Top.Mail.Ru
MANŞET

SON DƏQİQƏ! İlham Əliyevin İrəvana şərtləri və Minsk qrupunun vasitəçilik səbəbi BƏLLİ OLDU

Prezident İlham Əliyevin İspaniyanın EFE agentliyinə müsahibəsində üzərinə vurğu edilməli olan yeni məqamlar:

1. İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyanla görüş üçün hazır olduğunu bildirdi, amma bunun üçün şərtini açıqladı,

2. Ermənistan tərəfi son zamanlar Qarabağda hansısa status məsələsinə toxunmur,

3. İlham Əliyev Rusiya və Türkiyə prezidentlərinin sentyabrın 29-da Soçidə keçirilən görüşünə dair nəticənin müsbət olacağı anonsunu verdi.
İlham Əliyev hələ Fransanın “France-24” telekanalında müsahibəsində Nikol Paşinyanla görüş imkanlarına dair təklif irəli sürdü, bu məsələdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyini önə çəkdi.
Bəs İlham Əliyev niyə Rusiya, ABŞ və Fransanın vasitəçiliyini önəmli sayır?

Çünki postmüharibə dövründə regionda uzunmüddətli və dayanıqlı sülhüm təmini üçün beynəlxalq güclərin qarantiyasını almaq istəyir. Hərçənd ki, İlham Əliyev dəfələrlə Minsk Qrupunun münaqişə dövründə faydalı iş əmsalının sıfıra bərabər olduğunu açıqlayıb, bununla belə, olanların keçmişdə qaldığını deməklə gələcəyə baxmağın zəruriliyini ortaya qoyur.

Bu, həm də dünya güclərinin bir mövqedən – Azərbaycanın haqlı mövqeyindən çıxış etməsinə imkan yaradır və region qlobal rəqabət meydanından, müştərək maraqların ifadə olunduğu platformaya çevrilir. Bakının hədəfini belə oxuya bilərik.

Prezident EFE-yə müsahibəsində bir daha Nikol Paşinyanla görüşə hazır olduğunu bildirdi, amma bir şərtlə: Paşinyan özü görüşə hazırdırsa.

İlham Əliyev bununla Paşinyana çatdırır:

1. Sülhə məcbursan,

2. Azərbaycanın ərazi bütövlüyünü tanımalısan,

3. Hazır deyilsənsə, Ermənistan üçün faciənin miqyası genişləcək.

İlham Əliyev niyə indi danışıqları gündəmə gətirir? Suala cavab vermək üçün İlham Əliyevin bu ifadəsini xatırlatmaq mütləqdir:

“Səmimi desəm, son dövrdə biz Ermənistandan həmin ərazinin statusu ilə bağlı heç bir bəyanat eşitməmişik. Əfsuslar olsun ki, bu fikirlər bəzi digər ölkələr, onların yüksək səviyyəli nümayəndələri tərəfindən səslənir”.

Bu, o deməkdir ki, Azərbaycanın siyasi və diplomatik həmlələri, Ermənistanla sərhəd zolağında strateji yüksəkliklərdə mövqelənməsi İrəvanı qismən ağıllandırıb. Ancaq bəzi ölkələr status məsələsini “diriltməklə” İrəvanı öz orbitindən çıxarmaq istəmir və bununla gələcəkdə İrəvandan forpost kimi yararlanmağı hədəfləyir.

Ermənistanın nisbi “sakitliyini” Rusiya və Türkiyə liderlərinin Soçi görüşünün nəticəsinin təzahürü kimi də nəzərdən keçirə bilərik.

Məhz bu görüşdə Rusiya Prezidenti Vladimir Putin Ağdamdakı Birgə Monitorinq Mərkəzinin fəal işlədiyini, sabitliyə və sülhə yönəldilmiş gələcək addımlara dair mövqelərin razılaşdırılmasının ciddi əhəmiyyətə malik olduğunu vurğulayıb. Eyni zamanda bu Mərkəzin fəaliyyətini Azərbaycan-Ermənistan sərhədinin Qarabağ istiqamətinə proyeksiya edib. Bu, o deməkdir ki, sərhədlərin delimitasiya və demarkasiyasında Ankara ilə Moskva ortaq maraqlardan çıxış edirlər.

Bu görüş fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Zəngəzur dəhlizinin əhəmiyyətini yenidən qabartması da diqqət çəkir.

İlham Əliyev müsahibədə “Düşünürəm ki, bu gün Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, – yeri gəlmişkən, onlardan biri Ermənistanın qonşusudur, – sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar” deməsi isə Bakının bu görüşün nəticələrindən razı qaldığının göstəricisidir.

Aqşin Kərimov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button