Top.Mail.Ru
MANŞET

Bu səs yazısına görə prokurorla bağlı xidməti yoxlama başladı — Audio

Ötən il fevralın 27-də Yardımlıda ata və oğlunun qətlə yetirilməsi ilə bağlı cinayət işinin istintaqına rəhbərlik edən prokuror Vahid Məmmədlinin hərəkətlərindən Baş Prokurorluğa şikayət olunub. V.Məmmədli Şəmsəddin Kərimov və oğlu Elməddin Kərimovun qətlindən bir neçə gün sonra onların hüquqi varisi Niyaməddin Kərimovu qəbul edərkən istintaqa təzyiqlər barədə danışıb və dialoqun səs yazısı həmin şikayət ərizələri ilə yanaşı Baş Prokurorluğa təqdim edilib.

Niyaməddin Kərimov “Kainat”ya müraciətində bildirib ki, bu ilin fevralında həmin səs yazısını DVD diskdə Baş Prokurorluğa göndərsə də, ona diski açmaq üçün texniki imkanlarının olmadığı deyilib: “Cinayət törədilən zaman Yardımlı rayonunun prokuroru olan Vahid Məmmədlinin qanunsuz hərəkətləri barədə şikayəti və prokurorun bizi qəbul edərkən dediklərinin səsyazısını dəfələrlə Prezidentin hüquq-mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərov və baş Prokuror Kamran Əliyevə göndərmişəm. Bu müraciətimdən 8 gün öncə Baş Prokurorluğun müasir informasiya-kommunikasiya qurğuları ilə təchiz olunan yeni inzibati binası istifadəyə verilmişdi. Lakin prokurorluqdan mənə cavab verildi ki, komputerləri köhnə “personalnıy” olduğu üçün diski açıb oxumaq texniki baxımdan mümkün olmayıb.

Bu cavabdan sonra, mayın 19-da səs yazısını təkrarən fləş-karta köçürərək Baş Prokurorluğa rəsmi olaraq təqdim etmişəm. Amma dörd aya yaxın vaxt keçsə də, mənə heç bir cavab verilməyib. Vahid Məmmədli isə hazırda Qaradağ rayon prokurorluğunda fəaliyyətini davam etdirir. Həmin şəxsin zamanında etdiyi qanunsuz hərəkətlər nəticəsində bu gün mənim atam və qardaşım həyatda deyil”.

“Atamla qardaşımın qatillərini yüksək vəzifəlilərin qoruduğunu dedilər”

N.Kərimov deyir ki, ötən il prokurorun hərəkətlərindən Baş Prokurorluğa şikayət edəndə Vahid Məmmədli feysbuk hesabında status yazaraq adlar çəkəcəyi ilə kimlərisə hədələyib.

Prokurorun həmin statusunu təqdim edirik:

N.Kərimov qeyd edib ki, Baş Prokurorluğa göndərdiyi həmin səs yazısında Vahid Məmmədli qətli törədən Nürəddin Kərimov və oğlu Kənan Nuroğlunun arxasında Baş Prokurorluğun Təşkilat-Analitik İdarəsinin prokuroru Ədalət Həşimov və Zərdab rayonunun keçmiş prokuroru Hüseynxan Əliyevin durduğunu etiraf edir: “Bu görüş zamanı prokuror bizimlə təxmini yarım saat ərzində söhbət etdi və güman ki içkinin təsirindən faktiki olaraq cinayətkarlar Nurəddin Kərimov və Kənan Nuroğluna himayədarlıq etdiyini etiraf etdi. Belə ki, prokuror dedi ki, adıçəkilən şəxsləri yaxşı tanıyır, onlara əvvəllər bir neçə dəfə, o cümlədən bıçaqlama hadisəsində və narkotiklə bağlı hadisədə köməklik edib, Baş prokurorluqda Ədalət Həşimov və Zərdab rayonunun Hüseynxan adlı keçmiş prokuroru da onlara məsləhətlər verməklə himayədarlıq edir. Bu və digər söhbətlər prokurorun öz dilindən deyilir və hamısı məndə olan səs yazısında əks olunub”.

Niyaməddin Kərimov qeyd edib ki, prokurorluğun səsyazısını açıb dinləyə bilməmək barədə iddialarına son qoymaq üçün həmin danışığın bir hissəsini media vasitəsilə ictimailəşdirmək məcburiyyətində qalıb və səsyazısını redaksiyaya təqdim edib.

“Kainat” iddialarla bağlı Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu verib, həmçinin, vətəndaşın göndərdiyi səsyazısını və V.Məmmədlinin sosial şəbəkədə yazdığı statusu da quruma təqdim edib. 

Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, təqdim olunan həmin səs yazısı və digər materiallarla bağlı Baş Prokurorluğun aidiyyəti İdarəsi tərəfindən Yardımlı rayonunun sabiq prokuroru Vahid Məmmədli barəsində xidməti yoxlama başlanılıb.

Qeyd edək ki, Şəmsəddin Kərimovun qətlində ittiham olunan Nürəddin Kərimov onun qardaşıdır.

Murad Əhməd

Fotoda: Kənan Nuroğlu qətl baş verən yerdə

Fotoda: Nürəddin Kərimov qətl baş verən yerdə

 

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button