Top.Mail.Ru
MANŞET

TƏCİLİ! Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı Rusiyaya TƏRS ŞİLLƏ – Görüş şərti ELAN EDİLDİ

“Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin danışıqlarında dəhliz məsələsi müzakirə olunmayıb”.

KAİM.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Bizdə dəhlizlər yoxdur. Biz dəhliz məsələlərini müzakirə etmirik. Cənubi Qafqazda iqtisadi, nəqliyyat əlaqələrinin blokdan çıxarılması müzakirə olunur. Tərələr fikir mübadiləsi edirlər. Danışıqlar pozitiv axarda keçir”,- deyə Overçuk vurğulayıb.

Xatırladaq ki, doqquz aydır Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri Şahin Mustafayev, Mğer Qriqoryan və Aleksey Overçukdan ibarət işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupun fəaliyyətindən məqsəd Cənubi Qafqaz regionunda kommunikasiya və nəqliyyat əlaqələrinin açılmasıdır.

Son aylarda Azərbaycan və Türkiyə prezidentləri Naxçıvanı ölkənin digər əraziləri ilə birləşdirəcək dəhlizin açılması zərurəti barədə bəyanatlar verirlər.

Azərbaycan prezidenti İlham Əliyev ötən ay “CNN Türk” kanalına verdiyi müsahibədə sülh müqaviləsinin imzalanmasını Zəngəzur dəhliz inin açılması ilə əlaqələndirmişdi.

Sentyabrın 19-da Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan onunla görüşmək istədiyini bildirib.Ərdoğan bəyan edib ki, bu görüş Ermənistanın Zəngəzur dəhlizi məsələsində atacağı qətiyyətli addımlardan sonra mümkün ola bilər.

Nikol Paşinyan isə dəfələrlə bidlirib ki, dəhliz məsələsi müzakirə olunmur: “Biz kommunikasiyaların açılmasında çox maraqlıyıq, çünki bunda Ermənistanın blokadanı aradan qaldırması imkanınını görürük. Təəssüf ki, biz 25 ildir belə bir blokadadyıq. Ümid edirik ki, nəticədə biz konkret həll yollarına gəlib çıxacağıq”.

Sentyabrın 20-də erməni tərəfinin dəhliz məsələsinə münasibəti barədə baş nazirin müavini Mğer Qriqoryan da danışıb. Jurnalistlərlə söhbəti zamanı Qriqoryan dəhliz məsələsi müzakirə olunurmu” sualına, “əlbəttə yox” cavabı verib: “Mən hesab edirəm ki, biz bütün hallarda danışmalıyıq, vəziyyəti stabilləşdirən və regiona sülh gətirən bütün imkanlardan istifadə etməliyik. Regionda infrastruktura gəlincə isə demək istərdim ki, gözə çarpan dəmir yollarıdır. Yəni söhbət vaxtilə mövcud olmuş infrastrukturun bərpasından gedir. Bu mənada burada texniki həllər gözə dəyir. Biz diqqətmizi sərhəd, gömrük, fitosanitar nəzarət kimi yoxlama funksiyalarının hüquqi həllinə yönəltmişik.”

Bu arada İrəvanda keçirilən “Armenian Business Forum” tədbirində iqtisadiyyat naziri Vaan Kerobyan maraqlı bəyanat verib. O deyib ki, Azərbaycan və Türkiyə tərəfindən Ermənistanın blokadasının açılması elə ilk iki ildə Ermənistan iqtisadiyyatının 30 faizlik artımını təmin edə bilər.

Siyasi təhlilçi Şahin Cəfərli isə “AzPolitika.info”-ya bildirib ki, Moskvada qəbul edilmiş 2021-ci il 11 yanvar tarixli üçtərəfli Bəyanat 10 noyabr sənədinin 9-cu maddəsinin icrasına yönəlib.

“Orada baş nazirlərin müavinlərindən ibarət işçi qrupun yaradılması razılaşdırılıb və prioritet məsələ kimi bölgədə avtomobil və dəmir yollarının açılması qeyd olunub”-, deyə ekspert qeyd edib.

Ş. Cəfərli xatırladır ki, indiyədək Azərbaycan dəhliz məsələsini sürəkli gündəmə gətirib, Prezident İlham Əliyevin demək olar ki, bütün çıxışlarında Zəngəzur dəhlizi vurğusuna rast gəlmək olar: “Ermənistan hökuməti və şəxsən Nikol Paşinyan isə öz növbəsində hər hansı dəhlizdən söhbət getmədiyini, belə bir dəhlizin yaradılmasına razı olmayacaqlarını dəfələrlə bildirib. Amma indiyədək Rusiya bu “söz dueli”nə rəsmi münasibət bildirməmişdi. Hətta güman olunurdu ki, Zəngəzurdan keçəcək yolun dəhliz statusunda olması Rusiyanın da marağındadır və Bakı həm də bu səbəbdən Ermənistanı sıxışdırıb, basqı altına alır. Çünki koridor statusu o demək olacaq ki, həmin ərazidə Ermənistan hökumətinin nəzarət, müdaxilə imkanları olmayacaq. Yəni dəhlizdə Ermənistanın qanunları işləməyəcək, orada gediş-gəliş rejimi yalnız Rusiya tərəfindən müəyyən olunaraq tənzimlənəcək. Bu isə bölgədə bütün kommunikasiyaları bilavasitə öz nəzarətinə götürmək istəyən Moskva üçün sərfəlidir”.

Təhlilçi vurğulayır ki, Rusiya hazırkı mərhələdə dəqiqləşdirmə ehtiyacı hiss edərək bu mübahisəyə nöqtə qoymaq qərarına gəldi.

“Səbəb Türkiyə tərəfinin dəhliz polemikasına daxil olması və bu məsələyə müdaxiləsi ola bilər. Belə ki, Prezident Rəcəb Tayyib Ərdoğan sentyabrın 19-da BMT Baş Assambleyasının 76-cı sessiyasına və “Türk Evi”nin açılışına qatılmaq üçün Nyu-Yorka yola düşməzdən əvvəl keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyanın onunla görüşmək istədiyini deyib. Paşinyan bu istəyini Gürcüstanın baş naziri İrakli Qaribaşvili vasitəsilə Ankaraya çatdırıb. Ərdoğan cavabında deyib ki, əgər Nikol Paşinyan onunla görüşmək istəyirsə, müsbət addımlar atmalıdır. O, müsbət addımlar dedikdə əsasən Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur. R.T.Ərdoğan ümid etdiyini bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik Zəngəzur koridorunun açılması ilə aşılmış olar”,- deyə ekspert fikirlərinə əlavə edib.

Şahin Cəfərli xatırladır ki, Rusiya baş nazirinin müavini Aleksey Overçukun açıqlaması Türkiyə prezidentinin açıqlamasından bir gün sonraya təsadüf edib, bu səbəbdən bunu ilk növbədə Ərdoğana cavab kimi qiymətləndirmək olar: “Əlbəttə ki, Moskvanın emissarı həm də dəhlizdə israr edən Bakıya cavab vermiş olub. Ümumən Moskva Türkiyənin Azərbaycan və Ermənistan arasındakı sülh quruculuğuna aktiv müdaxiləsinə qarşıdır və prosesdə öz nəzarətini aşındıracaq, zəiflədəcək istənilən təşəbbüsə müqavimət göstərir. Ermənistan-Türkiyə yaxınlaşmasının Gürcüstanın vasitəçiliyi ilə baş verməsi də bu qəbildən olan təşəbbüslərdəndir. Çünki Gürcüstan müstəqil oyunçu deyil, Qərblə sıx əlaqələrə malik olan tərəfdir. İyun ayında Gürcüstanın vasitəçilyi ilə Azərbaycan və Ermənistan arasında həyata keçirilən diversant və mina xəritələrinin mübadiləsi məhz ABŞ və Avropa Birliyinin müdaxiləsi ilə baş tutmuşdu.

Moskva Ermənistan-Türkiyə əlaqələrinin bərpasına prinsipcə, etiraz etmir, sadəcə olaraq, onun iştirakı olmadan cərəyan edəcək ikitərəfli İrəvan-Ankara, İrəvan-Bakı dialoqlarına qarşıdır. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu yaxınlarda keçirdiyi brifinqlərin birində demişdi ki, “biz Ermənistan-Türkiyə əlaqələrinin bərpasına kömək etməyə hazırıq”. Bu sözlərin diplomatik dildən tərcüməsi budur ki, iki ölkə yaxınlaşmaq istəyirsə, bizə müraciət etsin…”. (AzPolitika.info)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button