Kamal Aliyev: “Ərdoğan İsveçin NATO üzvlüyünə “HƏ” dedi. Bundan sonra Rusiya-Türkiyə münasibətləri… “

Ortaya sual çıxır: Türkiyə İsveçin NATO üzvü olmasından nə qazanacaq?
Cavab belədir ki, Ankara heç bir şey qazanmayacaq. Ancaq Türkiyə iqtidarına yaxın media yazır ki, İsveç Türkiyənin Avropa İttifaqına üzvlüyünə dəstək verəcək. Ancaq beynəlxalq münasibətlərlə maraqlanan mütəxəsislər bilir ki, Aİ-də əsas söz sahibi Fransa və Almaniyadır. Yəni, bu iki ölkə istəməsə (əslində, istəməyəcəklər də) Türkiyə Aİ-yə daxil ola bilməyəcək.
Digər sual: İsveç PKK və Türkiyənin terror təşkilatı hesab etdiyi FETO üzvlərini Ankaraya təslim edəcəkmi?
Cavab məlumdur: İsveç terror qanununa ən yaxşı halda bəzi dəyişukliklər edəcək.
Reallıq bundan ibarətdir ki, Ərdoğan artıq Ukrayna böhranında “tərəfsiz” deyil, artıq tərəfdir.
Mənim fikirim belədir ki, Ərdoğan əvvəlcədən Qərbin yanında Rusiyaya qarşı olmalıydı. Ancaq “Kasımpaşalı Tayyib siyasətdə “iki stulda” oturmağı sevən və sonda təzyiqlərə tab gətirməyən biridir.
Bir məsələ də mümkündür ki, Ankara İsveçin NATO üzvlüyünə “yaşıl işıq” yandırmaqla, nəhayət ABŞ-dən F-16 qırıcılarını tədarük edə belə. Hətta bu mövzu Vilnüsdə gözlənilən Bayden – Ərdoğan görüşündə müzakirə edilə bilər.
Hal-hazırda digər aktual bir mövzu da budur ki, bundan sonra Rusiya-Türkiyə münasibətləri hansı istiqamətdə seyr edəcək…
Şübhəsiz ki, Rusiya prezidenti Putin Ərdoğanın sonunda təzyiqlərə tab gətirməyəcəyini bilirdi və mümkündür ki, “B” planına sahibdir. Doğrudur, Türkiyə hazırda sanksiyalara məruz qalan Rusiya üçün vacib ölkədir. Lakin Türkiyə Kreml üçün “vazkeçilməz” ölkə də deyil.
Böyük ehtimalla, Moskva Ankaraya təzyiqlərini artıracaq və bu,Suriyadan başlayacaq. Hətta proqnozlaşdırmaq mümkündür ki, ruslar Suriyanın hava sahəsini Türkiyəyə qapadacaq. Daha sonra Türkiyə, Rusiya və İranın təmsil olunduğu və Suriya böhranının siyasi həllini nəzərdə tutan “Astana Formatı” Ankarasız davam edəcək.
Bundan əlavə, Putin böyük ehtimalla Türkiyə səfərini təxirə salacaq, “Taxıl Müqaviləsi”ndən çıxacaq. Mümkündür ki, Moskva Suriyadakı separatçı kürd qruplara dəstəyini artırsın.
Bir sözlə, Putini “aldadan” Ərdoğan Türkiyəsini çətin günlər gözləyir. Görək “Ortadoğu” layihəsinin həmsədri Ərdoğan buna necə cavab verəcək…
Kamal ALİYEV,
Sülh Araşdırmaları İnstitunun rəhbəri, politoloq