Top.Mail.Ru

MANŞET

Türkiyə-Rusiya münasibətləri POZULA BİLƏR: Kreml Krımın işğalı ilə bağlı mesajdan NARAHATDIR

Rəsmi Ankara bu mesajla Kremlin davranışlarının beynəlxalq hüquqa zidd olduğunu qabardır və Rusiyanın Ukrayna siyasətini dəstəkləməyəcəyinə eyham vurur; Əgər, Kreml rəsmi Ankaranın vasitəçilik təkliflərini geri çevirərsə, Türkiyə Rusiyanın deyil, Ukraynanın yanında yer almaq məcburiyyətində qala bilər…

Türkiyə Ukrayna böhranının nizamlanması niyyətində qətiyyətli addımlar atnağa başlayıb. Rəsmi Ankara Rusiya və Ukrayna arasında vasitəçilik missiyasını öz üzərinə götürməkdə tamamilə ciddidir. Və bu barədə artıq həm Rusiyaya, həm də Ukraynaya təklif göndərib.

Ancaq onu da qeyd etmək lazımdır ki, Kreml Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə danışıqlar aparmağa bir qədər ehtiyatla yanaşır. Əsas səbəb ondan ibarətdir ki, rəsmi Ankaranın Ukrayna ilə bağlı ziddiyyətli məqamlara münasibəti Rusiyanın mövqeyi ilə qətiyyən uyğun gəlmir. Çünki Türkiyə Ukraynaya qarşı Rusiyanın hərbi-siyasi təzyiqlərini yolverilməz hesab etdiyini qətiyyən gizlətmir.

Bu reallıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son çaıqlamasında da özünün qabarıq şəkildə biruzə verməkdədir. Türkiyə prezidenti vurğulayıb ki, Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyini real hesab etmir. Onun fikrincə, Ukrayna sıradan deyil, güclü dövlətdir. Və Rusiya-Ukrayna müharibəsi qlobal məkanda kifayət qədər ciddi təhlükələrə yol aça bilər.

Loading...
Yazının davamı reklamdan sonra

1440x810_cmsv2_2d6fd193-2b05-5347-890b-bb7164e5e1f5-4556184.jpg (281 KB)

Digər tərəfdən, Türkiyə prezidenti Rusiyanın Ukrayna siyasətinin yanlış olduğuna da eyham vurub. Prezident R.T.Ərdoğan bildirib ki, “Hər hansı bir yerdə torpaq işğal edib, ələ keçirəcəm” məntiqilə davranmaq müasir dünya şərtlərində qəbuledilməzdir: “Məsələn, Rusiya Ukraynada nə etdi? Krıma girdi. Mən hər görüşümüzdə cənab Putinə demişəm ki, Türkiyə Krımın ilhaqına qarşıdır. Bizim Xarici İşlər Nazirliyinin təmsilçiləri də öz həmkarları ilə görüşlərdə bunu qarşı tərəfə çatdırıblar. Bu məsələdə bizim siyasətimiz açıq-aydındır”.

Göründüyü kimi, Türkiyə və Rusiyanın Ukraynaya münasibətdə mövqeləri kəskin ziddiyyət təşkil edir. Eyni zamanda, rəsmi Ankaranın bu problemə münasibətdə mövqeyinin Azərbaycanla üst-üstə düşməsi də Kremli ciddi şəkildə narahat edir. Və Rusiya hər iki türk dövlətinin Ukraynaya daha yaxın hesab etməyə başlayıb.

Təbii ki, Kremlin bu yanaşma tərzində Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya siyasi dairələri üçün gözlənilməz olan Ukrayna səfəri də xüsusi rol oynamamış deyil. Üstəlik, Türkiyə prezidentinin də Azərbaycan liderinin Ukrayna səfərinə xüsusi önəm verməsi Kremldə iki müttəfiq türk dövlətinin ortaq hərəkət etməsi barədə qənaətlər yaratmağa başlayıb.

Məsələ ondadır ki, Rusiyaya Ukrayna ilə bağlı davranışlarını yenidən gözdən keçirtməyi məsləhət görən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna səfərinin nəticələrini müzakirə etmək niyyətində olduğunu vurğulayıb. Məhz bundan sonra Türkiyə prezidenti gələn ayın ilk həftəsində özü Ukraynaya səfər edəcəyini bildirib. Və həm Rusiya, həm də Ukrayna prezidentlərini danışıqlar üçün artıq Ankaraya rəsmən dəvət etdiyini də qətiyyən gizlətməyib.

181097a0d485b29e29b6d75f62d45.jpg (34 KB)

Maraqlıdır ki, Kremlin Türkiyənin vasitəçilik missiyasına münasibəti hələlik ehtiyatlıdır. Ancaq bununla belə, Türkiyə prezidentinin Rusiya və Ukrayna liderlərini Ankaraya dəvət etməsinə də kəskin reaksiya verməkdən yayınmağa üstünlük verir. Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Kremlin bu məsələyə yanaşmasını artıq açıqlayıb.

Məsələ ondadır ki, D.Peskov prezident R.T.Ərdoğanın həmin dəvətinə “Rusiya Ukrayna ətrafında yaranmış qəliz vəziyyətin nizamlanmasına səy göstərən istənilən dövlətin cəhdlərini alqışlayır” məzmununda cavab verib: “Əgər, Türkiyə Minsk Qrupunun müəyyən etdiyi öhdəliklərin yerinə yetirilməsi məsələsində Ukraynaya təsir göstərə bilərsə, Rusiya bundan yalnız məmnun qala bilər”.

Belə anlaşılır ki, Kreml Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə danışıqlar aparmaqdan imtina etməyə tələsmir. Ancaq Kreml “Minsk Qrupunun müəyyən etdiyi öhdəliklər” mövzusunu gündəmə gətirməklə, belə bir prosesin baş tutmamasına çalışır. Hər halda, Kremldə rəsmi Kiyevin Rusiya tərəfindən dolayısı ilə irəli sürülən bu şərt-tələbə müsbət yanaşmayacağını anlamamış deyillər. Hətta Kreml prezidentlərin görüşünün baş tutması üçün Ukraynanın separatçı Donbas bölgəsinə status verilməsində israr edir.

9d787aa5dbf93b29eee5b487da1cc227.jpg (261 KB)

Təbii ki, bu, Rusiyanın hazırda Ukrayna ilə anlaşmaq deyil, məhz savaşmaq istiqamətində siyasi kurs yürütdüyünü göstərir. Halbuki, iki dövlət arasında vasitəçilik missiyasını öz üzərinə götürməyə çalışan Türkiyə Rusiyanın bu mövqeyi ilə qətiyyən razı deyil. Belə ki, rəsmi Ankaranın qənaətinə görə, Rusiya savaşa yola aça biləcək bütün addımlardan mütləq çəkinməlidir. Çünki həmin region daha bir müharibəyə qətiyyən tab gətirə bilməz.

Eyni zamanda Türkiyə prezidentinin Krımın ilhaqı ilə bağlı dedikləri də Kremlə yönəlik açıq mesajdır. Rəsmi Ankara bu mesajla Rusiyanın davranışlarının beynəlxalq hüquq normalarıyla ziddiyyət təşkil etdiyini qabardır. Və belə situasiyada Rusiyanın Ukrayna siyasətinin dəstəklənməsinin qətiyyən mümkün olmadığına eyham vurur.

Göründüyü kimi, Ukrayna böhranı nə qədər qəliz məzmun daşısa da, rəsmi Ankara iki qonşu ölkəni barışdırmağa çalışır. Ancaq hələlik Rusiyanın hədəfləri ilə Türkiyənin mövqeyi arasında kəskin ziddiyyətlər mövcuddur. Bu isə o deməkdir ki, əgər, Kreml rəsmi Ankaranın vasitəçilik təkliflərini geri çevirərsə, Türkiyə Rusiyanın deyil, Ukraynanın yanında yer almaq məcburəyyətində qala bilər.

Elçin XALİDBƏYLİ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button