Top.Mail.Ru
bannerMANŞET

Paşinyanı devirmək QƏRARI VERİLDİ: Hədəfdəki Qarabağ klanı “QANLI HESABLAMA”ya hazırlaşır

Ermənistanda yenidən gərginləşən siyasi proseslərdən belə anlaşılır ki, ya Paşinyan hakimiyyəti ən yaxın vaxtlarda Qarabağ klanını tamamilə sıradan çıxaracaq; Ya da Qarabağ klanı özünü xilas etmək üçün Ermənistanı məqsədyönlü şəkildə vətəndaş müharibəsinə doğru sürükləməyə çalışacaq…

Ermənistanda ölkədaxili siyasi böhran yenidən dərinləşməyə başlayıb. Paşinyan hakimiyyəti ilə Qarabağ klanı arasında qarşıdurmanın kəskinləşməyə doğru yönəldiyi müşahidə edilir. Və bu qarşıdurmanın tezliklə siyasi iğtişaşlara, küçə toqquşmalarına çevrilə biləcəyi də qətiyyən istisna deyil.

Məsələ ondadır ki, qarşıdiran tərəflərin öz siyasi rəqibini tamamilə sıradan çıxartmaq niyyətində olduqları nəzərə çarpır. Hazırda hər iki tərəfin atmağa çalışdıqları addımlar həlledici siyasi savaşa hazırlıq xarakteri daşıyır. Bu isə yaxın vaxtlarda Ermənistanın yenidən qarışa biləcəyi ilə bağlı ehtimallara inandırıcı görüntülər verir.

Hazırda Paşinyan hakimiyyəti Qarabağ klanının üzərinə hücuma keçib. Rəsmi İrəvan Qarabağ klanının timsalında erməni müxalifətinin əsas dayaqlarını sıradan çıxartmaqda qərarlı görünür. Erməni generaliteti ətrafında baş verən hadisələr bunun ilkin əlamətləri sayıla bilər.

Böyük ehtimalla Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ klanı indiki gücünü qoruyub, saxladıqca, rəsmi İrəvanın rahat nəfəs ala bilməyəcəyini dəqiqləşdirib. Erməni baş nazir bu klanı tamamilə siyasi səhnədən silmək üçün hazırlıq addımları atmağa başlayıb. Və Qarabağ klanının əsas gücünün harada olduğunu da dəqiq müəyyən edib.

dee66e4897244682347b79934085e7e6.jpg (113 KB)

Qarabağ klanının Ermənistan cəmiyyəti tərəfindən dəstəklənməyini yalnız Paşinyan hakimiyyəti deyil, elə bu revanşist siyasi düşərgənin liderləri olan Köçəryan-Sarkisyan cütlüyü də tam dəqiqliyi ilə bilir. İndi Qarabağ klanının siyasi mübarizə potensialı daha çox darmadağın edilmiş Ermənistan ordusunun tör-töküntülərindən qidalanır. Yəni, Qarabağ klanı ilə hərbi müxalifət arasında olan bağlantı kəsildiyi təqdirdə, bu düşərgə siyasi səhnədən çəkilmək məcburiyyətində qala bilər.

Ona görə də, baş nazir Nikol Paşinyanın birbaşa erməni generalitetini hədəfə çevirməsinin səbəblərini anlamaq o qədər də çətin deyil. Erməni generaliteti Paşinyan hakimiyyətinə qarşı müqavimət düşərgəsinin əsas dayağı olsa da, əslində, müxalifətin ən zəif yeri sayılır. Çünki erməni generalları, xüsusilə də, Qarabağ klanı ilə bağlı olanların hamısı rüşvət və korrupsiyaya bulaşıb. Üstəlik, erməni generalları ölkənin hərbi büdcəsinin talan edilməsində də xüsusi fəallıq göstəriblər.

Bu baxımdan, Paşinyan hakimiyyəti hansı generala əl atsa, onu rahatlıqla “dəmir barmaqlıqlar” arxasına yerləşdirmək imkanına malikdir. Eyni zamanda, həbs edilən hər bir erməni generalı digərlərini də öz arxasıyla apara biləcək ortaq cinayətlərdə iştirak edib. Bu isə erməni generallarını həbsdən qorunmaq üçün Paşinyan hakimiyyəti qarşısında geri çəkilmək məcburiyyətində qoya bilər.

Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin erməni generaliteti üzərinə hücumu olduqca genişmiqyaslı xarakter daşıyır. Keçmiş müdafiə naziri David Tonoyan da daxil olmaqla, müxtəlif vaxtlarda Ermənistan ordusuna rəhbərlik etmiş generallar bir-birinin ardınca həbs olunur. Ermənistan Milli Təhlükəsizlik Xidməti isə generalitetə qarşı ciddi cinayət faktlarına malik olduğuna eyham vurur.

1603959629_ermeni5.jpg (39 KB)

Digər tərəfdən, həbs olunmuş generalların cinayət işlərinin istiqaməti isə birbaşa iki keçmiş prezidentə – hərbi cinayətkarlar olan Robert Köçəryan və Serj Sarkisyana doğru yönəlməyə başlayıb. Halbuki bu iki şəxs haqqında hakimiyyətdə olduqları dövrdə törətdikləri cinayətlərlə bağlı məhkəmə araşdırması davam edir. Bunun üzərinə bir də hərbi büdcənin mənimsənilməsi kimi cinayətlər də əlavə ediləcəyi təqdirdə, Qarabağ klanının bu iki lideri ömürlərini həbsxana divarları arasında bitirə bilərlər.

Göründüyü kimi, Paşinyan hakimiyyəti özü üçün əsas problem hesab etdiyi erməni generalitetini Qarabağ klanından qoparmağa başlayıb. Eyni zamanda erməni baş nazir həm də müxalifətin hərbi və siyasi qanadlarını bir-birinə paralel şəkildə sıradan çıxarmağa cəhd göstərir. Buna nail olacağı təqdirdə, Köçəryan-Sarkisyan cütlüyünə bağlı revanşist siyasi düşərgə tamamilə çökdürülmüş olacaq.

Təbii ki, Qarabağ klanı və bu düşərgənin rəhbərliyi onları gözləyən aqibəti artıq tam aydınlığı ilə təsəvvür etməyə başlayıblar. Hətta “fəlakət quyusu”nun bir addımlığında olduqlarının da fərqindədirlər. Nə qədər gec deyil, müqavimət göstərib, xilas olmağın vacibliyini də anlayırlar.

Keçmiş prezident, hərbi cinayətkar Serj Sarkisyanın son açıqlamasının məzmunu da belə düşünməyə tamamilə əsas verir. Belə ki, o, müxalifət qüvvələrini birləşməyə çağırıb: “Müxalifət öz qarşısına hakimiyyətə gəlmək vəzifəsini deyil, hakimiyyəti dəyişmək hədəfini qoymalıdır”.

Göründüyü kimi, Qarabağ klanını yaxınlaşan təhlükəni ciddi şəkildə hiss etməyə başlayıb. Ona görə də, Qarabağ klanı da, onun rəhbərliəri də tələsirlər və hakimiyyətin dəyişdirilməsinin yeganə çıxış yolu olduğunu qabardırlar. Serj Sarkisyanın açıqlaması isə əslində, həm də qiyama çağırış məzmunu daşıyır: “Hazırda ümumiyyətlə, hakimiyyət barədə düşünmək lazım deyil. İndi əsas hədəf mövcud hakimiyyətin devrilməsi olmalıdır”.

uch-ermeni-quldur.jpg (9 KB)

S.Sarkisyan Ermənistanda siyasi toqquşmaların və hakimiyyət dəyişikliyi cəhdlərinin ölkəyə xarici müdaxilə təhlükəsini stimullaşdıra biləcəyindən narahat olanları da sakitləşdirməyə çalışıb. O, bildirib ki, Ermənistan sərhədləri ətrafında yaranmış vəziyyət yaxın vaxtlarda yeni müharibənin başlanma ehtimalından uzaqdır. Yəni, keçmiş prezident heç bir şeyə əhəmiyyət vermədən Paşinyan hakimiyyətinin devrilməsini vacib hesab edir.

Təbii ki, S.Sarkisyanın açıqlaması məzmun baxımından, Paşinyan hakimiyyətinə qarşı qiyama çağırış xarakteri daşıyır. Ancaq Qarabağ klanı bu qiyamın sosial-siyasi əsaslandırmasını Ermənistan cəmiyyətinə təbliğ etməyə başlayıb. Ermənistan parlamentinin müxalifəti təmsil edən vitse-spikeri İşxan Saqatelyanın iddiaları buna misal hesab edilə bilər.

Məsələ ondadır ki, müxalifətçi vitse-spiker Ermənistanın qara günləri hələ qarşıda olduğunu iddia edib: “Cəmiyyət vətəndaş müharibəsinin bir addımlığındadır. Hər keçən gün Ermənistanda “siyasi bomba”nın partlayacağı ana yaxınlaşırıq”.

İşxan Saqatelyan Paşinyan hakimiyyətini vətəndaş müharibəsi ilə hədələyir, müxalifətin böyük yürüşə hazırlaşdığının anonsunu verir: “Minlərlə insan İrəvan küçələrinə çıxacaq. Və əsl “siyasi bomba” effekti yaradacaq. Bu dalğa qarşısına keçəni məhv edəcək”.

Təbii ki, vitse-spiker “Bu dalğa qarşısına keçəni məhv edəcək” deyərkən, birbaşa Paşinyan hakimiyyətini hədələyir. Eyni zamanda, o, “siyasi bomba” kimi xarakterizə etdiyi təhdidlərini rəsmi İrəvanı xəyanətdə suçlamaqla, arqumentləşdirməyə çalışır: “Bizdə olan dəqiq məlumata əsasən, Ərdoğan ilə Paşinyan arasında gizli razılaşma əldə olunub. Razılaşmanın 3 bənddən ibarət olduğu bildirilir: Rəsmi İrəvan “erməni soyqırımı” fikrindən imtina edəcək, Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq, Zəngəzur dəhlizi açılacaq”.

ermeni-qiyam.jpg (11 KB)

Ancaq maraqlıdır ki, Qarabağ klanı Ermənistan cəmiyyətinə də qətiyyən güvənmir. Hər halda, vitse-spikerin açıqlamasında cəmiyyətə yönəlik qınaqların da yer alması belə düşünməyə əsas verir: “Əgər, yaxın günlərdə Paşinyan hökuməti bunu rəsmən bəyan etsə, Ermənistan cəmiyyəti N.Paşinyanı güc yolu ilə devirməyə qalxacaq. Bu alınacaq, yoxsa yox? Bu, çox qəliz sualdır, çünki hazırda Ermənistan cəmiyyəti dağınıq haldadır. Bu insanlar biabırçı məğlubiyyətin baş rolunda olan N.Paşinyanı yenidən seçkilərdə qalib edən şəxslərdir. Bunlarla uzağa getmək olacaqmı?”

Göründüyü kimi, bir tərəfdən Paşinyan hakimiyyətini devirmək ilə hədələyərlər. Digər tərəfdən isə Ermənistan cəmiyyətində dəstəklənmədiklərini dəqiq bildiklərindən hakimiyyəti devirməyə nail olacaqlarına da qətiyyən əmin deyillər. Və bu, Qarabağ klanı əsas problemi hesab olunur.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Qarabağ klanını erməni generalitetinin dəstəyindən məhrum buraxmaq üzrədir. Üstəlik, bu klan Ermənistan cəmiyyətində də nifrətlə qarşılanır. Və belə vəziyyət Qarabağ klanını fəlakətə doğru yaxınlaşdırır.

Bütün bunlar onu göstərir ki, Ermənistanda siyasi proseslər əsasən iki istiqamət üzrə inkişaf edə bilər. Belə ki, ya Paşinyan hakimiyyəti ən yaxın vaxtlarda Qarabağ klanını tamamilə sıradan çıxaracaq. Ya da Qarabağ klanı özünü xilas etmək üçün Ermənistanı məqsədyönlü şəkildə vətəndaş müharibəsinə doğru sürükləməyə çalışacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button