Top.Mail.Ru
MANŞET

İrəvan Moskva ilə ipləri TAMAM QOPARIR: Kremlin çevriliş PLANI – FOTO

Dünəndən etibarən Ermənistanda Rusiya televiziya kanallarının yayımı dayandırılıb. İrəvanın bu addımı Moskvada qəzəblə qarşılanıb. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə rəhbərinin birinci müavini, hər zaman ermənipərəst mövqeyi ilə fərqlənən deputat Konstantin Zatulin Ermənistanın baş naziri Nikol Paşinyan barədə çox sərt açıqlamalar verib.

O deyib ki, Paşinyanın hakimiyyətdə qaldığı hər gün Rusiya üçün təhqirdir. Zatulin Paşinyanı anti-Rusiya əhvalı yaratmaqda və nankorluqda suçlayıb. Bildirib ki, Ermənistan adlı bir dövlətin mövcud olması Rusiya sayəsində baş verib. Onun sözlərinə görə, Rusiyanın reytinqi Ermənistanda sürətlə düşür və bunun da səbəbkarı Paşinyandır. Rusiyanın 1-ci kanalı ilə yayımlanan verilişdə iştirak edən digər təhlilçilər də bir ağızdan Paşinyanı və onun hökumətini suçlayıb, hətta onun devrilməsi ehtimalından danışıblar.

Saytların yığılması Saytların yığılması

İrəvanın son addımlarından sonra Moskva baş nazir N.Paşinyanın devrilməsini sürətləndirə bilərmi? Belə bir plan varmı?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki,  Paşinyan hakimiyyətinin Qərb xüsusi xidmət servisləri tərəfindən  idarə olunduğu  artıq şübhə doğurmayan məsələdir.  Onun qənaətincə, hər dəfə ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi, Böyük Britaniyanın M6 kəşfiyyat qrupunun nümayəndələri Ermənistana səfər etdikdən sonra Paşinyanın Rusiyaya qarşı mövqeyi, açıqlamaları və atdığı addımları konkret şəkildə sərtləşir.

Politoloq deyib ki, sonuncu belə bir səfər də MKİ-nin direktor müavini Devid Koen tərəfindən gerçəkləşdirilib: “O, guya baş nazirlə bağlı qapılar arxasında ABŞ-Ermənistan münasibətlərini müzakirə edib. Lakin buna yalnız sadəlövhlər inana bilər. Çünki bu münasibətləri müzakirə etmək Kəşfiyyat İdarəsinin işi deyil. Bunun üçün ABŞ Dövlət Departamenti, onun katibi Antoni Blinken var. Böyük ehtimalla Koen Paşinyana ABŞ-nin yeni təlimatlarını və tapşırıqlarını gətirib. Həmin qapalı görüşdən sonra Paşinyan Rusiya əleyhinə sərt açıqlamalar verib. Ad çəkmədən üstüörtülü şəkildə Belarusu da 2020-ci ildə İkinci Qarabağ savaşından öncə Azərbaycana dəstək verməkdə günahlandırıb”.

E.Xalidbəylinin sözlərinə görə, Ermənistanda Rusiya telekanallarının bağlanması Moskva ilə ipləri qoparmaq niyyətindən xəbər verir: “Bu baxımdan da Rusiyanın siyasi rəhbərləyinin Paşinyan hakimiyyətinə davranışlarından dolayı qəzəblənməsi tamamilə başa düşüləndir. Həqiqətən də Ermənistan adlı uydurma dövlətin mövcudluğu birbaşa Rusiya ilə bağlıdır. Lakin Paşinyan son dövrlərdə Ermənistan cəmiyyətinin Rusiyaya qarşı mövqeyinin dəyişdirilməsinə nail olub. İndi erməni cəmiyyətində rusyönümlü qüvvələr zəiflədilib. Hazırda hələ də davam edən Kilsə qiyamının arxasında da Rusiya xüsusi xidmət servislərinin dayanmış ola biləcəyi istisna deyil. Çünki Rusiya kilsəsi də, “Qarabağ klanı” da Kremlin nəzarəti altında olan alətdir. Bu iki alət erməni diasporunun maliyyəsi ilə Paşinyan hakimiyyətinin devrilməsi, yaxud dəyişdirilməsi istiqamətində bütün addımları atır. Ancaq müşahidə olunan budur ki, Kilsə qiyamı Ermənistanda uğurlu olmadı. Erməni üçlüyü – kilsə, diaspor və “Qarabağ klanı” artıq iflasa uğramaq üzrədir. Böyük ehtimalla hakimiyyət qiyamı yatırmağa nail olacaq. Sonrakı mərhələdə baş nazirin vəd etdiyi kimi, kilsə ümumiyyətlə küncə sıxışdırılıb Ermənistan üçün təsirsiz bir faktora çevrilə bilər. Əgər bu, baş verərsə, “Qarabağ klanı”nın da darmadağın ediləcəyi gözləniləndir. Artıq siyasi olaraq klan erməni cəmiyyətində öz təsirini saxlaya bilməyib”.

Politoloq hesab edir ki, yaxın bir neçə ay ərzində Paşinyan daxili rəqiblərini sıradan çıxara bilər: “Sonrakı mərhələdə Paşinyan erməni diasporunun təsir imkanlarını minimuma endirmiş olacaq. Paşinyan özünün dediyi kimi, “real Ermənistan” proqramının baş tutması istiqamətində daha çox müstəqil və sərbəst qərar qəbuletmə imkanına sahib olacaq”.

E.Xalidbəylinin fikrincə, Rusiyanın artıq Ermənistanda dinc yollarla yaxud siyasi faktorlarla hakimiyyəti dəyişmək imkanları qalmayıb: “Bir variant qalır: ya Ermənistanda Rusiyaya bağlı generallar vasitəsilə ordu siyasətə cəlb edilməli və hakimiyyətə qarşı qiyam qaldıraraq çevrilişə nail olmalıdır. Yaxud da Rusiya Ermənistana hərbi kontingent yeridərək nəzarəti bərpa etməlidir. Bu da inandırıcı görünmür. Əgər bu iki variant gündəmə gəlməyəcəksə, Moskvanın İrəvana qarşı iqtisadi mexanizmlərini işə salacağı istisna deyil. Ermənistana enerji və təbii qazın ixracında müəyyən problemlərin meydana çıxması müşahidə edilə bilər. Rusiya hələlik iqtisadi yollarla Ermənistana təzyiq üsulunu əlində saxlayır”.

Bənzər yazılar