Top.Mail.Ru
MANŞET

9 milyon 369 min manat büdcə oğurluğunda ittiham olunan zabit məhkəməyə ifşa VİDEOSU verdi – PROSES DAYANDIRILDI!

Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Musavat.com xəbər verir ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi olan Rəşad Məlikzadəyə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Saytların yığılması Saytların yığılması

O, 9 milyon 369 min manatlıq mənimsəmədə ittiham olunur.

Prosesdə Rəşad Məlikzadənin vəkili Vüqar Kazımov vəsatətlə çıxış edərək müvəkkilinin əmlaklarının üzərinə qoyulmuş həbsin götürülməsini istəyib.

Bildirib ki, ibtidai istintaq zamanı müvəkkili dövlətə dəymiş ziyandan 160 min manatını ödəyib: “İstintaq zamanı Rəşad Məlikzadənin həyat yoldaşı Şəms Məlikzadənin adına Ləhic bağlarında yerləşən kotej tipli 5 bağ evinin üzərinə həbs qoyulub. İstintaq zamanı həmin bağ evləri 684 min 240 manat qiymətləndirilib. Rəşad Məlikzadə həbs olunmamışdan əvvəl dövlətə dəymiş ziyanın ödənilməsi üçün həmin bağ evlərinə müştəri tapıb, 40 min manat da beh almaqla müqavilə bağlayıb.

Həmin əmlakların 800 min manata alqı-satqısına razılaşıblar. Bu da istintaqın qiymətləndirilməsindən 120 min manat çoxdur.

Biz ziyanın ödənilməsi məqsədilə həmin əmlakın üzərindən həbsin götürülməsini, əmlakın satışına icazə verilməsini istəyirik.

Şəms Məlikzadə də buna etiraz etmir. Həmçinin Rəşad Məlikzadə müharibə veteranıdır. Bu da məsuliyyətinin yüngülləşdirilməsi üçün əsasdır”.

Vəkil daha sonra Rəşad Məlikzadənin cinayət işində olan video çəkilişə baxış keçirilməsini xahiş edib. Vəkil bildirib ki, Rəşad Məlikzadənin həmin videoda 480 min manatın Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin vəzifəli şəxslərinə verməsi barədə danışığı olub.

Rəşad Məlikzadə özü də vəsatətlərin təmin olunmasını istəyib. Bildirib ki, həbs olunamışdan əvvəl həmin əmlakın satılması üçün bir nəfərlə razılığa gəlib: “Amma həmin şəxs Rusiyada olduğu üçün alqı-satqı bir qədər gecikdi. Buna görə də əmlakı satıb dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirə bilmədik”.

Prokuror isə vəsatətə münasibət bildirmək üçün vaxt istəyib. Məhkəmə prokurorun istəyini nəzərə alıb.

Qeyd edək ki, təqsirləndirilən şəxsin barəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar zamanı cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə “N” saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib.

Məlum olub ki, istintaqın əvvəlində 9 milyondan çox mənimsəmədə ittiham olunan Rəşad Məlikzadəyə ziyanı ödəməsi üçün ilk vaxtlar fürsət verilib, sonradan xüsusilə külli miqdar təşkil edən ziyanın ödənilməsi ləngidiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs bu günə kimi 9 milyon 369 min manat vəsaitin cəmi 150 min manatını ödəyib.

Xatırladaq ki, cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Rəşad Məlikzadə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi Nizami Məmmədov və digər şəxslərin cinayət işi üzrə şahid qismində dindirilib. Daha sonra onun barəsində olan cinayət işi üzrə ayrıca icraatda araşdırma aparılıb.

Növbəti proses mayın 29-da davam edəcək.

Bənzər yazılar