Top.Mail.Ru
MANŞET

Vətən müharibəsi qazisinə niyə müharibə əlili HESAB EDİLMİR? – Prezidentə MÜRACİƏT

KAİM.az Vətən müharibəsi qazisi Abbaslı Samir Yusif oğlunun prezident İlham Əliyevə müraciətini şərhsiz təqdim edir:

“Hərbi xidmətim zamanı rastlaşdığım və həyatımı bütünlüklə məhv edən haqsızlıqla bağlı sizə müraciət edirəm.

Mən 16 yanvar 2012-ci il tarixindən 2013-cü ilin iyul ayına qədər hərbi xidmətdə olmuşam. 2020-ci il avqust ayından etibarən MAHHXHQ əsgər kimi xidmətə başlayaraq, əvvəl bir ay 708 saylı, sonra isə 701 saylı hərbi hissələrdə xidmət etmişəm. Vətən müharibəsi zamanı iki dəfə yaralanmışam. Bakıda Papanin adı ilə tanınan hərbi xəstəxanada müalicə almışam. Burdakı müayinələr zamanı müharibədə aldığım qəlpə yaralarından başqa ürək çatışmazlığının da olduğu müəyyən edilərək, hərbi xidmətə tam yararsız hesab edilmişəm. Lakin, mənə bildirirlər ki, mənim ürək çatışmazlığımın kökü anadan gəlmədir. Bu, tam yalandır, mən hərbi xidmət zamanı ürək xəstəliyinə düçar olmuşam.

Mənə ürək çatışmazlığımın kökü anadangəlmə olduğuna görə müharibə əlili hesab edilməyəcəyimi və mülkidə ümumi səbəblərlə əlillik ala biləcəyimi deyirlər. Bunu ədalətsizlik, qanunsuzluq və cinayət hesab edirəm. Əgər məndə ürəkçatışmazlığı anadangəlmədirsə, niyə məni həqiqi hərbi xidmətə aparıblar və hərbidə işə götürüblər? Yox, əgər ürək çatışmazlığımın əvvəl hiss olunmayacaq dərəcədə olduğundan orduya qəbul edilmişəmsə, yenə də indiki sağlamlıq vəziyyətimə görə müharibə əlili sayılmalıyam. Axı bu vəziyyətə müharibə nəticəsində düşmüşəm. Xəstəliyə görə mənə iş vermirlər nədə ki, mənə əlillik dərəcəsi təyin etmirlər.

Hazırki vəziyyətimə əsasən, həkimlər açıq ürək əməliyyatı olunmağımı zəruri saysalar da həkimlər əməliyyatın uğurla başa çatacağına, iki azyaşlı övladımın atasız qalmayacağına əminliklə söz vermirlər, həyatımı itirmə riskinin çox olduğunu bildirirlər. Digər bir tərəfdən müharibə əlili sayılmayacağımdan bu əməliyyatı mülki xəstəxanalarda ödənişli şəkildə etdirməliyəm ki, sözün əsl mənasında bunu ödəmək üçün heç bir maddi gücüm yoxdur.

Sizdən acizanə şəkildə xahiş edirəm ki, müraciətimi obyektiv araşdırıb mənim müharibə əlili sayılmağıma yardımçı olasınız.”

Qeyd: Mövzu ilə bağlı qazi Abbaslı Samir Yusif oğlu ilə 050-569-51-05 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button