Top.Mail.Ru

MANŞET

İlham Əliyev Rusiya və Ukrayna münasibətlərini İSTİLƏŞDİRƏ BİLƏR

Ukrayna dövlət başçısının Mətbuat Xidmətinin məlumatına görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Ukraynada işgüzar görüş keçiriləcək.
Görüşün sonunda liderlərin mətbuat konfransı gözlənilir.
Beynəlxalq siyasi şərhçilər isə hesab edirlər ki, İlham Əliyev və Vladimir Zelenski arasında “Ukrayna böhranı” ilə bağlı da müzakirə aparılacaq. Hətta bəzi fikirlərə görə, Azərbaycan prezidenti böhranın tənzimlənməsində Rusiya və Ukrayna arasında vasitəçi kimi çıxış edə, önəmli rol oynaya bilər.
KAİM.az xəbər verir ki, bununla bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov isə Azərbaycanın vasitəçilikdən daha çox xoşməramlı missiya həyata keçirə biləcəyini istisna etmir:
“Azərbaycan və Ukrayna arasında münasibətlər həmişə yüksək səviyyədə olub. Ukrayna rəhbərliyində kimin yer almasından asılı olmayaraq, Azərbaycan və Ukrayna çalışıblar ki, bir-birinin mövqeyini dəstəkləsinlər.
Krım münaqişəsinə aid bizim mövqeyimiz bəllidir, bununla əlaqədar dəyişiklik gözləmirəm. Lakin bu məsələdə bəyanatlar verən digər  qüvvələrdən fərqli olaraq, Azərbaycanın mövqeyi ona yönəlib ki, problemlər sülh yolu ilə həll edilsin. Ölkəmiz bu istiqamətdə xoşməramlı xidmətlər üçün həmişə hazırdır. Bu baxımdan, hesab edirəm ki, Krım məsələsi ilə bağlı ənənəvi xətt davam edəcək. Əməkdaşlıq üçün imkanlarımız genişdir, Azərbaycan tərəfi buna həmişə açıqdır.
Böhranın tənzimlənməsində vasitəçiliyi həyata keçirən xüsusi beynəlxalq qurum mövcuddur. Azərbaycan isə qeyd etdiyimiz kimi, xoşməramlı missiyanın yerinə yetirilməsində rol oynaya bilər”.
Rəsmi Bakının indiki mərhələdə Türkiyə ilə bir çox məqamlarda eyni mövqedən çıxış etdiyini xatırladan T. Zülfüqarovun fikrincə, bunu Rusiya və Ukrayna arasındakı münasibətlərə də aid etmək olar:
“Çünki ötən dəfə buna bənzər böhran olduqda, müharibə ehtimalı yüksələndə Vladimir Zelenski Türkiyəyə səfər etdi, prezident Rəcəb Tayyib Ərdoğanla görüşdü, beləliklə, vəziyyət stabilləşdi. Bu onu göstərir ki, Türkiyə prezidentinin həm Ukrayna, həm Rusiya rəhbərliyi ilə yüksək səviyyədə əlaqələri olduğuna görə, hansısa xoşməramlı xidmətlər göstərir. Azərbaycan da Türkiyə, Rusiya və Ukrayna ilə ayrı-ayrılıqda yaxşı əlaqələri olduğuna görə, bu prosesə qoşula bilər”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button