Top.Mail.Ru
bannerMANŞET

Göyçay Məşğulluq Mərkəzi Göyçayı çinarsız, vətəndaşları İŞSİZ QOYUR: Üfunət, zibil iyi… – ŞİKAYƏT

İddialara görə, uzun müddətdir Göyçay Məşğulluq Mərkəzində (11 saylı Ərazi Məşğulluq Mərkəzi filialı) qanunsuzluq, korrupsiya və özbaşınalıq hökm sürür.

KAİM.az xəbər verir ki, bu barədə 2017-ci ildən bəri Göyçay Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda olmasına baxmayaraq, hələ də işlə təmin edilməyən Bayramov İlham Emin oğlu redaksiyamıza göndərdiyi şikayət ərizəsində yazıb.

Şikayətçinin verdiyi məlumata görə, dəfələrlə Göyçay rayon icra hakimiyyəti başçısının nümayəndələrinin qəbulunda olsa da, müvafiq tədbir görülməyib. Çünki, Göyçay Sanitar-Təmizlik idarəsi işsiz kimi qeydiyyatda olan şəxslər arasında ayrı-seçkilik edir və sadəcə öz şəxsi maraqlarına uyğun gələn vətəndaşları işə qəbul edirlər.

Ərizədə sözügedən idarənin rəisi haqqında qeyd olunanlar isə heç də ürəkaçan deyil:

“Sanitar-Təmizlik idarəsinin hazırda rəisi olan Fuad Bəşirov bir zamanlar kafelərdə ofisiant işləyirdi. Daha sonra isə firmalardan maqazinlərə uşaq bezləri paylamağa başladı. Lakin sonradan başına “tale quşu qondu” və Göyçay Rayon İcra Hakimiyyəti başçısının və Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Rəşad Şükürovun himayədarlığı sayəsində Göyçay Sanitar-Təmizlik idarəsinə rəis vəzifəsinə təyin olundu. Sabiq rəis Loğman Əliyevi isə həbsə yolladılar. Bu gənc kadr isə vəzifəyə gəldiyi vaxtdan az sonra uğursuz fəaliyyətini büruzə verdi. Çinarlar şəhəri olan Göyçay zibilliklərə qərq oldu, ağaclar susuzluqdan qurudu, hər yeri üfunət, zibil iyi bürüyüb. Sanitar-Təmizlik idarəsində məsuliyyətsizlik, özbaşınalıq, korrupsiya halları artmağa başladı. Fuad Bəşirov öz yaxınlarını və güvəndiyi işçilərinin yaxınlarını məşğulluq xətti ilə işə qəbul etdi. Lakin həmin işçilərin əksəriyyəti işlədikləri idarənin harada yerləşdiyindən belə xəbərsizdirlər. Yalnız staj qarşılığında işə qəbul edilmiş bu vətəndaşların maaş kartları Fuad Bəşirovla və rayon icra hakimiyyətinin yüksək vəzifəli şəxləri arasında bölüşdürülür.”

Bayramov İlham Emin oğlunun iddiasına görə, prezident İlham Əliyevin idarələri korrupsioner məmurlardan təmizləmək məqsədilə apardığı islahatlardan qorxuya düşən Göyçay Sanitar-Təmizlik İdarəsi rəisi də bəzi uğursuz “islahatlar” aparıb:

“Məmur həbsləri başladıqdan sonra Göyçay Sanitar-Təmizlik idarəsi maaş kartlarını sahiblərinə payladılar. Minimum əmək haqqı olan aylıq 250 manat sabit puldan cəmi 20 manat həmin işçilərə, qalan məbləğ isə Fuad Bəşirova və rayon rəhbərliyinə çatırdı. Ancaq bu cür bölüşdürmə ədalətsiz olduğu üçün bəzi işçilər arasında narazılığa səbəb oldu. Ona görə də 20  manat məbləğ 100 manata qədər qaldırıldı. İşdə adı gedən, özləri isə heç vaxt işə gəlməyən həmin işçilər yalnız Monitorinq qrupları tərəfindən yoxlamalar gəldiyi zaman özlərini apar-topar idarəyə çatdırırlar. Eyni zamanda həmin işçilər guya gündəlik işə çıxırmış kimi ayda bir və ya iki dəfə idarəyə gəlib qeydiyyat-davamiyyət  kitabçasına imza atırlar. Bunu sübut etmək üçün həmin işçilərin maaş kartları ilə pulun hər ay bankomatdan kimlər tərəfindən alınması yoxlanılmalıdır. Bilindiyi kimi, bankomatda bütün əməliyyatlar kamera ilə çəkilir və yaddaşda 5 il saxlanılır.”

Ərizədə o da qeyd edilir ki, Göyçay Sanitar-Təmizlik idarəsinin isə gündəlik işə çıxan cəmi 15-20 işçisi var. İşçi sayının normadan az olması ucbatından rayon üzrə natəmizlik hökm sürür. Həmçinin idarəyə məxsus dövlət əmlakı olan xüsusi təyinatlı nəqliyyat vasitələrinin bəziləri özəl məqsədlər üçün icarəyə verilib.

Şikayətçi Bayramov İlham Emin oğlu ərizənin sonunda prezident İlham Əliyevə müraciət edib:

“Cənab Prezident! 

Xahiş edirəm, yuxarıda qeyd etdiyim faktların mənim iştirakımla araşdırılması üçün tapşırıq verəsiniz.

Siz vakant iş yerlərini kasıb və işsiz insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün nəzərdə tutduğunuz halda, Fuad Bəşirov, Rəşad Şükürov və icra başçısı Mehdi Səlimzadə kimi vəzifəli şəxslər öz aralarında həmin pullardan necə yararlanmağı və maaş kartlarını hansı yollarla mənimsəməyi planlaşdırırlar.

Sizdən bir daha xahiş edirəm, mənim Göyçay Sanitar-Təmizlik idarəsində işlə təmin olunmağıma köməklik göstərəsiniz və eyni zamanda mənim təhlükəsizliyimin təmin edilməsinə tapşırıq verəsiniz.”

İddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button