Top.Mail.Ru
MANŞET

Paşinyan generalları BUXOVLAYIR: Rusiyadan qopma planı İŞƏ SALINIB

Ermənistan baş naziri Nikol Paşinyan generalları həbsxanaya doldurmaqla, siyasi məqsədlər güdür; Bu, Köçəryan-Sarkisyan cütlüyünü, eləcə də, bütövlükdə Qarabağ klanını açıq hədəfə çevirib, sıradan çıxartmaq imkanları aça bilər…

Ermənistanda ölkədaxili siyasi böhran yeni istiqamətlər almağa başlayıb. Bir neçə ay əvvəl Paşinyan hakimiyyəti öz siyasi rəqiblərinin hədəfində aciz duruma düşmüşdü. Ancaq indi bu proses böyük ölçüdə fərqli istiqamətə yönəltməkdədir.

Məsələ ondadır ki, II Qarabağ savaşından sonra Paşinyan hakimiyyəti ciddi şəkildə zəifləmişdi. Hətta öz siyasi rəqiblərinin – Qarabağ klanının sərt təzyiqləri qarşısında çətinliklə tab gətirə bilirdi. Və bu səbəbdən də, növbədənkənar parlament seçkiləri keçirtmək məcburiyyətində qaldı.

Ermənistan baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərində qalib gələ bilsə də, uzun müddət Qarabağ klanının mövqeyi ilə hesablaşmalı oldu. Halbuki, belə vəziyyətin uzun müddət davam etməsinin mümkün olmadığı da şübhə doğurmurdu. Hər halda, bu iki düşərgədən biri mütləq məğlub olub, siyasi səhnəni tərk etməli idi. Əks halda, hadisələrin kuliminasiya nöqtəsinin məhz vətəndaş müharibəsinə qədər yüksəlmə ehtimalı istisna deyildi.

Ancaq Paşinyan hakimiyyəti üçün əsas problem məhz erməni generaliteti ilə birbaşa bağlı idi. Çünki generalitet Paşinyan hakimiyyətini deyil, məhz Qarabağ klanını dəstəkləyirdi. Və generallar bunu qətiyyən gizlətmirdilər.

Hələ bu ilin əvvəllərində erməni generaliteti siyasi proseslərə müdaxilə etməyə cəhd göstərmişdi. Erməni generaliteti Paşinyan hakimiyyətini savaşda məğlubiyyət və Ermənistanın maraqlarına zidd anlaşmalara imza atmaqda suçlamışdı. Yəni, Paşinyan hakimiyyətinə qarşı hərbi qiyamın ilk mesajı verilmişdi.

Ancaq erməni generalitetinin hərbi qiyamı baş tutmadı. Çünki Cənubi Qafqazda sabitliyə üstünlük verən Rusiya bu hərbi qiyam cəhdini dəstəkləmədi. ABŞ və Qərb Ermənistanda hakimiyyətin zorakılıq yolu ilə dəyişdirilməsinə göz yumulmayacağını bəyan etdi. Və nəticədə ordusuz qalan erməni generaliteti geri çəkildi, Qarabağ klanının təlimatları ilə hərəkət etməsinə baxmayaraq, siyasi proseslərə qarışmadığını vurğuladı.

Onu da qeyd etmək lazımdır ki, Ermənistanın 44 gün ərzində darmadağın olunmuş ordusu, xüsusilə də, generalitet Rusiyanın və Qarabağ klanının təsiri altındadır. Erməni generalların mütləq əksəriyyəti Rusiya ali hərbi məktəblərində təhsil alıblar. Eyni zamanda, onlara general paqonları da keçmiş prezidentlər və hərbi cinayətkarlar olan Robert Köçəryan və Serj Sarkisyan tərəfindən verilib. Bu səbəbdən də, Qarabağ klanına sadiqdirlər.

Təbii ki, ABŞ-ın “Soros” Fondunun “siyasi istehsalı” olan və Ermənistanı Rusiyadan qoparıb, Qərbə yaxınlaşdırmaq təlimatını yerinə yetirən Paşinyan hakimiyyəti belə bir generalitet ilə paralel fəaliyyət göstərə bilməz. Bu iki qüvvədən biri mütləq sıradan çıxmalıdır. Yəni, ya Qarabağ klanı və erməni generaliteti sıradan çıxarılacaq, ya da Paşinyan hakimiyyəti devriləcək.

Hələ seçkilərdən öncə proqnozlaşdırmışdıq ki, Paşinyan hakimiyyəti qalib gələrsə, Qarabağ klanını və erməni generalitetini həbsxanalara doldurmağa çalışacaq. Əks halda, onu devirməyə çalışacaqlar və baş tutacağı təqdirdə, Ermənistan baş naziri Nikol Paşinyan ömrünün qalan hissəsini “dəmir barmaqlıqlar” arasında keçirə bilər.

Son hadisələr də göstərir ki, həmin proqnozlarımız tədricən özünü doğrultmağa başlayıb. Belə ki, tərəflərdən birinin sırasından çıxarılması prosesinə start verilib. Paşinyan hakimiyyəti erməni generaliteti üzərinə total hücuma keçib. Və generalları bütün mənalarda buxovlamadan da əl çəkməyəcək.

Bu proses Ermənistanın “yeni müharibə, yeni ərazilər” doktrinasının müəllifi olan keçmiş müdafiə naziri David Tonoyanın həbsi ilə başlayıb. Keçmiş müdafiə naziri D.Tonoyan və erməni silah alverçisi David Qalstyan 5 milyon dollara yaxın dövlət əmlakını mənimsəməkdə, eləcə də ictimai təhlükə törədən davranışlarda suçlanırlar. Və onlara qarşı ittihamlar təsdiqlənərsə, Paşinyan hakimiyyətinə qarşı hərbi məğlubiyyət ittihamları öz hədəfini ciddi şəkildə dəyişə bilər.

Məsələ ondadır ki, D.Tonoyanın müdafiə naziri olduğu dönəmdə David Qalstyanın sahibi olduğu şirkət Ermənistan ordusu üçün ballistik raketlər gətirib. Məlum olub ki, raketlərin yalnız 30 faizi istifadəyə yararlıdır. Geri qalanları isə köhnə və korlanmış vəziyyətdə olub.

Raketləri gətirən şirkət yararsız raketləri yığmaq üçün anbarlarının olmadığını bəhanə edərək, Müdafiə Nazirliyindən onların saxlanmasını xahiş edib. Üzərindən zaman keçdikdən sonra isə həmin yararsız raketlərin Müdafiə Nazirliyi tərəfindən satın alınması sənədlərin saxtalaşdırılması yolu ilə rəsmiləşdirilib. Və sonrası demək olar ki, hər kəsə məlumdur.

İndi hakimiyyətini nisbətən möhkəmləndirən baş nazir Nikol Paşinyan məhz bu cinayət üzərindən erməni generalitetin və Qarabağ klanının üzərinə yerimək qərarı verib. Ermənistan Milli Təhlükəsizlik Xidməti bu cinayət işi ilə bağlı hər gün bir neçə generalı həbsə alıb. “Qraparak” qəzeti iddia edir ki, Baş Qərargah rəisinin indiki və keçmiş müavinləri də daxil olmaqla, artıq bir neçə general həbs olunub. Digərlərinin həbsinə də hazırlıq görülür.

Təbii ki, erməni generalitetini buxovlamaqda Paşinyan hakimiyyəti həm də siyasi hədəflərini reallaşdırmağa çalışır. Belə ki, Ermənistan ordusu darmadağın edilsə də, erməni generaliteti ölkənin siyasi həyatına ciddi təsir imkanlarını qoruyub, saxlayır. Erməni generaliteti bir tərəfdən, Paşinyan hakimiyyətinin xarici və xarici siyasət hədəflərinin reallaşdırılmasına əngəl törədir.

Digər tərəfdən isə Ermənistanda Qarabağ klanının siyasi maraqlarına uyğun hərbi çevriliş təhlükəsini aktual saxlaya bilir. Nəticədə Paşinyan hakimiyyəti Qarabağ klanının təzyiqlərindən xilas olmaq imkanlarından məhrum qalır.

Ancaq erməni generalitetini buxovlamaqla, Paşinyan hakimiyyəti bütün bu problemləri həll edə bilər. Çünki generalitetin dəstəyi olmadan Qarabağ klanı belə aqressiv mövqeyə cəsarət göstərərməz. Üstəlik, generalitetin buxovlanması həm də Qarabağ klanının açıq hədəfə çıxarılmasına geniş imkanlar da aça bilər.

Çünki, müdafiəsiz qalan Qarabağ klanı müqavimət resurslarını tamamilə itirmiş olacaq. Bu haldasa, onsuz da barələrində cinayət işləri olan R.Köçəryan və S.Sarkisyanın həbsxanaya göndərilməsi çətinlik törətməyəcək. Hər halda, generallarla yanaşı, keçmiş prezidentlərin də cinayətləri barədə MTX-nin əlində ciddi sübutların olduğu bildirilir.

Bütün bunları nəzərə aldıqda, baş nazir Nikol Paşinyanın böyük bir siyasi əməliyyata başladığını ehtimal etmək olar. Yəqin ki, ilk mərhələdə erməni generaliteti buxovlanacaq, generalların bəziləri həbs olunacaq, bəziləri isə eyni cinayətləri törətdiklərindən  qorxudularaq, susdurulacaq.

Məhz bundan sonra Qarabağ klanı birbaşa açıq hədəfə çıxarılacaq. Nəticədə Qarabağ klanı və erməni generaliteti sıradan çıxarıldıqdan sonra Rusiyanın Ermənistanda dayaqları ciddi şəkildə zəifləmiş olacaq. Bunun əksinə, öz ölkədaxili mövqelərini gücləndirmiş Paşinyan hakimiyyəti Ermənistanı Rusiyadan uzaqlaşdırıb, Qərbə yaxınlaşdırmaq imkanı qazanmış olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button