputatlar sırasında Kamilə Əliyeva, Afət Həsənova, Səbinə Quliyeva, İmamverdi İsmayılov, Sədaqət Vəliyeva və.s-lərin adlarını da sadalayıblar.

“Kainat” qeyri-fəal olduğu iddia edilən iki deputatla əlaqə saxlayıb. 

Millət vəkili Jalə Əhmədova bildirib ki, onu qeyri-fəal deputat hesab etmək olmaz:

“Milli Məclisin stenoqramlarında çıxışlarım var. Sadəcə olaraq biz sistemi tuta bilmirik ki, necə edək ki, biz də çıxışlara düşə bilək. Plenar iclaslarda çıxışa yazılanlar həddindən artıq çox olur. Sadəcə olaraq çıxış üçün bizə vaxt gəlib çatmır. Adımı çıxışlar üçün yazılmış lövhədə görürəm, ancaq vaxt gəlib çatmır.  

2-3 dəfə plenar iclaslarda çıxışım olub. Sadəcə olaraq mətbuat mənim çıxışımı yayımlamır və “lal” deputat kimi qələmə verir. Amma bu belə deyil. Biz onsuz da çıxışlarımızı stenoqramma üçün veririk. Bizi narahat edən məsələlərdə danışa bilməyən deputatlar çıxışlarını yazılı sürətdə katibliyə təqdim edirlər və bundan sonra stenoqrammaya düşür və oradan da aidiyyəti qurumlara yönəldilir.

Eyni zamanda, özüm tərəfdən də hansısa bir orqanla bağlı məsələni səsləndirmək istəyirəmsə, onu da yazılı şəkildə həmin quruma göndərirəm. Bir də görürsən ki, hər hansı mövzuyla bağlı əksər deputatlar eyni fikirdə olurlar. Bu mövzu hansısa qınaq mövzudursa əksəriyyətimiz ona bu cür yanaşırıq. Mənim səsləndirəcəyim məsələni məndən öncə hansısa deputatlar səsləndiribsə artıq çıxış naminə deməyin mənasını görmürəm.

Onsuz da regionumuzda seçicilərin problemi ilə bağlı dövlət qurumları ilə işləyirik. Feysbuk səhifəmdə də vətəndaşların problem yaşadığı qurumların adını çəkirəm və çəkinmədən adlarını yazıram. Bir il yarımlıq  fəaliyyətimdə hansısa bir məsələ ilə bağlı qurumlarla neqativ halla üzləşməmişəm. Problemlər öz həllini tapıb. Əgər məsələ öz həllini tapıbsa yenidən onu qabartmağın mənası nədir? Bütün bunların da hesabatını aparıram, seçicilərim də bunu görürlər”.

Deputat Vüqar İskəndərov isə qeyd edib ki, məzuniyyət dövründə də dayanmadan seçiciləri ilə işləyib:

“Öz təşəbbüsümlə 7 görüş keçirmişəm. Feysbuk səhifəmdə insanlar keçirdiyim görüşlərlə, etdiyim çıxışlarla tanış ola bilərlər. Parlamentin yaz sessiyasında 3 dəfə çıxış etmişəm.

Plenar iclaslarda hər dəfə danışmaq aktivlik dərəcəsi deyil. Ancaq mən özüm nə qədər cari məsələlərə də çıxışlara yazılmağa cəhd etsəm də, bir çoxu alınmayıb. Komitə iclaslarının hamısında isə çıxış etmişəm. Özümü aktiv deputatlar siyahısında görürəm. Ətrafımda bunu tez-tez eşidirəm.

Mediada və televiziya kanallarında mütəmadi olaraq çıxış edirəm. Şəki şəhəri üzrə 56 şəhid var. Mən onların hər birinin ailəsində iki dəfə olmuşam. Beynəlxalq tədbirlərdə mütəmadi olaraq çıxış edirəm. Hesab edirəm ki, danışmaqdansa daha çox iş görmək çox vacibdir.

Hər ay mütləq şəkildə onlayn və ya səyyar formada iki dəfə vətəndaş qəbulu keçirmişəm. Təkcə yaz sessiyası dövründə mənə 200-dən çox müraciət olub, bunların da təxminən 85 faizi öz həllini tapıb. 

Milli Məclisdə çıxışlara gəldikdə isə gənclərin işsizliyi ilə bağlı çıxış etmişəm. Bu da həmin dövrdə əksər KİV-lərdə gündəm mövzu oldu. Ötən yaz sessiyasında komitə iclaslarının hər birində çıxış etmişəm. Yaz sessiyası dövründə Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsinin iyirmi üç, Gənclər və İdman komitəsinin beş iclası keçirilib. Bu iclasların hər birində çıxış etmişəm. Həmçinin ötən yaz sessiyasında 790 sayt, 95 TV, 36 İnternet televiziyalarında müxtəlif mövzularla bağlı çıxışlarım olub”.

Günel Türksoy

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button